“ARTIQ 5+2 FORMULU YOX, 7+5 FORMULU GÜNDƏMƏ GƏLİR”

Siyasət 01-noy, 07:489 tv713 58 0

"Azərbaycan ordusu qalib gəlib, qalır kapitulyasiya nə vaxt rəsmiləşəcək"


“ARTIQ 5+2 FORMULU YOX, 7+5 FORMULU GÜNDƏMƏ GƏLİR”


“Bütün dövlətlər, beynəlxalq birlik artıq yeni status-kvonu nəzərə almağa məcburdur”

"Türkiyə Cənubi Qafqazın geopolitikasının aparıcı dövləti kimi iştirak etməlidir. Buna Türkiyənin daha çox əsasları var, nəinki Rusiyanın"

Azərbaycan dövləti on illərdir düşmənin tapdağı altında olan ərazilərimizi nə yolla olursa-olsun, qaytarmaqda israrlıdır və daha səbir etmək niyyəti yoxdur. Qəhrəman ordumuz da onun qarşısına qoyulmuş bu şərəfli vəzifəni icra edir, hər gün yeni-yeni ərazilər azad olunur. Belə bir durumda bəzi paytaxtlar atəşin dayandırılmasına, tərəfləri yenidən masaya qaytarmağa çalışırlar. Amma Azərbaycan xalqının və dövlətinin əsas istəyi və tələbi budur ki, danışıqlar olacaqsa, masada qardaş Türkiyə də olmalıdır.

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazovun mətbuata verdiyi müsahibəsini təqdim edirik:



- Eldar bəy, bu gün hamımızın ürəyi qəhrəman ordumuzla bir döyünür. Intizarla yeni qələbələri gözləyirik. Sizcə, böyük qələbə yaxındadırmı, ya müharibə hələ uzun sürəcək?



- Mən əminəm ki, bu müharibənin taleyi artıq həll olunub və Azərbaycanın qələbəsi heç kimdə şübhə doğurmur. İşğal olunmuş torpaqların böyük bir hissəsi artıq azad olunub. Həm cənub, həm şimal, həm şimal-şərq istiqamətində ordumuz hücumdadır. Erməni tərəfinin həm texnika, həm canlı qüvvələrinin böyük bir hissəsi, bəzi hallarda 70-80 faizi artıq məhv edilib. İşğalçı erməni ordusu yalnız bir neçə istiqamətdə müqavimət göstərə bilir. Onların hansısa böyük bir əks-hücum əməliyyatı keçirmək və azad olunmuş torpaqları yenidən zəbt etmək üçün nə texniki, nə insani resursları var. Azərbaycan ordusu bütün aspektlərdə öz üstünlüyünü nümayiş etdirdi, həm hərbi texnologiyalar, həm strateji və operativ-taktiki idarəetmə, həm də mənəvi-psixoloji baxımdan. Hərb elmində mühüm sayılan bütün sahələr üzrə biz öz üstünlüyümüzü nümayiş etdirmişik. İndi Ermənistanın düşdüyü vəziyyət təqribən alman faşizminin 45-ci illərin əvvəllərində düşdüyü vəziyyətdir. Yəni müharibənin taleyi bəllidir, söhbət yalnız ondan gedir ki, kapitulyasiya nə vaxt rəsmiləşəcək və bu müharibəni başlayan cinayətkar rəhbərliyin taleyi necə olacaq.

- Çox uğurlu və yerində bir müqayisə oldu. Bu gün Nikol Paşinyan Hitler rolunda çıxış edir, onun davranışları, psixoloji durumu da tamamilə faşizm liderini xatırladır. Amma o, “ağrılı güzəştlər”ə hazır olduğunu desə də, erməni xalqının təslimçiliyi qəbul etməyəcəyini bildirdi. Bu, dolayısı ilə ictimai rəyin hazırlanmasıdır, yoxsa başqa məqsəd var?

- Bu yaxınlarda mən də Paşinyanın son hərəkətlərini Hitlerin bunkerdə gizlənib ordan verdiyi əcaib və reallıqdan çox uzaq olan bəyanatları ilə müqayisə edirdim. Fikir verin, əvvəlcə Paşinyan bəyan edir ki, bu problemin diplomatik-siyasi həlli yoxdur, bir neçə gündən sonra çıxış edərkən deyir ki, biz hətta ağrılı güzəştlərə hazırıq. Ermənistan daxilindəki müxalif qüvvələrin dərhal buna reaksiyasından, Paşinyanın istefası tələb olunduqdan sonra isə o, bir gün sonra yenidən çıxıb bəyan etdi ki, mən ictimai nəbzi yoxlayırdım, o bəyanatım ciddi deyildi, biz axıra kimi vuruşmalıyıq. Ondan sonra isə Qarabağdakı cinayətkar rejimin “başçısı” da çıxış etdi ki, Azərbaycan ordusu Şuşanın 5 km-liyindədir, biz Şuşanı itirsək, bütün Qarabağı itirəcəyik. Həmçinin hamıya yalvarır ki, “köməyə gəlin!” Bu bəyanatlar həqiqətən də Hitlerin 45-ci illərin əvvəllərində gizləndiyi bunkerdən verdiyi bəyanatları xatırladır. Bunlar bir-birilə rabitəsi olmayan, bir-birinə zidd bəyanatlar və fikirlər səsləndirirlər. Ona görə də hesab edirəm ki, bizim qəhrəman ordumuz, generallarımız, zabit və əsgərlərimiz müharibənin taleyini həll edib - bütün bu proseslərə çox böyük ustalıqla həm diplomatiya, həm hərb sahəsində rəhbərlik edən Prezident, Ali Baş Komandanın başçılığı altında. Hesab edirəm ki, bütün bu proseslər dünyanın gözü qarşısında baş verdiyinə görə hansı xarici ekspertlərə qulaq asırsan, hətta ermənipərəst mövqeli ekspertlər də etiraf edirlər ki, Azərbaycan ordusu qalib gəlib və Ermənistanın məğlubiyyəti qaçılmazdır.

