Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul
Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi tənqid atəşinə tutub.
Yenisabah.az xəbər verir ki, Eldar Namazov Ramiz Mehdiyevin Nyu-York Elmlər Akademiyasının üzvü olmasına xüsusi diqqət çəkib. AMEA prezidentinin tərcümeyi-halında onun 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçildiyi qeyd edilib. Eldar Namazov isə bildirib ki, sözügedən elmlər akademiyası ictimai təşkilatdır və pulla diplomlar, arayışlar satır.
“Rami Mehdiyev “pokazuxa” sözündən istifadə edib Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra layihələrini tənqid etdi. Həqiqətən də Azərbaycanda müxtəlif sahələrdə “pokazuxalıq” baş alıb gedir. Buna əmin olmaq üçün uzağa getmək lazım deyil. Elə Ramiz Mehdiyev cənablarının fəalliyətinə qısa baxış keçirmək lazımdır. AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib. Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır?
Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir.
O vaxt Türkmənistan Prezidentinin də Nyu-York Elmlər Akademiyasının üzvü seçilməsi barədə məlumat yayılmışdı. Bundan sonra nüfuzlu media qurumları həmin təşkilatla maraqlanmağa başladı. İndi mən sizə o təşkilatın rəsmi şəxsinin müsahibəsini təqdim edirəm. Müsahibədə həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk. Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akdemiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat sadəcə diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur”, - deyə Eldar Namazov bildirib.