DataLife Engine / AZƏRBAYANIN ƏN BÖYÜK SÜKUTU: UŞAQ SƏSİ GƏLMƏYƏN EVLƏR

AZƏRBAYANIN ƏN BÖYÜK SÜKUTU: UŞAQ SƏSİ GƏLMƏYƏN EVLƏR








İGİD TEYMURLU




1 İYUN – UŞAQLARIN BAYRAMI, YOXSA DÖVLƏTİN VİCDAN İMTAHANI?




Bu gün yenə şarlar havaya qalxacaq. Yenə tribunalar qurulacaq. Yenə məmurlar "uşaqlar bizim gələcəyimizdir" deyəcək. Yenə sosial şəbəkələr rəngli şəkillərlə dolacaq. Amma bir sual havada asılı qalacaq: Bu ölkə öz uşaqlarına doğrudanmı sahib çıxır?


Çünki uşaqlara dair ən acı həqiqətlər bayram tədbirlərində deyil, uşaq səsi eşidilməyən evlərin səssizliyində gizlənir.
Bu gün mütəxəssislərin konfranslarda səsləndirdiyi qeyri-rəsmi rəqəmlərə görə "Azərbaycanda doğulan hər 7 uşaqdan biri autizm spektr pozuntusu ilə dünyaya gəlir. Və autizmin yayılmasına görə Azərbaycan dünyada 3-cü yerdə dayanır"...

Əgər bu rəqəm həqiqətə yaxındırsa, artıq söhbət ayrı-ayrı ailələrin problemindən yox, milli təhlükəsizlik səviyyəsində sosial fəlakətdən gedir. Amma görünən odur ki, faciənin böyüklüyü ilə dövlət qayğısının ölçüsü arasında uçurum var.

Autizmli uşağın reabilitasiyası bir aylıq deyil, bir ömürlük mübarizədir. Və Sizin bu reabilitasiya mərkəzlərindəki qiymətlərdən xəbəriniz varmı? Müəllimin 5 aylıq əmək haqqı orada bir aylıq ödənişdir - ən ucuzunda. Belə həssas sahəni özəl müəssisələrə həvalə edən dövlət öz vətəndaçına sahib çıxmır dolayı yolla...
Bu uşaqların təhsili, terapiyası, nəqliyyatı, gündəlik qayğısı minlərlə manat tələb etdiyi halda, 180 manatlıq müavinətin "sosial müdafiə" kimi təqdim olunması artıq istehzanın dövlət səviyyəsinə qaldırılmasıdır.

Bu, qayğı deyil.
Bu, vətəndaşın dərdini məsxərəyə çevirməkdir.

Daha qəribəsi odur ki, bu vəziyyətdə belə Günay Ağamalı kimi, "Mirşahin" deyilən Şahin Ağayev kimi səsləndirdikləri ayıblarından utanmayanlar hələ bir "uşaq pulu verilməsin" də deyirlər.

Bu, o Günaydır ki, deputat olana qədər işlətdiyi "Buta" adlanan uşaq bağçasında aylıq ödəniş hər uşağa görə 600-800 manat idi. Amma onunla müqayisədə dövlət bağçasında işləyən, bakalavr və magistr təhsilli tərbiyəçi müəllimin əmək haqqı da 380 manat! Bundan danış e, dədəsinin yanında yatanlara rəhmət oxutduran ağanın malı.

Minlərlə manat maaş alanlar, bahalı kabinetlərdə əyləşənlər, övladını özəl məktəblərdə oxudanlar, xüsusi qayğıya ehtiyacı olan uşağın bir günlük xərcini belə bilməyənlər kasıb və dərdli ailələrə məhz öz əxlaqlarını nümayiş etdirirmişcəsinə öyüd verməyə çalışırlar.

Sanki bu ölkədə uşaq böyütmək yox, sadəcə nəfəs almaq kifayətdir.

Sanki autizmli uşağın valideyni hər gün övladının gələcəyi üçün deyil, hansısa statistik cədvəlin içində yaşayır.

Ən ağır sual isə budur: Sabah həmin valideyn olmayanda nə olacaq?

Öz ehtiyacını ifadə edə bilməyən, tək yaşamağı bacarmayan minlərlə autizmli uşağın taleyini kim daşıyacaq?

180 manatla bu uşaq nə edəcək?

Yaxud, dövlət bu gün sahib çıxmadığı uşağa hansı haqla Vətən borcunu diktə edəcək?

Bu suala cavab verən yoxdur. Amma hesabatlar var. Tədbirlər var. Bayram təbrikləri var. Azərbaycan uşaqları haqqında statistik məcmuələr var.

Lakin rəqəmlərin görünməyən tərəfi də var. Orada müharibənin əlindən uşaqlığı alınmış talelər yaşayır. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda bu ölkə yalnız şəhid vermədi.

Uşaqlar atasını itirdi.
Anasını itirdi.
Evini itirdi.
Təhlükəsizlik hissini itirdi.
Bəziləri isə uşaqlığını itirdi.

Çünki müharibə yalnız cəbhədə vurulan güllə deyil. Müharibə şəhid xəbərindən sonra bir gecənin içində böyüyən uşağın taleyidir. Müharibə qaçqın düşən körpənin yaddaşında ömürlük qalan qorxudur. Müharibə partlayış səsləri ilə yatıb böyüyən nəslin psixologiyasıdır.

Bu gün ölkədə minlərlə sağlamlıq imkanları məhdud uşaq yaşayır. Minlərlə uşaq keyfiyyətli təhsildən uzaqdır. Minlərlə ailə reabilitasiya mərkəzinə çatmaq üçün kilometrlərlə yol qət edir.
Minlərlə uşaq sosial şəbəkələrdə, küçədə, məktəbdə görünməyən zorakılığın hədəfinə çevrilir.

Və ən acısı...

Bu ölkədə hələ də uşaq olmaqdan əvvəl yaşamaq uğrunda mübarizə aparan uşaqlar var.

BMT konvensiyaları, dövlət proqramları, qanunlar və strategiyalar vacibdir. Amma uşağın taleyi qanun kitablarında yox, həyatın içində həll olunur. Çünki uşaq hüquqları hesabat mövzusu deyil, bu, dövlətin mənəvi pasportudur.

Bir ölkənin gələcəyini neft quyuları müəyyən etmir, onu uşaq otaqları müəyyən edir. Bir dövlətin gücü hərbi paradlarda yox, məktəb partalarının arxasında ölçülür. Bir millətin böyüklüyü isə göydələnlərinin hündürlüyü ilə deyil, uşaqlarının üzündəki təbəssümün səmimiyyəti ilə müəyyən olunur.

Bu gün uşaqları təbrik etmək çox asandır.

Çətin olan onların haqqını qorumaqdır.

Çətin olan autizmli övladını qucağında daşıyan ananın yükünü paylaşmaqdır.

Çətin olan şəhid övladının gözündəki boşluğu görməkdir.

Çətin olan uşaq səsi gəlməyən evlərin səssizliyini eşitməkdir.

Çünki hər statistikanın arxasında bir insan taleyi dayanır.

Hər taleyin arxasında bir uşaq.

Hər uşağın arxasında isə bir dövlətin vicdanı.

Və bu gün – 1 İyun – əslində uşaqların yox, həmin vicdanın imtahan günüdür.

1-06-2026, 09:36
Вернуться назад