ŞƏT müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı
Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə fevralın 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Azərbaycan Parlamentinə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar seçkilərə hazırlığın gedişi və keçirilməsi ilə bağlı müşahidəyə başlayıb.
Təşkilatın rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, missiyaya ŞƏT Baş katibinin müavini Şos Şerali Conon rəhbərlik edir.
Missiyanın tərkibinə ŞƏT-ə üzv dövlətlərinin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, həmçinin ŞƏT Katibliyinin vəzifəli şəxsləri daxil edilib.
Missiya üzvləri Azərbaycanın paytaxtı Bakıda və Abşeron yarımadasının yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara bitişik ərazilərdə müşahidə aparacaqlar.
Missiyanın işi seçki məntəqələrinin hazırlığının öyrənilməsi, səsvermə prosesinin, seçki kampaniyasının təşkilinin, səslərin sayılmasının müşahidəsi, habelə səs vermiş seçicilərin, namizədlərin nümayəndələrinin və digər müşahidəçilərin sorğularına yönələcək.
ŞƏT missiyası “Prezident və/və ya parlament seçkilərində, həmçinin referendumlarda ŞƏT-in müşahidə missiyası haqqında” əsasnaməyə uyğun olaraq 3-10 fevral 2020-ci il tarixlərində Azərbaycanda fəaliyyət göstərəcək.