General anons verdi: İldırımsürətli qələbə...
Ordumuzun hücum əməliyyatlarını taktiki cəhətdən çox dəqiq hesablanmış bir əməliyyat hesab edirəm. Çox yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış əməliyyatlardır.
TV 713. az axar.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində apardığı uğurlu əks-hücum əməliyyatlarından danışarkən deyib. Yaşar Aydəmirov bildirib ki, düşmənin dərinliklərindəki hədəflər ordumuz tərəfindən yüksək dəqiqliklə məhv edilir:
“Taktiki cəhətdən düşmənin gözləmədiyi istiqamətlərdən həyata keçirilən çox dəqiqliklə hazırlanmış hücum əməliyyatıdır. Bu elə bir əməliyyat planıdır ki, əsas zərbə istiqamətini ermənilər heç cür təyin edə bilmirlər. Gözlənilməz, dərrakəli və ağıllı hücumlar həyata keçirilir. Müasir silahlardan da qarışıq şəkildə tətbiq edilir ki, bu da düşməni çaş-baş salır”.
Ehtiyatda olan general-leytenant onu da əlavə edib ki, bu gedişlə ildırımsürətli qələbə xəbərləri alacağıq:
“Əgər üçüncü dövlətlər bu məsələyə qarışmasa və bizə mane olmasa, bizim qısa zamanda böyük nəticələr əldə edəcəyimiz faktdır. Torpaqlarımız tezliklə azad olunacaq. Ermənilərin əsas bazaları, əsas ehtiyatları, əsas atış nöqtələri, əsas atəş vasitələri artıq sıradan çıxarılıb. Bu da mütləq üstünlüyün bizim tərəfimizdə olmasının göstəricisidir. Əminəm ki, tez bir zamanda tam qələbə qazanacağıq”.