DataLife Engine / YADDAŞIN SEÇİMİ: KİM QƏHRƏMAN, KİM UNUDULAN?

YADDAŞIN SEÇİMİ: KİM QƏHRƏMAN, KİM UNUDULAN?






İGİD TEYMURLU




TARİXİ YADDAŞDA ƏDALƏT OLMAYANDA, BƏZİ ADLAR GÖYƏ QALXIR, BƏZİLƏRİ SƏSSİZLİKDƏ İTİR



Millətin yaddaşı həm müqəddəs bir xəzinədir, həm də böyük bir məsuliyyətdir. Çünki yaddaş yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə hansı dəyərləri ötürmək məsələsidir.

Azərbaycanın müharibə tarixində çox sayda qəhrəman var. Onların hər birinin taleyi, döyüş yolu və şəhidliyi ayrıca bir kitab mövzusudur. Lakin bəzən cəmiyyətin yaddaşında bəzi adlar xüsusi yüksəliş qazanır, bəziləri isə zamanın tozlu səhifələrində qalır.

Albert Aqarunovun adı da bu baxımdan xüsusi yer tutur. Onun da qəhrəmanlığı şübhəsizdir. O da bir tankçı kimi döyüş meydanında göstərdiyi igidliklə Azərbaycanın müasir tarixinin simvollarından birinə çevrilib. Onun da şəhidliyi həm hərbi hünər, həm də mənəvi seçim nümunəsi kimi qəbul edilib.

Amma burada bir sual yaranır: qəhrəmanlıq ölçüsünü müəyyən edən nədir? Döyüş meydanında göstərilən cəsarətmi, yoxsa həmin şəxsin sonradan hansısa mətbu, siyasi və ictimai yaddaş mexanizmləri ilə daha çox önə çıxarılması? Təəssüflər olsun ki, Azərbaycan gerçəkliyində biz belə önə çıxarılmaların daha çox şahidi oluruq..

Axı eyni torpaq uğrunda canından keçən başqa qəhrəmanlarımız da var. Onların adları bəzən böyük tribunaların, rəsmi mərasimlərin və ictimai müzakirələrin, mətbu dairələrin nəinki mərkəzinə çatmır, heç adları belə çoxları tərəfindən tanınmır. Nədir bu ayrıseçkilik?

Xocalı faciəsinin ilk görüntülərini lentə alan Seyidağa Mövsümlünün gördüyü iş də bu xalqın yaddaşında xüsusi yer tutmalıdır. O görüntülər yalnız bir çəkiliş deyildi; onlar bir xalqın yaşadığı faciənin dünyaya sübutu idi. Həmin anların lentə alınması da tarix qarşısında bir xidmət idi. Ancaq nədənsə Seyidağadan daha çox Çingiz Mustafayev faktoru ətrafında müzakirələr qurulur?..

Eləcə də Monte Melkumyan məsələsində sosial şəbəkə üzərindən irəli sürülən iddialar...

Eləcə də 1992-ci ildə könüllü olaraq Vətən Savaşında qəhrəmanlıq səlnaməsi yazan 713 saylı taborun keçdiyi döyüş yoluna salınan kölgələr...

Eləcə də düşmənə qarşı son nəfəsinə qədər savaşan, adı geniş kütlələrə çatmayan neçə-neçə Şəhidimizin haqqı var. Bəzən görünən qəhrəmanlıq görünməyən fədakarlıqların üstünü örtür.

Burada məsələ Albert Aqarunovun, yaxud digərlərinin haqqını azaltmaq deyil. Əksinə, məsələ ondan ibarətdir ki, gəlin bir qəhrəmanı ucaldarkən digər qəhrəmanların unudulmasına yol verməyək.

Tarixdə belə nümunələr çoxdur: siyasi münasibətlər, beynəlxalq maraqlar və diplomatik hesablamalar bəzən hansı hadisələrin daha çox xatırlanacağını, hansının isə kölgədə qalacağını müəyyən edir. Dövlətlər arasında münasibətlər əbədi dostluq deyil, zamanın şərtlərinə uyğun qurulan maraq münasibətləridir. Amma xalqın yaddaşı siyasi konjukturaya əsir düşməməlidir.

Bir başqa təhlükə də tarixi faktların emosional və siyasi iddiaların kölgəsində qalmasıdır. Hər bir xalqın keçmişi miflər və qarşılıqlı ittihamlarla deyil, sənədlər və elmi araşdırmalarla qiymətləndirilməlidir. Tarixə sahib çıxmaq, onu istədiyimiz kimi dəyişmək deyil, olduğu kimi anlamaqdır.

Bir müddət öncə indi canıyla əlləşən ünlü yazarlarımızdan olan ƏVƏZ ZEYNALLI Hitlerin "Mənim mübarizəm" kitabını azərbaycan türkcəsinə çevirib nəşr etdirmişdi. Bax onda Şəhidimiz Aqarunovun da təmsil olunduğu yəhudi icması Əvəz bəyi məhkəməyə vermişdi. Və onlar məhkəmədə iddia edirdilər ki, "bu kitab hansı dildə olursa olsun, bircə azərbaycan türkcəsində olmasın" deyirdilər. Sual olunur: nədən? Nədən yəhudi icması biz türkləri hər şeyi olduğu kimi anlamağa mane olurdular? Azərbaycan türkcəsinə olan belə münasibətin kökündə nələr dayanırdı?..

Bu gün əsas məsələ budur: biz qəhrəmanlarımızı, reallığı hansı meyarla seçirik?

Əgər meyar Vətənə sədaqət, insanlıq və fədakarlıqdırsa, onda bu meyar hamıya eyni tətbiq edilməlidir. Şəhidlərin arasında məşhur olan da var, adı az tanınan da. Amma torpağa düşən hər bir canın dəyəri eynidir.

Çünki şəhidlik şöhrət yarışması deyil.

Əsl milli yaddaş bir neçə adı ucaldıb qalanlarını unutmaq deyil. Əsl yaddaş hər bir qəhrəmanın haqqını tanımaq, tarix qarşısında ədalətli olmaqdır.

Unudulan qəhrəmanların səssizliyi bəzən ən böyük tarix dərsidir.
1-07-2026, 19:29
Вернуться назад