İlham Əliyev Azərbaycanda pambıqçılığın əleyhinə olan nazirlər haqda
Prezident İlham Əliyev bu gün pambıq mövsümünün yekunlarına və gələn il görüləcək işlərə dair keçirdiyi müşavirədəki çıxışında Azərbaycanda pambıqçılığın ləğvini təklif edən hökumət üzvləri haqda da danışıb.
İlham Əliyevin nitqindən sitat:
-Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur.
Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir.
Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı. Bir də ki, pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər.
Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, - bu barədə də danışacağıq, - əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, - biz bunu yaratmalıyıq, - onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.
tv713.az