Marşrutların kart sisteminə tam keçidi nə vaxta qaldı? – BNA-dan açıqlama
Bakıda fəaliyyət göstərən marşrutların kart sisteminə keçidi gələn ilin ilk aylarında tam yekunlaşacaq.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, işlər mərhələli şəkildə aparıldığından proses gecikib:
"Əvvəlcədən demişdik ki, 2019-cu ilin sonuna qədər bütün avtobuslar kart sisteminə keçəcək. Bu, çox ağır və çətin prosesdir. Amma bilmək lazımdır ki, bu istiqamətdə iş gedir. Dünən 39, bu gün isə 202 nömrəli xətt kart sisteminə keçdi. Artıq bu sistem mərhələli şəkildə avtobuslarda tətbiq edilir. Karta keçməmişdən öncə avtobuslarda kabelləşmə işləri aparılmalıdır. Bunun üçün də avtobuslar bir-bir xətdən geri çəkilməlidir. Birdəfəlik geri çəksək, insanlar yerdə qalır. Elə planlaşdırmışıq ki, intervalın pozulmaması şərtilə bütün işlər yerinə yetirilsin. Əsas məqsədimiz ictimai nəqliyyatda kartlaşmanı qısa vaxtda təmin etməkdir. Bunun sayəsində nəqliyyatdakı bir çox problemlər birdəfəlik həllini tapmış olacaq. Prosesin gecikməsinə səbəb nə nəqliyyat vasitəsinin az olması, nə də maliyyə çatızmazlığıdır. Sadəcə bu, canlı mexanizm olduğu üçün işlər bir az ağır gedir. 2020-ci ilin ilk aylarına qədər proses tam yekunlaşacaq. Hətta Novruz bayramından öncə də başa çatmış ola bilər".
Mais Ağayev 18 metrlik avtobusların gətirilməsi üzrə də işlərin yekunlaşdırıldığını bildirib. O, əlavə edib ki, 1-2 gün ərzində bu haqda rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, qurum rəsmisi daha öncə verdiyi açıqlamalarında hər iki məsələnin bu ilin sonuna qədər yekunlaşacağını bildirmişdi.
tv713.az