Uçuşlar bərpa olunur? — Cahangir Əsgərovdan AÇIQLAMA
AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.
Bunu “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir: "Martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir".
C.Əsgərov əlavə edib ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan Azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir.
Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır.
“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaq: "Bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, “Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək". (Pravda.az)
tv713.az