Azərbaycan Premyer Liqası: 2020/21 mövsümü başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start veriləcək.
Bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatacaq. Yeni mövsümdən çempionat matçlarında koronavirus pandemiyasına görə bəzi məhdudiyyətlər olacaq.
I turun oyunları üç günü əhatə edəcək. İlk gündə iki qarşılaşma keçiriləcək. Premyer Liqanın ilk oyunu Sumqayıtda gerçəkləşəcək. Azərbaycanı Avropa Liqasında təmsil edən "Sumqayıt" və "Keşlə" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcək.
Komandalar indiyədək çempionatda 31 dəfə qarşılaşıblar. Bunlardan 15-də qonaqlar, 7-də isə meydan sahibləri 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 48:31. "Keşlə" Premyer Liqada son üç qarşılaşmada rəqibinə uduzmayıb. Sumqayıtın eyniadlı təmsilçisi isə üç ev görüşündən xalsız ayrılmayıb.
Günün digər qarşılaşması paytaxtda keçiriləcək. 2019/20 mövsümünün gümüş mükafatçısı "Neftçi" "Səbail"i qəbul edəcək. Komandalar bu vaxta qədər çempionatda 11 dəfə üz-üzə gəliblər. 6-da flaqman, 2-də isə qonaq komanda meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 21:8. Komandalar arasındakı son iki Premyer Liqa oyununda heç-heçə qeydə alınıb. Meydan sahibləri öz meydanındakı bütün matçlarda rəqibinə qol vura bilib.
Qeyd edək ki, sabah "Qarabağ" - "Sabah", avqustun 23-də "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, I tur
21 avqust
18.30 Sumqayıt - Keşlə
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Hakim-inspektor: İmanxan Sultani.
"Kapital Bank Arena".
20.30 Neftçi - Səbail
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
"Bakcell Arena".
tv713.az