SAVAŞDA AİLƏ ƏXLAQI - LAÇIN NÜMUNƏSİ
Adının içində “pir” sözü daşıyan bu qədim yurd təkcə daşdan-divardan ibarət kənd olmayıb. O kənd illərlə öz sinəsində qeyrət, iman, sədaqət və döyüş ruhu böyüdüb. Elə buna görə də deyirlər ki, bəzi torpaqlar insan yetişdirmir — şəxsiyyət yoğurur. Pircahan da məhz belə kəndlərdən idi. O kəndin dağ küləyi ilə böyüyən oğulları bir gün öz talelərini Vətənin taleyinə caladılar. Həsənquliyev qardaşları kimi...
MEHTİQULU KİŞİnin sadə, zəhmətkeş həyatı vardı. Amma onun ən böyük sərvəti nə mal idi, nə mülk. Onun sərvəti yurd sevgisini qanında daşıyan övladları idi. O ocaqda böyüyən oğullar torpağı sadəcə yaşamaq üçün yer saymırdılar — onu namus, qeyrət və vicdan məsələsi hesab edirdilər. Elə buna görə də Həsənquliyevlərin həyatı adi ailə tarixindən çıxaraq bir xalqın yaddaşına çevrilən qəhrəmanlıq dastanı oldu.
İMAN HƏSƏNQULİYEV adı kimi özü də iman qədər möhkəm, dağ qədər səssiz idi.

Onun baxışlarında qəribə bir qətiyyət vardı. Sanki hələ gənc yaşlarından taleyinin hansı səmtə gedəcəyini duyurdu. Sovet ordusunun xüsusi təyinatlı hissəsində xidmət keçməsi onun xarakterini daha da sərtləşdirmişdi. Amma İmanın sərtliyinin içində qəribə bir mərhəmət də yaşayırdı. 1989-cu ildə Xocalıda erməni quldurları avtobusun qarşısını kəsəndə silahsız halda qadınları, uşaqları qorumaq üçün milislərlə birlikdə özünü qabağa verməsi bunu sübut edirdi. Çünki bəzi adamlar silahla yox, ruhuyla döyüşür.
Laçın işğal olunanda çoxları canını götürüb çıxdı. Amma İman geri çəkiləndə belə torpaqdan qopmadı. Qorçu istiqamətinə çəkilsə də, ruhu yenə Pircahanda qalmışdı. O, yanan kəndləri görəndə sanki öz ürəyi alışırdı. Ermənilərin taladığı evlər onun uşaqlığını dağıdırdı. Elə buna görə də bir gün and içdi:
— Mən bu torpağı tərk etməyəcəyəm!
Bu, adi söz deyildi. Bu, bir insanın öz taleyini Vətən torpağına bağlaması idi.
VÜQAR HƏSƏNQULİYEV isə tamam başqa alov idi.

Onun ruhunda üsyan vardı. Azadlıq yanğısı vardı. 20 Yanvar faciəsindən sonra məktəbliləri başına yığıb komsomol biletlərini tonqalda yandırması təsadüfi deyildi. O tonqal əslində sovet imperiyasına qarşı qalxan milli iradənin kiçik bir məşəli idi. Pircahanda qalxan o alov sonralar Laçın dağlarında düşmənə tuşlanan gülləyə çevriləcəkdi.
Yaşı az olduğuna görə onu döyüşə götürmürdülər. Amma Vüqar üçün yaş anlayışı yox idi — Vətən vardı. Şuşa işğal olunandan sonra yenə batalyona gedib döyüşmək istədi. Çünki artıq o nəsil uşaqlığını itirmişdi. Müharibə onları vaxtından əvvəl böyütmüşdü.
713 saylı taborun sıralarında Vüqarın adı qısa zamanda döyüşçü iradəsinin simvollarından birinə çevrildi. Qorçu, Şamkənd, Çorman, Piçənis, Vağazin, Bülüldüz, Hoçazdağ... bu adlar artıq coğrafiya yox, qanla yazılmış qəhrəmanlıq səhifələri idi. Xüsusilə Hoçazdağ uğrunda 28 gün davam edən döyüşlərdə Laçının oğulları sanki qayaların özünə çevrilmişdilər.
Ermənistandan Qarabağa gedən yolu nəzarətə götürən həmin igidlər arasında Vüqar da vardı. O yüksəklikdə yalnız mövqe tutulmurdu — milli ləyaqət qorunurdu.
Həsənquliyev qardaşlarının faciəsi və böyüklüyü də elə burada başlayır...
Bir ailədən üç qardaş — İman, Vüqar və Etibar eyni səngərdə, eyni amal uğrunda döyüşürdülər. Bu, sadəcə ailə nümunəsi deyildi. Bu, Laçın ruhunun özü idi. Çünki Laçında Vətən anlayışı fərdi məsələ olmayıb — ailə əxlaqı olub. 713 saylı taborun daxilində bir neçə qardaşın çiyin-çiyinə döyüşməsi təsadüfi deyildi. O tabor adi hərbi birlik yox, yurd sevgisinin silahlı təcəssümü idi.
Hətta tabor ləğv ediləndən sonra belə onlar geri dönmədilər. Kamran bəy və onun oğlu İmanverdi ilə birlikdə dağlarda qaldılar. Kəlbəcərdə, Laçında, tunellərdə, keçidlərdə, qarın, boranın, aclığın içində son nəfəsəcən döyüşdülər. Onların aqibəti tam bilinməsə də, bilinən bir həqiqət var: onlar əsla təslim olmadılar.
Bəzi insanlar torpaqda yaşayır, bəzi insanlar isə torpağın ruhuna çevrilir.
Bu gün Laçının dağlarına baxanda sanki o ruhların silueti görünür. Dumanın içində addımlayan kölgələr kimi...
Hoçazdağın sərt qayalarında, Bülövlüyün küləyində, Şəlvənin sükutunda onların nəfəsi duyulur. Elə bil o müqəddəs ruhlar hələ də səngərdədir. Hələ də yurd keşiyində dayanıb gecənin qaranlığında Laçına sarı baxırlar.
Pircahana “cahanın piri” statusunu verən də məhz belə oğullar oldu. Çünki pirlik yalnız yaşla ölçülmür. Pirlik müqəddəs ruh deməkdir. O kəndin torpağı şəhid qanıyla yoğrulduğu üçün müqəddəsləşdi. Həsənquliyev qardaşları və onların timsalında yüzlərlə Laçın oğlu Pircahanı sadəcə kənd yox, milli yaddaş məbədinə çevirdi.
Onların qəbri yoxdur...
Qəbirüstü abidələri yoxdur...
Adları yetərincə əbədiləşdirilməyib...
Amma bəzi insanlar daşın üstündə yox, millətin yaddaşında yaşayır. Onların məzarı Laçının dağlarıdır. Abidələri isə uğrunda can verdikləri Vətəndir.
Bu gün o müqəddəs ruhların qarşısında bizim borcumuz təkcə onları anmaq deyil. Onların adını yaşatmaq, onların döyüş ruhunu unutdurmamaq, o müqəddəs yurd sevgisini gələcək nəsillərə ötürməkdir.
Çünki bir xalq şəhidlərini unutduğu gün, öz ruhunu itirər...
Həsənquliyev qardaşları isə artıq təkcə bir ailənin övladları deyil. Onlar Laçının yaddaşı, Pircahanın vicdanı, Azərbaycanın səssiz səngər nəğməsidirlər.
Şəhidlər ölməz.
Ruhları Vətənin səmasında növbə çəkər...
İGİD TEYMURLU
Tv713.az