İGİD TEYMURLU
BİR RAYON NİYƏ ÖZ TALEYİNƏ TƏRK EDİLİB?
Yardımlının faciəsi yoxsulluğu deyil, onu müdafiə edəcək iradənin və təşəbbüsün sistemli şəkildə yoxluğudur.
Sosial şəbəkədə əslən Yardımlıdan olan alim, dr. Şəhla Aslanın bir yazısı qarşıma çıxdı. Yazının mərkəzində sadə görünən, amma əslində illərin ağrısını özündə daşıyan bir sual vardı: Niyə Yardımlı ölkə miqyaslı tədbirlərin ünvanına çevrilmir?
Bu sual əslində təkcə bir rayon haqqında deyil. Bu, dövlətin bölgələrə münasibəti, yerli elitanın məsuliyyəti və Yardımlının öz taleyinə sahib çıxıb-çıxmaması barədə sualdır.
Mən başqa məqamları bir kənara qoyuram.
Yardımlı Azərbaycanın müstəqilliyi uğrunda səs vermiş üç istiqlalçı deputat yetişdirib – Sabir Rüstəmxanlı, Mətləb Mütəllimli və Mirmahmud Mirəlioğlu. Müstəqillik uğrunda həyatını riskə atan üç Kişi...
Bəs onların müstəqillik qazandırdığı Azərbaycanın hakim elitası bu gün Yardımlıya hansı dəyəri verir?
Bu sualın cavabı acıdır.
Şəhla xanım əslində çox gecikmiş, amma son dərəcə vacib bir mövzuya toxunub. Mən bu məsələnin dərin qatlarına enə bilərəm. Ancaq ensəm, elə faktlar var ki, çoxlarının siyasi və mənəvi rahatlığını pozar. Hələlik onların bostanına daş atmıram. Onsuz da bu problemləri illərlə dilə gətirdiyim üçün kifayət qədər daş yemişəm.
Mən dəfələrlə bunu türk dünyasının ünlü aydınlarından biri Sabir Rüstəmxanlı və fəaliyyəti baxımından Sahibə Qafarova deputatxanasının işçilərindən olan Musa Qasımlıya sosial şəbəkə üzərindən söyləmişəm: "Əfəndilər, Yardımlı Bakıya gələndə təkcə Viləşin sağ sahilindən ibarət deyil, o çayın getmədiyiniz, gəlmədiyiniz, problemlərilə maraqlanmadığınız sol sahilində dı tırk edilmiş yurd yerlərimiz var."
Bunu Yardımlıdan çıxmış tanınmış siyasətçilərə, vəzifə sahiblərinə, deputatlara, iş adamlarına, yerli idarəçilərə də demişəm. Amma görünən odur ki, çoxları üçün Yardımlı doğulduğu yer yox, sadəcə şəxsiyyət vəsiqəsində yazılan ünvan olaraq qalıb.
Bəli, əsas problem burada hansısa tədbirin keçirilib-keçirilməməsi deyil.
Əsas problem odur ki, Yardımlının adını ölkə gündəminə çıxaracaq uzunmüddətli strategiya heç vaxt qurulmayıb.
Bəs niyə?
Çünki rayonu təmsil edənlərin böyük hissəsi təmsil etdikləri rayonu yox, tutduqları kreslonu qorumaqla məşğuldurlar. Çünki Yardımlının örüşü hər zaman emiqrant eşşəklərin oylağına çevrilib.
Bu gün Yardımlının səhiyyəsi, təhsili, kənd təsərrüfatı, sənayesi və sosial infrastrukturu qonşu rayonlarla müqayisədə sıfır vəziyyətindədir.
Rayonu təmsil edən deputat bu problemlərin hansı birini Milli Məclisdə prinsipial şəkildə qaldırıb? Qaldırıbsa, qoy ortaya qoysun baxaq. Və nəticə hanı?
Yardımlıdan söhbət düşən kimi hamı mollalardan, seyidlərdən, dilənçilərdən, narkotikadan və hansısa "talış yurdu"ndan, hansısa "talış meşələri"ndən danışır. O zonada yerləşən istirahət məkanlarına gedəndə "bələdçilər" sənə "talışların möhtəşəm Qız qalası"ndan söhbət açır. Heç kimə sübut edə bilmirsən ki, qardaşım Yardımlı oğuzların ən qədim yaşayış məskənlərindən birdir. "Qız qalası" abidəsi Yardımlının simvollarından biridir. Nə "talış yurdu", nə "talış meşəsi"? Bu nə ifadədir axı? Təsəvvür eləyin: ləzgi meşələri, avar meşələri, ingiloy meşələri....Belə də ifadə olar. Görünən bu ki, olur. Çünki "qafqazşünas"lığa meyil salan Musa Qasımlı kimi tarixçimiz var. O da tarix müəllimim olmuş rəhmətlik Heybət Gülümov düşüncəsində olsaydı, bu suallar çoxdan həllini tapmışdı...
Yaxud adına yəhudilərin "mir" sözünü belə demək mümkünsə, "siğə" edən "Real" çı Şahin Ağayev olsun.
Rayonun problemləri barədə neçə dəfə danışıb bu adam?
Şahin Ağayevin nitqlərində eşitdiyimiz yalnız "Ata Dövlət", "Ana Vətən" ritorikasıdır. Amma doğulduğu rayonun adı gələndə sükut başlayır.
