DataLife Engine / KÖÇƏN İNSANLAR, SÖNƏN OCAQLAR

KÖÇƏN İNSANLAR, SÖNƏN OCAQLAR






İGİD TEYMURLU




ODURAĞARAN UNUDULMAĞA MƏHKUM DEYİL, CƏNAB BAŞÇI!

Bir kəndin boşalması təkcə insanların köçü deyil, həm də bir yurdun gələcəyinin sual altına düşməsidir.

Yardımlı rayonunda Odurağaran adlı bir kənd var. Getmisiniz, ya yox, görmüsünüz, ya yox – fərqi yoxdur, o kənd bizim kəndimizdir, cənab başçı!

Gedəcəyiniz Arus və Köryədi kəndlərinin qonşuluğunda yerləşən Odurağaran bu gün diqqətə və qayğıya ehtiyac duyur. İstərdim ki, bir gün yolunuz bu kənddən də düşsün. Hesabatların, statistik rəqəmlərin arxasından deyil, reallığın özündən baxasınız onun bugünkü mənzərəsinə.

Bir vaxtlar həyət-bacasında uşaq səsləri eşidilən, ocağında od yanan, təndirindən çörək ətri yayılan, qapısından qonaq əskik olmayan Odurağaran bu gün, demək olar ki, boşalıb. İnsanlar doğma yurdlarını, ata-baba evlərini tərk edirlər. Hər köçən ailə ilə bir həyətin işığı sönür, bir evin qapısı bağlanır, kəndin həyatından bir parça əskilir.

Bəs niyə? Axı heç kim doğulduğu, böyüdüyü torpağı səbəbsiz yerə tərk etmir!

Səbəblər isə məlumdur: yol problemi, qazın olmaması, sosial infrastrukturun çatışmazlığı, məhdud məşğulluq imkanları və gündəlik həyatın yaratdığı çətinliklər. İnsan normal yaşayış üçün zəruri şərait tapa bilməyəndə, istəməsə belə, çıxış yolunu köçməkdə görür. Beləcə, bir ailənin ardınca digəri gedir, əhali azalır, evlər boşalır, həyətlər susur.

Bu mənzərənin ən ağrılı tərəflərindən biri də kənd məktəbinin vəziyyətidir. Şagirdlərin sayı ildən-ilə azalır, sinif otaqlarında uşaq səsləri seyrəlir. Halbuki məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndin yaşamaq əzminin, gələcəyə inamının göstəricisidir. Məktəbdə şagird azalırsa, deməli, kənddə ailələr azalır, gənclər köçür, yeni nəsil doğma yurddan uzaq düşür.

Bu gün məktəbin şagird sayının azalmasından narahatıq. Bəs sabah orada təhsil alacaq uşaq tapılmasa, nə edəcəyik? Məktəbin qapısı bağlandıqdan sonra kəndi yenidən canlandırmaqdan necə danışacağıq?

Bir kəndin boşalmasını sadəcə əhalinin yaşayış yerini dəyişməsi kimi qiymətləndirmək doğru olmaz. Bu, həm də tarixin, yaddaşın, adət-ənənələrin, ata-baba ocaqlarının tədricən unudulması deməkdir. İnsan nəfəsinə həsrət qalan evlər, qapısı açılmayan həyətlər, sükuta qərq olmuş küçələr təkcə bir kəndin deyil, bütöv bir bölgənin sosial problemlərindən xəbər verir.

Gəlin, problemin ən sadə, amma ən vacib tərəfini – yolu müzakirə edək!

Doğrudanmı Odurağarana yol çəkmək, yaxud mövcud yol problemini həll etmək bu qədər çətindir? Kəndin əsas yola məsafəsi iki kilometrdən də azdır. Ancaq bu qısa məsafə sakinlər üçün ciddi maneəyə çevrilib. Təsəvvür edin, kənd sakini gündəlik ehtiyaclarını qarşılamaq, rayon mərkəzinə getmək üçün taksiyə 15 manat ödəməli olur. Bu, birdəfəlik xərc deyil, insanların gündəlik həyatına çevrilmiş maddi yükdür.

Xəstələnən insan həkimə necə çatmalıdır? Yaşlı adam, məktəbli, uşaq bu çətinlikləri necə aşmalıdır? Yağışlı, qarlı, palçıqlı günlərdə kənd sakinlərinin hansı əziyyətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.

Qazlaşdırma məsələsi də öz həllini gözləyir. Müasir dövrdə insanların qış aylarını qazsız, normal məişət şəraiti olmadan keçirməsi ciddi sosial problemdir. Kitabxananın, tibb məntəqəsinin olmaması, digər sosial xidmətlərə çıxışın məhdudluğu isə vəziyyəti daha da ağırlaşdırır.

Bütün bunlar bir-biri ilə bağlı problemlərdir. Yol yoxdursa, xidmətlərə çıxış çətinləşir. Qaz yoxdursa, qışda yaşamaq ağırlaşır. İş və məşğulluq imkanları məhduddursa, gənclərin kənddə qalmaq həvəsi azalır. Nəticədə ailələr köçür, məktəbin şagird sayı azalır, kənd isə tədricən öz həyat ritmini itirir.

