Ərdoğan Putinin Krım dəvətini niyə rədd etmədi?
Türkiyə regionda balanslaşdırılmış siyasət aparır. Həm Qərblə əlaqələri qırmaq istəmir, həm də Rusiya ilə regionda münaqişədən qaçır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanı Krıma dəvət etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Ərdoğanın Krıma gəlməsi mümkünsüzdür:
"Düşünürəm ki, Ərdoğanın Krıma rəsmi səfər etməsi real deyil. Çünki Ərdoğanın Krıma səfər etməsi faktiki Krımın Rusiya tərəfindən ilhaqını tanımaq deməkdir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Krımın Rusiya tərəfində ilhaqını tanımır. Çünki Türkiyə bu məsələdə çalışır ki, Krım mövzusunu həmişə Rusiya ilə münasibətlərdə işlək kart kimi ehtiyatda saxlasın. Ərdoğanın səfəri bir daha göstərdi ki, Türkiyə Ukraynaya biganə deyil. Lakin digər tərəfdən də Krımda yaşayan tatarların taleyi ilə bağlı ciddi narahatlıq keçirir. Düzdür, Ərdoğan Krım tatarlarının taleyi məsələsini çıxışlarında tez-tez dilə gətirsə də, Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdiyi bir dövrdə sərt ritorikadan daha az istifadə etməli oldu.
Bu gün Rusiya-Türkiyə münasibətlərində gərginlik müşahidə olunur. Xüsusilə də bu gərginlik İdlib və Liviya məsələlərində özünü bariz şəkildə göstərir. Bu baxımdan tərəflər Suriya və Liviyada üst-üstə düşməyən maraqları balanslaşdırmağa çalışır. Nəticə etibarilə Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi hər iki ölkənin maraqlarına uyğun gəlmir", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Putinin Ərdoğanı Krıma səfərə dəvət etdiyini, qarşı tərəfin isə rədd cavabı vermədiyini bildirmişdi.