“Vətəndaşlar qətiyyən bu hadisənin ciddiliyini qəbul etmək istəmirlər”
“Bu xəstəlikdən mübarizənin yeganə yolu ciddi şəkildə karantinə riayət etməkdir”.
tv713.az-nun məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində deyib. O bildirib ki, buna Çini misal göstərmək olar:
“Orada hətta insanlar ərzaq almaq üçün belə çölə çıxmırdılar. Ərzaq qapının ağzına qoyulurdu, heç onu gətirənlə də təmasda olmurdular. Çin bu yolla xəstəliyin öhdəsindən gəldi. Amma bizdə yaşlı vətəndaşlar küçələrdə parklarda gəzirlər. Bizim gördüyümüz tədbirlərə, qadağalara əməl etmirlər, hətta aqressiv yanaşırlar. Vətəndaşlar qətiyyən bu hadisənin ciddiliyini qəbul etmək istəmirlər. Çox böyük diqqətsizlik, məsuliyyətsizlik var. 60 yaş üstü vətəndaşlar bu xəstəliyi çox ağır formada keçirəcəklər. İtaliyada baş verən hadisələr gözümüzün qabağındadır.
Əvvəllər istiliyin artması nəticəsində virusun zəifləyəcəyi güman olunurdu. Artıq bunun pandemiyaya çevrilməsi, bütün dünyaya yayılması o deməkdir ki, buna ümid ola bilmərik. Bu gün planetin cənub yarımkürəsində, məsələn, ərəb ölkələrində hava yay temperaturuna uyğun normada olsa da, orada da virusun yayılması baş verir”.