İGİD TEYMURLU
QIZIL ALMAYA GEDƏN YOL BAKIDAN KEÇİR!
Bəzən insanı düşmənin təhdidindən daha çox, qardaş bildiyinin dilindən çıxan söz yaralayır. Çünki düşmənin mövqeyi bəllidir. Qardaşlıq pərdəsi altında səsləndirilən ultimatum, təhqir və siyasi ağalıq iddiası isə münasibətlərin təməlinə zərbə vurur.
Son dövrlər Türkiyənin sosial şəbəkələrində Azərbaycana, Azərbaycan dövlətçiliyinə, siyasi rəhbərliyinə və Prezident İlham Əliyevə qarşı səsləndirilən bəzi fikirlər ciddi narahatlıq doğurur. Siyasi polemika adı altında dövlət başçısının təhqir edilməsi, Azərbaycan xalqına yuxarıdan aşağı baxılması, ölkəmizin daxili siyasətinə istiqamət vermək cəhdləri və hətta açıq təhdid ritorikası artıq adi fikir mübadiləsi çərçivəsinə sığmır.
Əfəndilər, ortalıqda olan bir prinsipial məsələni unutmayın: Azərbaycan müstəqil dövlətdir!
Onun Prezidenti, Konstitusiyası, milli maraqları, dövlətçilik ənənələri və müstəqil qərarvermə hüququ var. Bu dövlət heç kimin siyasi ambisiyalarının, ideoloji layihələrinin və ya ictimai şəbəkə təzyiqlərinin hədəfinə çevrilə bilməz.
Kimlərəsə xatırlatmaq lazımdır: Azərbaycanla danışmaq başqa şeydir, Azərbaycana əmr verməyə çalışmaq başqa!
Bir dövlətin rəhbərini təhqir etmək, ortaq tariximizə ikili standartlarla yanaşmaq, xalqını aşağılamaq, suveren qərarlarına görə onu mühakimə etmək nə siyasi cəsarətdir, nə də qardaşlıq nümunəsi. Dövlətlərarası münasibətlərin öz etikası, beynəlxalq hüququn öz prinsipləri var.
Qardaşlıq itaət deyil, bərabərhüquqlu tərəfdaşlıqdır!
«Bir millət, iki dövlət!» deyirik. Ancaq görünür, bəziləri bu şüarın ikinci hissəsini unutmağa başlayıb: İKİ DÖVLƏT!
İki dövlətin hər birinin öz suverenliyi, öz siyasi iradəsi, öz milli maraqları və müstəqil qərarvermə hüququ var.
Türkiyə Azərbaycanın ağası deyil. Azərbaycan da Türkiyənin siyasi tabeliyində olan dövlət deyil. Bizim münasibətlərimizin mahiyyəti birinin digərinə hökm etməsi yox, iki müstəqil dövlətin strateji tərəfdaşlığıdır.
Qardaşlıq bir-birinin iradəsinə hörmət etməkdir. Qardaşlıq qarşı tərəfin müstəqilliyini qəbul etməkdir. Qardaşlıq siyasi fikir ayrılığı yarandıqda təhdidə deyil, dialoqa üstünlük verməkdir.
Əgər kimlərsə qardaşlığı itaət, həmrəyliyi tabeçilik, strateji tərəfdaşlığı isə siyasi ağalıq kimi başa düşürsə, problem Azərbaycan-Türkiyə münasibətlərində deyil, onların qardaşlıq anlayışındadır.
ƏFƏNDİLƏR, ÖZƏLLİKLƏ TÜRKİYƏDƏKİ "YENİ ŞƏFƏQ" QƏZETİNİN YAZARI AYDIN ÜNAL, tarixi yalnız özünüzə sərf edən səhifələrdən oxumayın!
Azərbaycan xalqına tarix dərsi keçmək istəyənlərə tariximizin bəzi səhifələrini xatırlatmaq lazımdır.
"...Azərbaycan yox idi..." deyən Aydın Ünal, tarixi bilmirsən və bilmirsənsə sus! İslam və türk dünyasında ilk demokratik cümhuriyyəti quran məhz Azərbaycan oldu. O zaman, yəni, 1918-ci ildə bəs türkiyə hansı durumdaydı, özün danış...