Əlbəttə, bu mənzərə bir gündə yaranmayıb. Uzun illər ərzində kəndin sosial problemlərinin vaxtında və ardıcıl həll edilməməsi bugünkü vəziyyətin formalaşmasına təsir göstərib. Əvvəlki rəhbərlik dövrlərində həllini tapmayan məsələlərin nəticələrini bu gün kənd sakinləri yaşayırlar. Ancaq keçmişin səhvlərini sadalamaqla kifayətlənmək olmaz. Əsas məsələ bu gün nə edə biləcəyimiz və sabah nəyi dəyişəcəyimizdir.

Cənab başçı, yeni rəhbərliyə hər zaman ümidlə baxmışıq. İnanırıq ki, Odurağaranın problemləri də diqqətinizdən kənarda qalmayacaq. Çünki rayon rəhbərinin məsuliyyəti yalnız mərkəzdəki abad küçələr, görünən obyektlər və statistik göstəricilərlə məhdudlaşmamalıdır. Ən ucqar kəndin sakini də özünü rayonun ümumi həyatının bir parçası hiss etməlidir.

Dəyərli deputatımızın da diqqətini bu məsələyə yönəltmək istərdim. Əfəndilər, getməsəniz də, maraqlanmasanız da, unutmayın ki, Viləşin sağ sahili də Azərbaycandır! Ucqar kəndlərimizin taleyi də ümumi inkişafımızın, dövlət qayğısının və vətəndaş məsuliyyətinin ayrılmaz hissəsidir.

Bəzən bir kəndin taleyini dəyişmək üçün böyük proqramlardan əvvəl kiçik, lakin həyati əhəmiyyətli problemləri həll etmək kifayətdir.

İlk növbədə, kəndə gedən yolun vəziyyəti araşdırılmalı, normal hərəkət üçün yararlı hala gətirilməsi təmin edilməlidir. Qazlaşdırma məsələsi aidiyyəti qurumlarla müzakirə olunmalı, tibb xidmətinin əlçatanlığı təmin edilməlidir. Məktəbin şagird sayının azalmasının səbəbləri öyrənilməli, kənddə yaşayan ailələrlə görüşlər keçirilməli, onların problemləri və təklifləri dinlənilməlidir.

Bununla yanaşı, Odurağaranın gələcək inkişafı üçün konkret fəaliyyət planına ehtiyac var. Məqsəd yalnız hazırda kənddə yaşayan insanların həyatını asanlaşdırmaq deyil, həm də köçüb getmiş ailələrin doğma yurda qayıtması üçün şərait yaratmaq olmalıdır.

Çünki kəndi qorumaq yalnız evləri, torpaqları, inzibati ərazini qorumaq deyil. Kəndi yaşadan insandır. İnsan yoxdursa, məktəb də, kitabxana da, həyət-baca da öz əvvəlki mənasını itirir. Bir kəndin gələcəyi onun boş evlərinin sayı ilə deyil, orada yaşayan insanların ümidləri ilə ölçülməlidir.

Mən istərdim ki, Odurağaranın taleyinə adi bir yaşayış məntəqəsinin problemi kimi baxılmasın. Bu kəndin də tarixi, insanları, xatirələri, nəsildən-nəslə ötürülməli mənəvi mirası var. Orada bir vaxtlar qurulmuş ailələr, böyümüş uşaqlar, yaşanmış ömürlər, yaddaşlara köçmüş xatirələr var. Bütün bunların səssizliyə qərq olmasına biganə qalmaq olmaz.

Cənab başçı, lütfən, buyurun Odurağarana! Hesabatlarda yazılanları deyil, insanların yaşadığı çətinlikləri öz gözlərinizlə görün. İnsan nəfəsinə həsrət qalan evlərə, həyətində uşaq səsi eşidilməyən ocaqlara, şagirdləri azalan məktəbə baş çəkin. Bir vaxtlar həyatın qaynadığı kəndin necə səssizliyə büründüyünü görün.

Bəlkə də bu səfərdən sonra Odurağaranın problemləri növbəti hesabatın bir neçə sətri olmaqdan çıxıb, konkret həllini gözləyən məsələlərə çevriləcək.

Axı iki kilometrdən də az məsafədə yerləşən bir kəndə yol çəkmək, orada normal yaşayış şəraiti yaratmaq doğrudanmı bu qədər çətindir?

Odurağaran sakinləri möcüzə istəmirlər. Onlar sadəcə doğma kəndlərində yaşamaq, övladlarını böyütmək, məktəblərinin qapısının açıq qalmasını, yollarının işlək, evlərinin işıqlı olmasını istəyirlər. Onların arzusu başqalarından fərqli deyil: doğulduqları torpaqda insan kimi yaşamaq!

Kəndlər boşalmasın deyiriksə, əvvəlcə kənddə yaşamağı mümkün etməliyik. Çünki bu gün bir kəndin səsinə səs verməsək, sabah başqa bir kəndin boş evləri qarşısında eyni sualları verməli olacağıq.

Yazının əvvəlində dediyim fikrə qayıdıram: Getmisiniz, ya yox, görmüsünüz, ya yox – fərqi yoxdur, Odurağaran bizim kəndimizdir! Və bu kəndin taleyinə görə Siz də, biz də yükümlüyük!

Unutmayaq: kənddən köçən insan təkcə evini deyil, Vətənin bir parçasındakı həyatını da özü ilə aparır. Kəndin boşalması isə təkcə həmin kəndin itkisi deyil. Məndən, səndən ötən zərbə Vətənə dəyir, cənab başçı!
Dünən, 04:40
Вернуться назад