
O, ömrünü Vətənə, son nəfəsini isə Vətən bayrağının dalğalandığı günə əmanət etdi...
Bəzən insanın ömrü elə bir tarixə qovuşur ki, onun dünyadan köçməsi belə bir ömürlük mübarizənin rəmzinə çevrilir. Füzuli Rzaquliyev 9 noyabrda – Dövlət Bayrağı Günündə gözlərini əbədi yumdu. Sanki uğrunda döyüşdüyü, azadlığı və bütövlüyü naminə canından keçməyə hazır olduğu üçrəngli bayraq onu son mənzilə özü yola saldı...
Bu, adi bir təsadüfdürmü, yoxsa ömrünü Vətənə həsr etmiş bir insanın taleyinə yazılmış son mənəvi mükafatdır? Bunu bilmirəm. Amma bir həqiqəti dəqiq bilirəm: Füzuli Rzaquliyev bu bayrağın altında yaşadı, onun uğrunda döyüşdü, yaralandı, sağlamlığını itirdi və ömrünün sonuna qədər Vətənə xidmətindən dönmədi.
5 yanvar 1961-ci ildə Ağdərənin Xatınbəyli kəndində dünyaya gələn Füzulinin həyat yolu, əslində, bir nəslin və bir xalqın taleyindən keçən keşməkeşli tarixin aynasıdır. Müəllimlik təhsili aldı, pedaqoji fəaliyyətlə məşğul oldu. Amma 1980-ci illərin sonlarında Azərbaycanın başı üzərini qara buludlar alanda sinif otağını tərk edib Vətənin müdafiəsinə qalxanların sırasında yerini aldı.
1991-ci ildə milli ordu quruculuğuna başlananda Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri oldu. Şaumyankənd istiqamətindəki döyüşlərdə göstərdiyi xidmət, Daşaltı əməliyyatında iştirakı, həmin əməliyyatda ağır yaralanması onun döyüş bioqrafiyasının ilk səhifələri idi. Şuşanın müdafiəsində vuruşdu. Şuşanın işğalından sonra mübarizəni dayandırmadı. Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində döyüşdü, Narıncların və Ağdərənin bir sıra kəndlərinin azad edilməsində iştirak etdi.
Sonra 713 saylı taborun döyüş yolu başladı. Mayor Süleyman Əhmədovun təklifi ilə bu hərbi birləşmənin qərargah rəisi təyin olunan Füzuli Rzaquliyev təkcə qərargahda oturan zabit deyildi. O, döyüşün içində, təhlükənin qarşısında, əsgərin yanında olan komandirlərdən idi. Laçın və Ağdərə istiqamətlərində aparılan əməliyyatlarda, strateji əhəmiyyətli Hoçaz yüksəkliyinin azad edilməsində birbaşa iştirak etdi.
Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara yenidən şiddətləndi. Hərbi qospitalda müalicə olundu, yenidən döyüş yoldaşlarının yanına qayıtdı. Çünki onun üçün müharibə sadəcə bir hərbi xidmət deyildi. Bu, yarımçıq qalmış Vətən borcu idi.
Atəşkəs elan edildi. Silahlar susdu. Amma Füzulinin mübarizəsi bitmədi. Bu dəfə döyüş meydanını veteranların hüquqları uğrunda mübarizə meydanı əvəz etdi. Veteranlar birliyinin yaradılmasında yaxından iştirak etdi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri kimi ömrünün son gününədək keçmiş döyüşçülərin problemləri, onların haqqı və hüquqları ilə yaşadı. 2003-cü ildən etibarən rəhbərlik etdiyi bu təşkilat onun üçün sadəcə bir vəzifə deyildi. Bu, bir vaxtlar çiyin-çiyinə döyüşdüyü silahdaşlarına mənəvi sədaqətin davamı idi.
Amma Füzulinin Vətən sevgisi öz döyüş yolu ilə də bitmədi. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda o, yenidən cəbhəyə yollandı. Bu dəfə yanında öz oğlu İlkin də vardı. Bir vaxtlar özü ilə eyni səngəri bölüşən qardaşı Xəqani ilə olduğu kimi, indi də oğlunu Vətən torpağının müdafiəsində görürdü.
Təsəvvür edin: bir ata, bir qardaş, bir komandir... Ömrünü Vətən uğrunda mübarizəyə həsr etmiş bu insan üçün ən böyük qürur nə ola bilərdi? Yəqin ki, özündən sonra gələn nəslin də həmin amalın daşıyıcısına çevrilməsi.
Füzuli qardaşı Xəqani ilə, oğlu İlkinlə eyni bayrağın, eyni Vətənin, eyni mübarizənin əsgəri olub. O, Vətən sevgisini ailəsinə və övladlarına miras qoydu. Bu, pul ilə, mülklə, vəzifə ilə ölçülməyən ən böyük ata mirasıdır.
Bu gün isə o ailənin başçısı, silahdaşlarımızın komandiri, veteranların rəhbəri aramızda yoxdur.
Ağır müharibə yaraları, ikinci qrup müharibə əlilliyi, illərlə çiyinlərində daşıdığı ağrılar... Bunların heç biri onu Vətənə xidmət yolundan çəkindirə bilmədi. Bəlkə də biz onun nə qədər ağrı çəkdiyini, neçə gecəni yuxusuz keçirdiyini, daxilində hansı xatirələri daşıdığını heç vaxt tam bilməyəcəyik.
Amma bir şeyi unutmayacağıq: Füzuli Rzaquliyev ömrünün ən qiymətli illərini Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət bayrağının başımız üzərində dalğalanması uğrunda mübarizəyə həsr etdi.
İndi o bayraq yenə dalğalanır. Xankəndidə, Şuşada, Laçında, Ağdərədə, Xatınbəylidə... Bir vaxtlar uğrunda döyüşdüyü torpaqların üzərində.
Füzuli komandir, sənin döyüş yolun yarımçıq qalmadı. Sənin və silahdaşlarının illər əvvəl səngərlərdə qoyduğu mübarizənin bəhrəsini gördük. 1992-ci ildə itirdiklərimizi 2020-ci ildə geri qaytardıq. Sən də bu zəfərin iştirakçısı oldun. Oğlunla birgə azad edilmiş torpaqlara qayıdışın sevincini yaşadın.
İndi isə sən getdin...
Arxanda övladların. doğmaların, döyüş dostların, illərlə rəhbərlik etdiyin veteranlar ordusu və unudulmayacaq bir ömür qoydun.
Bu gün Bayraq Günündə üçrəngli bayrağımıza baxanda səni də xatırlayacağıq. Çünki o bayrağın hər rəngində bir amal, hər dalğasında bir mübarizə, hər qırışında bir şəhidin, bir qazinin, bir döyüşçünün taleyi var.
Sənin də ömrün o bayrağın tarixinin bir parçasıdır, komandir!
Ruhun şad, məkanın cənnət olsun, Füzuli qardaş!
İGİD TEYMURLU
Tv713.az