YARDIMLI GƏLƏN ADAMDAN NƏ GÖZLƏYİR?

Aktual / Cəmiyyət / Manset / Yazarlar 16-sen, 21:269 tv713 44 0




İGİD TEYMURLU




RAYON DƏYİŞƏN ADAMLA YOX, DƏYİŞƏN MÜNASİBƏTLƏ AYAĞA QALXIR





Ayaz Əsgərov Yardımlıdan uzaqlaşdırıldı.

Onun Yardımlını hansı vəziyyətə salması, rayonun problemlərinin necə dərinləşməsi barədə özü vəzifədə olduğu vaxt kifayət qədər yazmışam. Hətta elə bu yaxınlarda Yardımlı kökənli, cəmiyyətimizdə tanınan bir ictimai fiqur rayonun üzləşdiyi problemlərdən yazdığıma görə məni «hər şeyi qara görməkdə» ittiham edirdi.

İndi isə gedənin arxasınca eyni problemlərdən danışır.

Nə deyəsən?..

Problemi zamanında söyləməyənlərin hamısı, axırda problemi bülbül kimi ötürürlər...

İndi şübhəsiz ki, Yardımlıya gələn olacaq.

Gəlmək yaxşıdır, əlbəttə. Yardımlı kökənli tanışlarımdan çoxu isə bir sual verir:

«Gələn görəsən nə gətirəcık Yardımlıya?»


Sual sadədir, cavabı isə elə də sadə deyil.

Çünki Yardımlının problemi bir adamın gedib, başqa adamın gəlməsi ilə bitmir.

Çünki rayonun boşalan kəndlərini sözlə doldurmaq olmur, ay GƏLƏN ADAM!

Çünki kəndlərə qaz çəkilməyəcəksə, Yardımlını ekoloji və sosial tənəzzüldən çıxarmaq mümkün olmayacaq, ay GƏLƏN ADAM!

Çünki kənd yolları düzəlməyəcəksə, kənddə həyatın qalması və inkişaf etməsi mümkün deyil, ay GƏLƏN ADAM!

Çünki kənddə iş yeri olmayacaqsa, insanı doğulduğu torpaqda saxlamaq mümkün deyil, ay GƏLƏN ADAM!

Çünki təhsil bu vəziyyətdə qalacaqsa, rayonun gələcəyindən danışmaq çətin olacaq, ay GƏLƏN ADAM!

Çünki mədəniyyət və maarif ocaqları yoxdursa, kəndin yalnız əhalisi deyil, ictimai həyatı da azalacaq, ay GƏLƏN ADAM!

Çünki rayonun tarixinə, keçmişinə, yaddaşına münasibət dəyişməyəcəksə, Yardımlının gələcəyini qurmaq da çətin olacaq, ay GƏLƏN ADAM!

Çünki kənddən şəhərə axın davam edəcəksə, bir müddət sonra «kəndə qayıdış» layihəsinin qayıdacaq adam axtarması da mümkündür, ay GƏLƏN ADAM!

Bunlar yeni suallar deyil.

Yardımlı illərdir bu suallarla yaşayır.

İnsanlar kənddən şəhərə gedir. Kəndlər boşalır. İş yeri yoxdur. Yollar problem olaraq qalır. Təhsil, mədəniyyət, maarif məsələləri öz həllini gözləyir. Bir sözlə, rayonun problemi təkcə asfaltın, qazın, iş yerinin problemi deyil — Yardımlının yaşamaq üçün cazibəsini itirməsi problemidir.

Bəs şəhərdən kəndə üz tutan olacaqmı?

İnsan doğulduğu kəndə qayıdacaqmı?

Yoxsa yenə kəndlərə deputat gəlib-gedəcək, kəndlər isə olduğu kimi qalacaq?

Mən burada kiminsə arxasınca danışmıram. Sadəcə Yardımlının qarşısında suallar qoyuram.

Çünki vəzifəyə gələn adamın ilk növbədə bilməli olduğu bir həqiqət var:

Rayona gəlmək başqa şeydir, rayonun dərdinə gəlmək başqa.

Yardımlı artıq xoş söz, protokol görüşü, şəkil və hesabat gözləmir. Yardımlı nəticə gözləyir.

Ümid edirəm, gələn adamın fəaliyyəti fonunda bir gün Yardımlıda «Gəl, gəl, Ayaz günləri» deməyəcəyik.

Əksinə, «Yaxşı ki, gəldi və nələri isə dəyişdi» deyə biləcəyimiz günlər də olar.

Çünki Yardımlının çox şeyə ehtiyacı var.

Ən çox isə öz probleminin eşidilməsinə.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr