İGİD TEYMURLU
Uşağın başındakı örtükdən əvvəl, cəmiyyətin qarşısındakı mənzərəyə baxmaq lazımdır
"Əxlaqın qorunması" (!? - müəllif) adı ilə hicabı hədəfə çevirmək, məktəbli uşağın başındakı örtüyü onun azadlığına təhlükə kimi təqdim etmək başqa məsələdir.
Cəmiyyətdə uşağın əxlaqını pozan, dünyagörüşünü korlayan, mənəviyyatına təsir edən o qədər ciddi problem var ki, adam təəccüblənir: niyə gəlib bütün bunların içərisindən məhz hicaba ilişib qalmışıq?
Sosial şəbəkələrdə uşaqların qarşısına çıxan nəzarətsiz görüntülər, vulqar məzmunlar, zorakılıq, narkotik təbliğatı, ailə daxilində baş verən mənəvi problemlər, küçələrdəki davranışlar, bəzi televiziya və internet materialları...
Bunların hər biri müzakirə mövzusudur.
Amma nədənsə söhbət uşağın əxlaqından düşəndə hicab birdən-birə əsas problemə çevrilir.
Niyə?
Bir qız uşağının başını örtməsi avtomatik olaraq onun azad iradəsinin olmadığını göstərir?
Əgər “ailəsi təsir edib” deyə düşünürüksə, onda başqa sual meydana çıxır: uşağın başını açdıran zaman ona təsir edən kimdir?
Təsir yalnız hicab bağlamaqdırmı?
Uşağa “başını ört” demək təzyiqdirsə, “başını aç” demək niyə təzyiq hesab olunmur?
Azadlıq yalnız bir istiqamətdə işləyən anlayış deyil.
Əgər biz uşağın seçim hüququndan danışırıqsa, onun seçimini əvvəlcədən özümüz müəyyənləşdirib sonra da bunu “azadlıq” adlandırmaq düzgün deyil.
Üstəlik, bir uşağın həyatında ən böyük təsir qüvvəsi onun ailəsidir. Anası, atası, bacısı, qardaşı, nənəsi, babası... Uşaq ilk sözünü, ilk davranışını, ilk dəyər anlayışını məhz onlardan götürür.
Bəs niyə valideynin uşağa dediyi söz avtomatik olaraq “təzyiq” kimi təqdim edilir, amma başqa bir mühitin təsiri “azad seçim” adlandırılır?
Məsələni bir qədər də sadələşdirək.
Hicab taxan hər qız tərbiyəlidir? Xeyr.
Hicab taxmayan hər qız əxlaqsızdır? Əlbəttə, xeyr.
Deməli, əxlaqın ölçüsü hicab da deyil, hicabsızlıq da.
Onda gəlin hicabı əxlaqın düşməni kimi təqdim etməyək.
Hicab milyonlarla insan üçün dini inancın, mənəvi seçimin və şəxsi həyat tərzinin bir ifadəsidir. Kiminsə bu seçimlə razılaşıb-razılaşmaması başqa məsələdir. Amma onu avtomatik olaraq “uşağın azadlığına təhlükə” kimi təqdim etmək artıq fərqli mövqedir.
Bir də “uşağın dünyagörüşü formalaşmayıb” arqumenti var.
Bəli, formalaşmayıb. Elə ona görə də uşağa düşünməyi, seçim etməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı öyrətmək lazımdır. Onun əvəzinə düşünmək yox.
Məktəb bilik verməlidir. Ailə dəyər verməlidir. Dövlət qayda müəyyən edə bilər. Amma bütün bunların içərisində uşağın şəxsiyyətinə və ailənin hüquqlarına da hörmət edilməlidir.
Ən əsası isə budur:
Uşağın əxlaqını onun başında axtarmayın.
Əxlaq baş örtüyünün altında gizlənmir. Əxlaq insanın davranışında görünür.
Başında hicab olan bir insanın vicdanlı olub-olmadığını baş örtüyü müəyyən etmir. Başında hicab olmayan bir insanın da əxlaqını onun geyimi müəyyən etmir.
Ona görə də cəmiyyətdə bu qədər real problem varkən, gəlib bir qız uşağının başındakı örtüyü “əxlaq problemi” kimi təqdim etmək, ən azı, müzakirənin istiqamətini yanlış yerə yönəltməkdir.
Hicaba qarşı aqressiyanı qəbul etmirəm.
Çünki azadlıq yalnız bizim bəyəndiyimiz seçimin azadlığı deyil.
Əgər həqiqətən uşağın azadlığını düşünürüksə, əvvəlcə ona seçim haqqının nə olduğunu öyrətməliyik.
Sonra da onun seçiminə hörmət etməyi bacarmalıyıq.