Bəli, 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki tarixi rolunu heç kim inkar etmir. Türk əsgərinin Azərbaycan torpağında tökülən qanı ortaq tariximizin şərəfli səhifəsidir. Digər təfərrüatlara toxunmasaq da, bu fədakarlıq Azərbaycan xalqının yaddaşında yaşayır.
Ancaq tarix yalnız Nuru paşanın Bakıya gəlişindən ibarət deyil!
Bəs Çanaqqala döyüşlərində Osmanlı dövlətinin müdafiəsi uğrunda vuruşan azərbaycanlı könüllülər? Bəs türk torpaqlarının müdafiəsi üçün canından keçən azərbaycanlılar? Bəs Birinci Dünya müharibəsi illərində Nargin adasında saxlanılan Osmanlı əsirlərinin xilas edilməsi uğrunda mübarizə aparan Azərbaycan ziyalıları, xeyriyyəçiləri və ictimai xadimləri?
Niyə bu tarixdən danışmırsınız?
Niyə Azərbaycan xalqının türk dünyasının taleyinə verdiyi töhfələri xatırlamaq istəmirsiniz?
Tarixi birtərəfli təqdim etməklə heç kim özünə siyasi üstünlük yarada bilməz. Ortaq tarix qarşılıqlı fədakarlıqların, ağrıların və məsuliyyətin tarixidir.
Bəs Nəriman Nərimanov?
1921-ci ildə Türkiyənin istiqlal mübarizəsinə sovet Azərbaycanı tərəfindən göstərilən maddi və mənəvi yardım da tariximizin mühüm səhifəsidir. Türkiyəyə qızıl, neft və digər resurslarla dəstək verilməsi Azərbaycan xalqının qardaşlıq münasibətinin konkret ifadəsi idi.
Nərimanovun Atatürkə ünvanladığı məktubla əlaqələndirilən məşhur fikir bu münasibətin fəlsəfəsini ifadə edir:
«Qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar!»
Bax, qardaşlıq budur!
Əfəndilər, sizsə əlindən tutduğunuz qardaşınızın başına vurursunuz!
Azərbaycan Türkiyəyə yardım edərkən siyasi itaət tələb etmirdi. Gələcəkdə Türkiyənin daxili və xarici siyasətinə müdaxilə etmək hüququ qazandığını düşünmürdü. Heç bir siyasi ağalıq iddiası irəli sürmürdü.
Elə isə bu gün kimlərəsə nə olub ki, keçmişdəki qardaşlıq yardımlarını indiki dövrdə siyasi üstünlük iddiasına çevirməyə çalışırlar?
Tarix minnət qoymaq üçün deyil, qarşılıqlı hörmətin dəyərini anlamaq üçün öyrənilməlidir.
1918-ci ilin sentyabrını xatırladanlar 1920-ci ilin aprelini də unutmasınlar. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu, bolşevik işğalını və müstəqilliyimizin itirilməsini də tarixi yaddaşın bir hissəsi kimi qəbul etsinlər.
Bu hadisələri xatırlatmaq Türkiyə xalqına düşmənçilik deyil. Tarixə bütöv yanaşmaqdır. Keçmişin mürəkkəb siyasi proseslərini müzakirə etmək heç bir xalqa qarşı düşmənçilik sayıla bilməz.
Tarix heç kimin siyasi toxunulmazlıq sənədi deyil!
Azərbaycan daxili siyasətini heç kimə həvalə etməyəcək!
Məsələnin daha ciddi tərəfi bəzi şəxslərin ritorikasının Azərbaycan Respublikasının daxili siyasətinə müdaxilə cəhdlərinə çevrilməsidir.
Məktəbli geyimi, dini geyim, təhsil siyasəti, dövlət-din münasibətləri və hüquqi tənzimləmələr Azərbaycanın öz daxilində müzakirə edilməli məsələlərdir.
Bu qərarları tənqid etmək olar. Onlara alternativ təkliflər vermək olar. Azərbaycan dövlətinin siyasətini bəyənməmək də mümkündür. Ancaq başqa dövlətin rəhbərininin ünvanına təhqir yağdırmaq və dini həssaslıqlardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək qəbuledilməzdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin 21 oktyabr tarixində 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil etməsi ilə bağlı qərar da bu kontekstdə qiymətləndirilməlidir. Həmin qərarın hüquqi əsasları, tətbiq mexanizmi və siyasi nəticələri ayrıca müzakirə edilə bilər. Lakin bir prinsip dəyişməzdir: Azərbaycan öz suverenliyini və konstitusiya quruluşunu qorumaq hüququna malikdir.
