"Uber" işçilərin kütləvi ixtisarına hazırlaşır
Məşhur taksi sifarişi xidməti olan “Uber” şirkəti koronavirus pandemiyası fonunda tələbatın aşağı düşməsi səbəbindən işçilərin 20%-ni ixtisar etməyi planlaşdırır.
tv713.az-nun “APA-Economics”a istinadən verdiyi məlumata görə, şirkət hələlik ixtisarlar barədə rəsmi elan etməyib, lakin yaxın həftələrdə bunu edə bilər. 800-ə yaxın mühəndis daxil olmaqla şirkətin 5,4 min əməkdaşı iş yerlərini itirə bilər.
Bundan başqa, “Uber”in texniki direktoru Thuan Famın da şirkəti getməsi məlum olub. O, “Uber”də 2013-cü ildən etibarən çalışıb. T. Fam bu qərarı mühəndislik bölməsində planlaşdırılan ixtisarlardan xəbər tutduqdan sonra verib.
“Business Insider”in məlumatına görə, son vaxtlar bir neçə top menecer “Uber”i tərk edib – texniki direktor, baş əməliyyat direktoru, məhsul direktoru və marketinq direktoru.
Cari ilin aprelin əvvəlində “Uber” illik proqnozunu geri çağırıb və xalis zərərin artacağını bildirib. Son 3 ayda “Uber”in səhmləri təxminən 19% ucuzlaşıb.
tv713.az