Əhalini təşvişə salan şəxs psixiatrik xəstəxanasına yerləşdirildi - RƏSMİ
Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir.
XəbərTv.info bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər.
Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Belə ki, martın 30-dan 31-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 36, o cümlədən, Bakı şəhərində 20 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə iki nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan bir nəfərə xəbərdarlıq edilib, bir nəfər isə əqli cəhətdən qüsurlu olduğu üçün psixiatriya xəstəxanasına yerləşdirilib.
Ötən gün ərzində epidemiya əleyhinə rejimi pozduqlarına, həmçinin, respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə görə 333 nəfərə inzibati cərimə tətbiq edilib.