Heç bir xarici vətəndaş Azərbaycan qanunlarından üstün deyil.
Eyni zamanda, Azərbaycan vətəndaşlarının da Türkiyənin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur.
Suverenlik qarşılıqlı prinsipdir. Onu yalnız özümüz üçün tələb edib başqası üçün inkar edə bilmərik.
Türkiyə xalqı qardaşımızdır, amma təhqir qarşısında susmaq məcburiyyətində deyilik!
Burada çox mühüm bir fərqi qorumaq lazımdır: Türkiyədə sosial şəbəkələrdə Azərbaycanı təhqir edən ayrı-ayrı şəxslərin davranışına görə bütövlükdə Türkiyə xalqını məsul tutmaq olmaz.
Türkiyə xalqı bizim qardaşımızdır. Ortaq dilimiz, tariximiz, mədəniyyətimiz, mənəvi bağlarımız var. Bu münasibətlər bir neçə şəxsin məsuliyyətsiz açıqlamalarından daha böyükdür.
Ancaq qardaşlıq qarşılıqlı hörmət tələb edir.
Türkiyənin siyasi dairələri, ictimai nüfuz sahibləri və məsuliyyət daşıyan şəxslər Azərbaycan dövlətçiliyinə qarşı yönələn təhdid və təhqir ritorikasından aydın şəkildə məsafələnməlidirlər.
Sosial şəbəkələrdə səsləndirilən hər bir fikri Türkiyə dövlətinin mövqeyi kimi təqdim etmək doğru olmaz. Lakin ictimai nüfuzu və siyasi məsuliyyəti olan şəxslərin dövlətlərarası münasibətlərə zərər vuran açıqlamalarına münasibət bildirməsi də əhəmiyyətlidir.
Qardaşlıq yalnız Azərbaycan Türkiyəyə dəstək verəndə xatırlanmamalıdır. Azərbaycan təhqir olunanda da qarşılıqlı hörmət prinsipi işləməlidir.
Türk Dövlətləri Təşkilatının gələcəyini Bakısız təsəvvür etmək savadsızlıqdan irəli gəlir!
İndi məsələnin daha geniş geosiyasi tərəfinə nəzər salaq.
Azərbaycanın türk dünyasındakı mövqeyi emosional şüarlarla ölçülmür. Bu mövqe konkret coğrafiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və diplomatik imkanlarla müəyyən olunur.
Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən strateji ölkədir. Orta Dəhlizin mühüm iştirakçısıdır. Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının, enerji layihələrinin və regional əməkdaşlıq mexanizmlərinin əsas iştirakçılarından biridir.
Azərbaycanın coğrafi mövqeyi Türkiyə ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıyır.
Bakı bu baxımdan sadəcə Azərbaycanın paytaxtı deyil. Türk dünyasının iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsində mühüm strateji mərkəzdir.
Türk Dövlətləri Təşkilatının gələcəyindən danışıb Azərbaycanın rolunu kiçiltmək geosiyasi reallıqları nəzərə almamaq deməkdir.
Türk birliyi bir dövlətin digər dövlətlər üzərində üstünlüyü ilə deyil, bütün üzvlərin güclənməsi ilə mümkündür.
Azərbaycanın güclənməsi Türkiyənin zəifləməsi deyil. Türkiyənin güclənməsi Azərbaycanın müstəqilliyinə təhlükə kimi təqdim edilməməlidir.
Əksinə, hər iki dövlətin gücü bir-birinin suverenliyinə hörmət üzərində qurulan strateji əməkdaşlıqdan qaynaqlanmalıdır.
Qızıl Alma ideyası ortaq hədəfdirsə, onun yolu qarşılıqlı hörmətdən, bərabərhüquqlu tərəfdaşlıqdan və güclü Bakı-Ankara münasibətlərindən keçir.
