Tarixin elə günləri var ki, onlar sadəcə təqvimdə qalmır — xalqın taleyinə çevrilir. 18 may da Azərbaycan üçün belə günlərdən biridir.
O gün Laçın işğal olunanda dağlar ilk dəfə bu qədər susdu. Çünki Laçın yalnız bir rayon deyildi; o, Qarabağın nəfəsi, Azərbaycanın dağ yaddaşı idi.
1992-ci ilin 18 mayı minlərlə insanın ömrünü iki hissəyə böldü: Laçından əvvəl və Laçından sonra...
Həmin gün evindən çıxan adamlar əslində sadəcə bir kəndi, bir rayonu tərk etmirdilər. Onlar uşaqlıqlarını, ata ocaqlarını, qapısı açıq qalan evlərini, yarımçıq qalan ömürlərini arxada qoyurdular. Dağ yollarıyla başlayan köç illərlə davam edən mənəvi sürgünə çevrildi.
Laçının işğalı təkcə torpaq itkisi deyildi. Bu, bir xalqın ruhunda açılmış ağır yaraydı. O yara illərlə məktub kimi qatlanıb sandıqlarda saxlanan köhnə şəkillərdə, kənd adları çəkiləndə dolan gözlərdə, “bir gün qayıdacağıq” deyən qocaların səsində yaşadı.
18 may uzun illər Azərbaycanın yaddaşında sükutun tarixi oldu.
Amma tarix bəzən susduğu yerdən danışmağa başlayır...
2020-ci ilin 1 dekabrında Laçın geri qayıdanda sanki o susmuş dağların dili açıldı. İllərlə həsrətə bürünmüş yollar yenidən Vətən nəfəsi duydu. Azərbaycan bayrağı Laçının səmasında dalğalananda təkcə bir şəhər azad olunmadı — 18 mayın içində donub qalmış bir xalqın qüruru ayağa qalxdı.
1 dekabr 18 mayın cavabı idi.
Birində insanlar dağlara baxıb ağlayırdı, o birində həmin dağlara baxıb şəhidlərini xatırlaya-xatırlaya qürur duyurdu. Birində Laçın ayrılığın adı idi, o birində qayıdışın.
Amma qələbənin içində belə qərib bir nisgil qalır...
İnsan öz yurduna portal keçidlərlə, icazə sənədləriylə gedəndə anlayır ki, işğal təkcə torpaqda iz qoymur, insanın ruhunda da sərhədlər yaradır. Çünki doğulduğun yurda qonaq kimi daxil olmaq ağır hissdir. İnsan ata ocağına yol soruşaraq yox, ürəyi aparan kimi getmək istəyir.
Yenə də ən böyük həqiqət budur: Laçın artıq azaddır.
18 mayın qaranlığından çıxan yol 1 dekabrın işığına gəlib çatdı. Və bu xalq illərlə susan dağlara yenidən öz səsini qaytara bildi.
MÜŞFİQ RƏHİMOV
Tv713.az