Laçınla üzbəüz
ARZU ZEYNALLIGözümün yaşı yanağıma, acısı içimə süzülürdü... 29 iyul 2023-cü il yaddaşıma ən fərəhli bir gün kimi yazıldı. 31 ildən sonra Laçına ilk ayaq basanda elə bildim ki, yenidən doğulmuşam. Qardaşım Ələsgər rəhmətlik atamızın adını daşıyan oğlu Muxtarı da kişinin ruhunu şad etmək üçün özü ilə gətirmişdi. Ən kiçiyimiz Ələkbər Laçından çıxanda 9 yaşında idi. Beləcə, 2 qardaş, 2 bacı Laçına üz tutduq. Bacım Pərvanə elə yola çıxandan kövrəlmişdi. Axı Laçına gedirdik…
Hava qaralanda çatdıq Laçına... Bacım Elyanə həyat yoldaşı Etibarla artıq 3 gün idi ki, Laçında idi. Həkəri çayının yanında qarşıladılar bizi…
Düşündüyüm, xəyal etdiyim kimi olmadı… Nədənsə quruyub qalmışdım. Nə torpağa diz üstə çökə, nə hönkürtüylə ağlaya bildim. Laçınla üzbəüz dayanmışdıq, lal-dinməz baxırdıq. Gözümün yaşı yanağıma, acısı içimə süzülürdü...
Mənmi böyümüşdüm, Laçınmı balacalaşmışdı, sanki bir ovcuma sığışdırıb ürəyimə basdım... Həkəri çayının şırıltısı elə bil ki "nə yaxşı gəldin" nəğməsi oxuyurdu. Ətrafımda boğuq hönkürtülər, "şükür bu günə" sözləri bir-birinə qarışmışdı… Laçın isə susurdu... Sanki, onu da qəhər boğmuşdu...
Gecədir... Bacımın baldızı Almazın təzəcə köçdüyü evinin ilk qonaqlarıyıq. 29 yaşında çıxıb, 60 yaşında evinə qayıdan bu qadının gözlərindəki sevinci görməyin özü də bir xoşbəxtlik idi…
Qardaş-bacı təəssüratlarımızı bölüşürdük. Onlara baxdıqca, yaşlandığımızı, sanki, indi hiss etdim...
Elə hey ulduzlara baxıram. Laçında göy üzü heç bir yerdəkinə bənzəmir. Bu gecə isə ulduzlar daha parlaq, səma daha aydın idi. Bu 31 ildə hansı şəhər, kənd, rayonda oldumsa, göy üzünə baxanda deyirdim: "Laçında belə deyil, qapqara göy üzü, çoxlu ulduzları vardı". Bax həmin göy üzünü yenidən görməyin sevincini yaşayırdım...
Dağların ətəyində işıq saçan evlərə baxanda başa düşürsən ki, yox, bu yuxu deyil, Laçındayıq gerçəkdən... 31 il sonra Laçına qayıtmaq... Və 31 il sonra yuxudan oyanıb özünü Laçında görmək... Dəli olmaq olar...
Səhərdir. Sübh tezdən sakitçilikdir... Laçının tikinti yerlərində iş başlamayıb. Bir azdan sükut pozulacaq. Səhər yeməyi yemədən şəhərə çıxdıq. Təsəvvür edin uşaqlığınızın izlərini axtarmaq üçün dağılmış, viran qoyulmuş yerlərdə addımlayırsan. Və baxırsan ki, tək deyilsən, bu amacla səhər açılar-açılmaz hamı xarabalıqların içində gəzişir. Bir anlıq özümüzü ruha bənzətdim. Xarabalığı dolaşan ruhlar... Sanki, burada şəhid olanların və Vətən həsrəti ilə dünyadan köçənlərin ruhları da bizimlə idi... Hamı bir-birinə "Xoş gəldin, şükür bu günə, Allah şəhidlərimizə rəhmət eləsin" deyir. Diqqətlə baxıb "görəsən məktəb yoldaşım, qonşum, qohumum deyil ki" nəzəri ilə bir-birinə gülümsəyən insanların xəyalında 31 il əvvəlin mənzərələri canlanır…
26-08-2023, 12:39
Вернуться назад