Mənim qənaətim budur: Türk birliyinin gələcəyində Bakı yalnız iştirakçı paytaxtlardan biri deyil, mühüm siyasi, iqtisadi və geostrateji mərkəzlərdən biri olacaq.
Çünki Bakını zəiflətməklə türk dünyasını gücləndirmək mümkün deyil!
Ankara Zirvəsində iştirak etməmək Azərbaycanın suveren qərarıdır!
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsində iştirak etməməsi də müxtəlif müzakirələrə səbəb olub.
Rəsmi açıqlamada əvvəlcədən planlaşdırılmış iş qrafiki əsas gətirilib. Bununla yanaşı, hadisənin mövcud siyasi müzakirələr fonunda müxtəlif cür şərh edilməsi mümkündür.
Ancaq bir məsələ mübahisə predmeti olmamalıdır: Azərbaycan Prezidentinin beynəlxalq tədbirdə iştirak edib-etməməsi Azərbaycanın suveren qərarıdır.
Heç bir xarici ölkənin şərhçisi, ictimai fəalı və ya sosial şəbəkə istifadəçisi bu qərara görə Azərbaycan dövlətini təhqir etmək və mühakimə etmək səlahiyyətinə malik deyil.
Dövlətlərarası münasibətlər sosial şəbəkə emosiyaları ilə idarə olunmur. Fikir ayrılıqları diplomatik kanallarla həll edilir.
Azərbaycanla Türkiyə arasında hər hansı məsələ üzrə fərqli mövqe varsa, bunun yolu qarşılıqlı dialoqdur, təhqir və ictimai təzyiq deyil.
44 günlük Zəfərin müəllifi Azərbaycan xalqı və Azərbaycan Ordusudur!
Bir məsələni də heç kim unutmasın: 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Azərbaycan xalqının, Azərbaycan əsgərinin, şəhidlərimizin və dövlətimizin nailiyyətidir.
Türkiyənin müharibə dövründə Azərbaycana verdiyi siyasi dəstəyi, hərbi-texniki əməkdaşlığın əhəmiyyətini və iki ölkə arasındakı strateji həmrəyliyi danmaq nə obyektivliyə, nə də tarixi ədalətə uyğun gəlir.
Biz Türkiyənin dəstəyini unutmadıq və unutmayacağıq!
Ancaq bu dəstək Azərbaycanın Zəfərini başqasının adına yazmaq üçün əsas ola bilməz.
Müharibəni Azərbaycan Ordusu apardı. Azərbaycan əsgəri döyüşdü. Azərbaycan xalqı səfərbər oldu. Azərbaycan dövləti siyasi və hərbi iradəsini ortaya qoydu.
Minlərlə şəhidimizin qanı bahasına əldə edilmiş Zəfər heç kimin siyasi mübahisələrinin predmetinə çevrilə bilməz.
Türkiyənin dəstəyinə minnətdarlıqla Azərbaycan Ordusunun qəhrəmanlığını müdafiə etmək bir-birinə zidd deyil.
Əksinə, həqiqi qardaşlıq hər iki xalqın qəhrəmanlığını eyni hörmətlə qəbul etməkdir.
44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə hörmət hər kəsin borcudur.
Onların fədakarlığı heç bir siyasi iddianın kölgəsində qala bilməz!
Azərbaycanı Türkiyəyə qarşı qoymaq istəyənlərə də, Türkiyəni Azərbaycana qarşı yönəltmək istəyənlərə də cavabımız birdir!
Bu gün əsas məsələ Azərbaycanla Türkiyənin bir-birinə qarşı qoyulmasına imkan verməməkdir.
Azərbaycan Türkiyənin güclü olmasını istəyir. Türkiyənin beynəlxalq nüfuzunun artmasını özümüz üçün də müsbət hadisə hesab edirik. Türk dünyasının siyasi, iqtisadi və hərbi potensialının yüksəlməsini dəstəkləyirik.
Ancaq bu istəklərin heç biri Azərbaycanın dövlətçilik maraqlarından imtina etməsi demək deyil.
Türkiyəyə sevgi Azərbaycanı aşağılayanların qarşısında susmaq deyil. Türk birliyinə sədaqət Azərbaycanın suverenliyini müzakirəyə çıxarmaq deyil. Qardaşlıq naminə milli iradədən imtina etmək isə qardaşlıq anlayışının özünə ziddir.
