Azərbaycanda kasıb tələbələrin builki təhsil haqqını dövlət ödəyəcək
Bu il Azərbaycanda sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatının istifadə olunması nəzərdə tutulub.
tv713.az məlumat verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Planda həmçinin ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə ( 62 min şəxsə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi, yaşı 65-dən yuxarı 14 min tənha şəxsə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi (40 milyon manat ayrılıb), əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması (10 milyon manat ayrılıb) nəzərdə tutulub.