Yardımlılar həyəcan təbili çalmalıdırlar!
Başa düşmürük, Yardımlı rayon deyilmi?!
Yardımlı rayonunda idarə-müəssisələrin əksəriyyəti digər rayonlarda yaradılmış mərkəzlərə birləşdirilib... İndi bu yazıq əhali həmin mərkəzlərə müraciət etmək üçün niyə min-bir əzabdan keçməlidir...!? Ən yaxın idarə rayon mərkəzindən 56 km məsafə uzaqlıqda yerləşən Masallı rayonunda qərarlaşıb. Təsəvvür edin, bir Alar kənd sakini bir pensiya arayışını almaqdan ötəri minimum 80 km məsafə qət edərək, bir sutqa vaxtı itirməklə, ən azı 30 manat yol pulu xərcləyib o arayışı əldə etmək üçün həmin mərkəzə getməlidir. Onu da ala bilsə. Hələ bunun digər xərcləri də var... İndi guya təkmilləşdirmə, asanlaşdırma aparırlar da... Onsuz da coğrafi mövqeyinə görə çətin şəraitdə zülm çəkən Yardımlı əhalisinin əzabını birə-beş artırıblar. Vətəndaş məmnunluğu budurmu? Buna bir çarə qılınmazsa əhali tədricən rayondan köçmək məcburiyyətində qalacaq...
HAMLET DADAŞOV