Azərbaycan heç kimin siyasi laboratoriyası deyil!
Heç bir dövlətin ideoloji layihəsinin icraçısı deyil!
Heç kimin geosiyasi ambisiyalarının girovu deyil!
Bizim öz tariximiz, dövlətçilik ənənəmiz, milli maraqlarımız, şəhidlərimiz və müstəqil yaşamaq iradəmiz var.
Bunu qəbul etmək istəməyənlərə isə bir həqiqəti xatırlatmaq lazımdır: Azərbaycanla münasibət qurmaq istəyən hər kəs ilk növbədə Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etməlidir.
Ənvər paşanı xatırladırsınızsa, Nəriman Nərimanovu da xatırlayın. Nuru paşanı xatırladırsınızsa, Nargindəki türk əsirlərinin xilas edilməsi uğrunda çalışan azərbaycanlıları da yada salın. Qafqaz İslam Ordusunun şəhidlərini xatırladırsınızsa, Türkiyənin istiqlal mübarizəsinə öz sərvətini əsirgəməyən Azərbaycan xalqını da unutmayın.
Tarix birtərəfli danışılmır!
Qardaşlıq birtərəfli yaşamır!
Suverenlik isə heç kimin mərhəmətindən asılı deyil!
Qızıl Almaya gedən yol Bakından keçir!
Bu gün türk dünyasının qarşısında böyük tarixi imkanlar var. İqtisadi inteqrasiya, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, müdafiə sənayesi, elmi-texnoloji əməkdaşlıq və siyasi koordinasiya bu birliyin real gücünü müəyyən edəcək.
Bu hədəfə çatmaq üçün Ankara ilə Bakı bir-birinə təzyiq göstərməməli, bir-birinin siyasi iradəsinə hörmət etməli, ortaq maraqları şəxsi və siyasi ambisiyalardan üstün tutmalıdır.
Türk dünyasının gələcəyi bir-birinə meydan oxuyan dövlətlərin deyil, bir-birinə güvənən dövlətlərin birliyindən keçəcək.
Azərbaycanı aşağılayan ritorika bu məqsədə xidmət etmir. Əksinə, Bakı ilə Ankara arasında etimadı zədələyir, ortaq strateji maraqları kölgədə qoyur və Türk Dövlətləri Təşkilatının inkişafına mane ola biləcək fikir ayrılıqlarını dərinləşdirir.
Ona görə də Azərbaycanı hədəfə alanlara sualımız var:
Siz həqiqətən türk birliyinin güclənməsini istəyirsiniz, yoxsa bu birliyin mühüm dayaqlarından birini zəiflədən ritorikanın tərəfdarısınız?
Əgər Türk dünyasının gələcəyini düşünürsünüzsə, Bakıya qarşı deyil, Bakı ilə birlikdə hərəkət etməyin yollarını axtarın!
Çünki Azərbaycanı zəiflətmək Türkiyəni gücləndirməyəcək. Bakını aşağılamaq Türk dünyasını ucaldmayacaq. Birliyə aparan yol təhqirdən deyil, qarşılıqlı hörmətdən keçir.
Və nəhayət, bir daha xatırladaq:
BİR MİLLƏT, İKİ DÖVLƏT!
Bu şüarda bir dövlət digərinin kölgəsində deyil. Bir xalq digərinə tabe deyil.
Bir millət olmaq ortaq köklərimizi, dilimizi, tariximizi və mənəvi bağlarımızı ifadə edir.
İki dövlət olmaq isə Azərbaycanın da, Türkiyənin də müstəqilliyinin, suverenliyinin və siyasi iradəsinin toxunulmazlığını təsdiqləyir.
Qızıl Alma türk dünyasının ortaq hədəfidirsə, onun yolunu Bakısız təsəvvür etmək mümkün deyil!
Qardaşlıq yaşasın, siyasi ağalıq iddiaları yox!
Türk birliyi yaşasın, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında!
Azərbaycanın dövlətçiliyi heç kimin müzakirə predmetinə çevrilə bilməz.
Azərbaycan müstəqil dövlətdir. Müstəqillik isə nə güzəşt mövzusudur, nə də kiminsə icazəsi ilə qazanılmış haqqdır!