DataLife Engine / AVMVİB sədri vəfat edib

AVMVİB sədri vəfat edib





Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib.

Tv 713. az saytı xatırladır ki, Füzuli Rzaquliyev 5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

1976-1978-ci illər arasında Ağdərə rayonu, Manikli kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib.

Ali təhsillidir.

1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub.
Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır.

1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.

1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.

1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.

Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində bölük komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 saylı tabor yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 saylı taborun qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 saylı tabora qayıdır.

Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.

Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edib buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən vəfat etdiyi günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədri olub.

Qarabağ müharibəsinin 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən növbəti fazasında Füzuli Rzaquliyev yenidən cəbhəyə yollanıb, öz övladı ilə birgə torpaqlarımızın düşməndən azad edilməsində iştirak edib.

Ailəli olub, iki oğlu, bir qızı var.

İkinci qrup müharibə əlili Rzaquliyev Füzuli 9 noyabr 2026-cı il, bu gün səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!
Bu gün, 16:18
Вернуться назад