Yüzlərlə fəhlə işsiz qalıb, AAYD işə qarışa bilmir
"Biz sifarişçi olaraq onların işçi götürmək və ya çıxartmaq məsələlərinə qarışa bilmərik”.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda tikinti işləri dayandırılmasından və pandemiya dövründə yüzlərlə fəhlənin işsiz qalmasına aydınlıq gətirərkən deyib.
Anar Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda görüləcək işlər podratçı şirkətlər tərəfibdən həyata keçirilir:
"Orda iş aparan podratçı şirkətdir. Bizim sifarişimizi yerinə yetirir. Podrat müqaviləsinə əsasən 2021-ci ilin sonuna qədər tikinti işlərini yerinə yetirməlidirlər. Biz sifarişçi olaraq onların işçi götürmək və ya çıxartmaq məsələlərinə qarışa bilmərik. Bu onların özəl şirkət olaraq daxili işləridir”.
Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda tikinti işləri dayandırılıb. Sözügedən yolda işləyən yüzlərlə fəhlə işsiz qalıb. Uzunluğu 150 kilometr olan yolun 2021-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi nəzərdə tutulub. Bununla əlaqədar yüzlərlə işçi qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib. Pandemiya dövründə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinin səbəbi açıqlanmır.
Xatırladaq ki, bu yolun əsas hissəsində tikinti işlərini ölkədə çoxsaylı layihələrin podratçısı olan "Azvirt" MMC digər şirkətlərlə birgə həyata keçirir. "Azvirt" MMC-nin səhlərinin 30 faizi, Martin Beteiligungs GmbH Co KG, (Almaniyada qeydiyyatdan keçib), 25 faizi Falcom Holding s.a.r.l, (Lüksemburqda qeydiyyatdan keçib), 25 faizi Elnur Əliyevə, 20 faizi isə Walz GmbH Co KG, (Almaniyada qeydiyyatdan keçib) məxsudur. Son maliyyə hesabatından məlum olur ki, şirkətin ötən il ərzində cəmisi 602 min manat xalis mənfəəti olub. (qaynarinfo.az
tv713.az