Çünki həmin sükut Ağayevin şəxsi rahatlığının qiymətidir...
Bu gün Odurağaran kəndinin sakinləri hələ də problemlərinə görə Sabir Rüstəmxanlıya o ki, var qarğış edirlər. Elə bilirlər ki, deputatları hələ də odur. Bu da illərlə yaradılmış yanlış ictimai təsəvvürün və qeybə çəkilən Musa Qasımlının fəaliyyətinin nəticəsidir...
Qonşu rayonlara baxın. Mədəniyyət mərkəzi olan kim, keçirilən festivallarla önə çıxan kim, öz simvolu olan, mədəni hadisələrə şahidlik edən kim, musiqisi ilə, xalçası ilə, çayı ilə, tarixi ilə öyünən kim...
Di gəl ki, Yardımlının isə bunların hamısını yaratmağa potensialı olduğu halda, onu vahid ideyaya çevirəcək iradəsi yoxdur.
Çünki bu rayonda illərlə təşəbbüsün qarşısı alınıb, yaltaqlıq isə mükafatlandırılıb, təhsili məhv edilib.
Bunca illər ərzində Ayaz Əsgərov icra başçısı olaraq bir stadionu normal vəziyyətə gətirib idmanın inkişafına töhvə verə bilməyibsə, əlbəttə ki, o rayonda cəhalət, mövhumat, narkomaniya baş alıb gedəcək.
Böyük layihələr həmişə Bakıda doğulmur.
Bir çox rayonlarda ilk festivalı, ilk kitab gününü, ilk forumu yerli ziyalılar, müəllimlər, sahibkarlar və ictimai fəallar başladıb. Sonra dövlət də dəstək verib və həmin təşəbbüslər ənənəyə çevrilib.
Yardımlıda isə çoxları elə mənm kimi ilk addımı başqasından gözləyir.
Daha bir acı həqiqət...
Yardımlının alimləri, ziyalıları, sənət adamları və qələm sahibləri lazımi səviyyədə təqdim edilmir. Onların böyük hissəsi də doğulduqları rayona mənəvi borclarını qaytarmaq barədə düşünmür. Onları düşündürən pul, para, vəzifə hərisliyi və şöhrətdən başqa heç bir şey deyildir. Azərbaycan jurnalstikasının ən ünlü isimləri içərisində tanıdığım onlarla Yardımlı kökənli qələm sahibi var ki, özlərini hakim elitanın çətiri altında etibarlı sığınacağa verib orden, medal, ev almaqla məşğuldular. Bu, dövləti sevmək deyil. Bu, öz cavabdehlik və məsuliyyət hissindən qaçmaqdır.
Halbuki rayonun adı kitablarla, yazılarla, filmlərlə, elmi konfranslarla, yubileylərlə, forumlarla yaşayır. Halbuki bu gün Yardımlı bütün növ fəlakətin girdabında can çürüdür. Bakının qumsallarında ağac əkib gözə girənlərin heç biri yazmır ki, ə kişi, Yardımlının öyündüyü meşələrdən bu gün qazsızlıqdan əsər əlamət qalmayıb e! Yardımlı belə getsə yaxın illərdə öz rayon statusunu da itirəcək. Bakının qul bazarları, daş karxanaları yardımlılarla doludur.
Öz dəyərini təqdim etməyən rayonun başqası tərəfindən təqdim olunacağını gözləməsi sadəlövhlükdür.
Azərbaycanda eyni coğrafi şəraitdə yerləşən qonşu rayonlar başdan başa qazlaşdırılıb, asfaltlaşdırılıb, əhalisi yerində, turizmi, festivalları və mədəni layihələri ilə ölkənin diqqətini cəlb edə bilib, Yardımlı isə hər şeydən məhrumdur, kəndlərdə it ulayır, çaqqal-çuqqal doluşub yiyəsiz kəndlərə. İdarə və təşkilatların inzibati binaları yazılası mümkün olmayan formatdadır, məktəblər şagird üzünə həsrətdir, kəndlər bomboşdur, bir dənə iş yeri yoxdur rayonda... yazın da bundan...
Rayon həm də yaradılan ictimai rəylə yaşayır. Hanı o rəylər?
Yardımlı bu gün ölkə gündəmində yoxdursa, bu, həm də informasiya və mədəniyyət siyasətinin iflasıdır. Bu da ilk növbədə susan ziyalıların, susan jurnalistlərin, susan məmurların və susan deputatların günahıdır!
Pul, vəzifə və şəxsi rahatlıq naminə susmaq da bəzən rayonun geriləməsinə verilən ən böyük siyasi dəstək olur...
Şəhla Aslanın sualı bizi yenidən başlanğıca qaytarır. Niyə Yardımlı ölkə miqyaslı tədbirlərin ünvanına çevrilmir?
Çünki məsələ tədbirdə deyil.
Məsələ rayonu sevənlərin azlığında, sevirmiş kimi görünənlərin çoxluğundadır.
Yardımlının problemi diqqət çatışmazlığı deyil, Yardımlının problemi iradə çatışmazlığıdır. İradə olmayanda strategiya yaranmır. Strategiya olmayanda təşəbbüs doğulmur. Təşəbbüs olmayanda isə nə festival olur, nə forum, nə də ölkə gündəmi. Diqqət isə heç vaxt sükutun arxasınca gəlmir. Diqqət həmişə hərəkətin arxasınca gəlir...