İranın ballistik raketlərini daşımaqda şübhəli bilinən Rusiya gəmisi sentyabrın 4-də Xəzər dənizindəki Həştərxan şəhərinin Olyada limanında görüntülənib.
Tv 713. xəbər verir ki, bu barədə CNN telekanalı Mikser Texnologiyalar Şirkətinin peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ballistik raketlər daşımaqda şübhəli bilinən yük gəmisi sonuncu dəfə avqustun 29-da İranın Əmirabad limanına yanaşıb və sonra izləmə sistemini söndürüb.
ABŞ-ın Maliyyə Nazirliyi isə sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyinin İrandan Rusiyaya yaxın mənzilli ballistik raketlərin daşınması üçün “Port Olya 3” gəmisindən istifadə etdiyini açıqlayıb.
“2024-cü il sentyabrın əvvəlində Rusiya İrandan yaxın mənzilli ballistik raketlərin ilk partiyasını aldı”, - nazirlik bildirib və “Port Olya 3” gəmisinə, eləcə də digər gəmilərə və bir neçə İran vətəndaşına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Peyk görüntüləri ABŞ Dövlət katibi Entoni Blinkenin Londonda Vaşinqtonun İranın Rusiyaya “Fateh 360" ballistik raketlər göndərdiyinə inandığını və yaxın həftələrdə onlardan ukraynalılara qarşı istifadə ediləcəyini söyləməsindən bir gün sonra yayımlanıb.
“Fateh 360” raketi 120 km-ə qədər uçuş məsafəsinə malikdir və 150 kq partlayıcı yük daşıya bilir. Partlayıcı çəkisi bir çox Rusiya aviasiya bombalarından az olsa da, o, Ukraynanın cəbhə xəttindəki mövqelərini uzaq məsafədən hədəfə almaq üçün effektlidir və ballistik xüsusiyyətlərinə görə onun qarşısını almaq çox çətindir(axar.az).