DataLife Engine / LAÇIN DÖYÜŞLƏRİ: HƏR KƏSİN ÖZ YERİ, HƏR KƏSİN ÖZ HAQQI

LAÇIN DÖYÜŞLƏRİ: HƏR KƏSİN ÖZ YERİ, HƏR KƏSİN ÖZ HAQQI






İGİD TEYMURLU




TARİXİ ƏDALƏT BÜTÖV MƏNZƏRƏ TƏLƏB EDİR




Tarixi xidmətləri qiymətləndirmək, qəhrəmanları tanıtmaq və onların adlarını yaddaşlarda yaşatmaq mühüm ictimai missiyadır. Ancaq bu missiyanın ən vacib şərti tarixi hadisələrə bütöv yanaşmaq, ayrı-ayrı şəxslərin xidmətlərini ümumi mübarizənin kontekstindən ayırmamaqdır.

Bu gün sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun böyük qardaşı, Laçın və Zəngəzur bölgəsinin tarixində mühüm yer tutan hərbi-siyasi şəxsiyyət, xalq qəhrəmanı kimi tanınan Sultan bəylə torpaqlarımızın azadlığı uğrunda mübarizənin iştirakçısı, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı və Laçın Rayon Polis Şöbəsinin keçmiş rəisi Akif Səlimovun tarixi xidmətləri arasında paralellər aparılır, onların fəaliyyətləri eyni müstəvidə qiymətləndirilməyə çalışılır. Lakin fərqli tarixi dövrlərdə, fərqli şəraitdə və fərqli imkanlar çərçivəsində fəaliyyət göstərmiş bu iki şəxsiyyətin xidmətlərinin belə müqayisəsi müəyyən izaha ehtiyac duyur.

Çünki söhbət fərqli tarixi şəraitdə, fərqli imkanlar və məsuliyyət çərçivəsində fəaliyyət göstərmiş şəxslərdən gedir. Sultan bəyin xidmətləri öz dövrünün tarixi hadisələri və sənədləri əsasında, Akif Səlimovun fəaliyyəti isə iştirak etdiyi döyüşlərin real mənzərəsi və konkret xidmətləri kontekstində dəyərləndirilməlidir. Tarixi şəxsiyyətlərin rolunu müəyyənləşdirmək üçün onları eyniləşdirmək deyil, hər birinin tarixdəki yerini obyektiv göstərmək lazımdır.

Lakin bu müzakirədə mənim diqqətimi çəkən daha mühüm bir məsələ var.

Əgər məqsəd Laçın uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş insanların xidmətlərini ictimaiyyətə çatdırmaq, onların tarixi haqqını tanıtmaqdırsa, bu yanaşma niyə yalnız ayrı-ayrı şəxslərin fəaliyyəti ilə məhdudlaşmalıdır? Niyə həmin döyüşlərin əsas iştirakçılarından biri olmuş 713 saylı taborun döyüş salnaməsi də eyni diqqətlə araşdırılmasın?

Axı Akif Səlimovun adı çəkilərkən onunla eyni döyüş yolunu keçmiş, eyni təhlükələrlə üzləşmiş, eyni səngərlərdə çiyin-çiyinə dayanmış 713 saylı taborun digər döyüşçülərinin də xatırlanması tarixi mənzərəni daha dolğun təqdim edərdi.

Bəs Kamran bəy və oğlu İmanverdi, bəs Süleyman Əhmədovlar, bəs Vaqif Quliyevlər, bəs Mehdi Rüstəmovlar, bəs Həsənquliyev qardaşları, bəs digər qəhrəman Şəhidlərimiz, bəs o döyüşlərdən sağ çıxan Rəhmanlar, Qəşəmlər, Füzulilər, Gündüzlər haqqında nədən söz açılmır!?

Onların Laçın uğrunda döyüşlərdəki xidmətləri də həmin tarixə aid deyilmi? Bu insanların adları da qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsi kimi təqdim olunmağa layiq deyilmi?

HOÇAZ: 713-ÜN DÖYÜŞ İMZASI

Laçın uğrunda döyüşlərin ən gərgin və strateji əhəmiyyətli istiqamətlərindən biri Hoçaz yüksəkliyi uğrunda mübarizə idi. Bu döyüşlərdə 713 saylı taborun qüvvələri əsas hərbi tapşırıqları yerinə yetirən bölmələrdən biri kimi mühüm rol oynamışdı. Yüksəkliyin ələ keçirilməsi və sonrakı müdafiəsi zamanı taborun döyüşçülərinin göstərdiyi fədakarlıq Laçın döyüşlərinin ümumi mənzərəsindən ayrı təsəvvür edilə bilməz.

Hoçaz kəndi və Hoçaz yüksəkliyinin alınması sadəcə bir hərbi əməliyyat deyildi. Bu, ağır itkilər, iradə və böyük fədakarlıq hesabına əldə edilmiş nəticə idi. Həmin mövqelərin qorunması isə ən azı onun ələ keçirilməsi qədər məsuliyyət və qəhrəmanlıq tələb edirdi. 713 saylı tabor bu mübarizənin həm hücum, həm də müdafiə mərhələsində öz döyüş qabiliyyətini nümayiş etdirmişdi.

Bu səbəbdən Laçın döyüşlərinin tarixini araşdırarkən ayrı-ayrı şəxslərin xidmətləri ilə yanaşı, hərbi hissələrin qarşılıqlı fəaliyyəti, verilmiş tapşırıqlar, döyüş mövqeləri, itkilər və əldə olunan nəticələr də sənədlər əsasında öyrənilməlidir. Akif Səlimovun iştirak etdiyi döyüşlərin konkret faktlarla qiymətləndirilməsi nə qədər vacibdirsə, 713 saylı taborun döyüş yolunun da eyni obyektivliklə araşdırılması bir o qədər əhəmiyyətlidir.

QƏHRƏMANLIQ SEÇİCİ YADDAŞ TANIMIR

Laçın uğrunda döyüşlərdə iştirak etmiş polis qüvvələrinin qəhrəmanlığının qiymətləndirilməsi, onların xidmətlərinin ictimaiyyətə çatdırılması və adlarının ehtiramla anılması, şübhəsiz ki, təqdirəlayiqdir. Bu xidmətlərin tanıdılması tarixi yaddaşımızın zənginləşməsinə xidmət edir. Burada hər hansı polis əməkdaşının və ya döyüşçünün əməyini kiçiltmək üçün əsas yoxdur.

Ancaq tarixi mənzərənin digər iştirakçılarını da unutmaq olmaz.

Laçın batalyonunun yaradılması, Arif Paşanın ordu quruculuğundakı rolu, 811 saylı hərbi hissənin və Laçın polisinin həmin ərazilərdəki fəaliyyəti ayrıca və ciddi araşdırma mövzusudur. "Günah" da, "uğur" da b çənada hər kəsə şamil edilməlidir. Bu proseslərə bütöv yanaşdıqda aydın görünür ki, Laçının müdafiəsi və azadlığı uğrunda mübarizə müxtəlif hərbi qüvvələrin, ayrı-ayrı bölmələrin və insanların birgə səyləri ilə aparılıb.

Deməli, söhbət həmin dövrün xidmətlərindən gedirsə, heç bir iştirakçının rolu ümumi mənzərədən kənarda qalmamalıdır. Hər kəsin xidmətinə öz payı, öz tarixi yeri və öz faktları əsasında qiymət verilməlidir.

Mənim üçün məsələnin ən həssas tərəfi də budur: niyə 713 saylı taborun döyüşçülərinin xidmətlərinin tanıdılması və döyüş salnaməsinin araşdırılması eyni ictimai diqqəti görmür?

Onilliklərdir bu tarixi həqiqətləri ictimaiyyətə çatdırmağa çalışan, arxivlərə üz tutan, şahid ifadələrini toplayan, unudulmuş adları yaddaşlara qaytaran insanların əməyi də diqqətdən kənarda qalmamalıdır. Çünki tarixi yaddaşın formalaşması yalnız döyüş meydanında göstərilən qəhrəmanlığın deyil, həmin qəhrəmanlığın gələcək nəsillərə çatdırılması üçün görülən işlərin də qiymətləndirilməsini tələb edir.

Vətənpərvərlik, humanizm və döyüş yoldaşlığına sədaqət, ilk növbədə, ədalətli münasibətdə özünü göstərir. Bu dəyərlər heç kimin xidmətini digərinin xidmətindən üstün tutmaqla deyil, hər kəsin haqqını tanımaqla yaşadılır.

BİR TARİX, BİR DÖYÜŞ YOLU

713 saylı tabor kiminsə kölgəsində görünməyə çalışan hərbi birlik olmayıb. Onun öz döyüş yolu, şəhidlərı, qəhrəmanları, ağrıları və qürur duyulası tarixi var. Bu tarixin tanıdılması nə kiminsə xidmətinə kölgə salmaq, nə də qəhrəmanlıq yarışına qoşulmaq məqsədi daşıyır.

Bizim mövqeyimiz sadədir: Laçın uğrunda döyüşlərin tarixi necə olubsa, elə də yazılmalıdır. Heç kimin xidməti başqasının xidmətinin hesabına böyüdülməməli, heç kimin haqqı da unudulmamalıdır.

Unutmayaq ki, Laçın uğrunda mübarizə bir nəfərin, bir hərbi hissənin və ya bir qurumun tarixi deyil. Bu, Vətən torpağı uğrunda müxtəlif istiqamətlərdə vuruşmuş insanların, hərbi birləşmələrin və bütöv bir nəslin mübarizə tarixidir.

Həmin tarixin səhifələrində 713 saylı taborun da qanı, zəhməti, fədakarlığı və alın təri var.

Tarix yalnız adları sadalamaqla deyil, hadisələri bütün iştirakçıları ilə birlikdə təqdim etməklə yazılır. Tarixi həqiqət bütöv olmadıqca, tarixi ədalətdən danışmaq da mümkün deyil!
Dünən, 23:26
Вернуться назад