- Rusiya prezidentinin son açıqlamaları erməniləri sarsıdan bir mövqe oldu, deyə yanaşmalar var. Siz Putinin mövqeyini necə dəyərləndirirsiniz?

- Putinin də mövqeyi elə oldu, hətta İran prezidentinin səlahiyyətli nümayəndəsi bu hadisələrlə bağlı bəyanat verdi. Onun açdığı plan faktiki olaraq Azərbaycan torpaqlarının hamısının işğaldan azad olunmasını nəzərdə tutur. Ermənilərə də bunun əvəzində hansısa böyük güzəştlər də təklif olunmur. Yəni bütün dövlətlər, beynəlxalq ictimaiyyət indi yeni yaranmış status-kvonu nəzərə almağa məcburdur. Azərbaycan Prezidenti dediyi kimi, status-kvo dəyişdi. İndi reallıqlar dəyişib. Əgər əvvəllər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların azad olunması müqabilində bizdən çox böyük güzəştlər tələb edilirdisə, indi artıq biz o torpaqları azad etmişik. İndi 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir. Yəni həm Dağlıq Qarabağın ətrafındakı 7 işğal olunmuş rayonlar Azərbaycan torpaqlarıdır, eyni zamanda Dağlıq Qarabağ özü də Azərbaycan torpağıdır. Artıq biz Qarabağı aran və dağlıq hissəyə bölmürük, Qarabağ Azərbaycan torpağıdır və bütün Qarabağın hər bir şəhərində və kəndində Azərbaycan bayrağı dalğalanmalıdır. Hərbi diplomatiya anlayışı var və bu amil beynəlxalq münasibətlərdə çox böyük rol oynayır. Bu mənada hesab edirəm ki, Azərbaycanın ən güclü diplomatları - təbii ki, Prezidenti çıxmaq şərtilə - korpus komandirləri və xüsusi təyinatlı qüvvələrin komandanları, bizim generallarımızdır ki, o torpaqları azad edirlər. Onlar artıq həm Azərbaycan diplomatiyası, həm vasitəçilər, beynəlxalq vasitəçilər üçün yeni diplomatik status-kvo cızırlar. Hamı da yeni status-kvonu qəbul etməyə, nəzərə almağa məcburdur.

- Eldar bəy, illər boyunca Türkiyəni Qarabağ məsələsinin tənzimlənməsi prosesinə yaxın qoymayan Rusiya rəhbərliyi indi Ankaranın da həll prosesində iştirakını mümkün saydı. Siz Azərbaycan prezidentinin də dediyi kimi, 2+2 formulunun baş tutacağına inanırsınızmı? Yeri gəlmişkən, bir müddət əvvəl siz Türkiyənin bu məsələlərdə iştirakını zəruri saymışdınız...

- Bəli, mən elə sizin qəzetə və saytınıza müsahibələrimdə demişdim ki, Moskva-Bakı-İrəvan üçbucağı bizi qane etmir. Çünki üçbucağın bir tərəfi torpaqlarımızı işğal edən, digəri işğalçı dövlətin hərbi müttəfiqidir. Açıq deyilməsə də, Azərbaycan bu üçbucaqda təklənmiş şəkildədir. Ona görə də bu danışıqlardan müsbət nəticə əldə etmək mümkün deyil. Təklif etmişdim ki, biz bu üçbucağı dördbucaq etməliyik, Türkiyə bura daxil olmalıdır. İndi həmin proses addım-addım baş verir. 2+2 formulu elə mən təklif etdiyim dördbucaq formulasdırır. Mən əminəm ki, bütün ciddi məsələlər məhz bu formatda müzakirə olunacaq. Xarici ekspertlər də burada bir məqamı nəzərə almırlar. Söhbət ondan gedir ki, axı, bizim bölgədə iki ciddi konflikt mövcuddur: birinicisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları. Bu yaxanlarda, müharibədən təqribən bir ay əvvəl Ermənistan rəhbərliyi bədnam Sevr müqaviləsini reklam etməyə başlamışdı ki, biz onu bərpa etməliyik. Vaxtilə Osmanlı Türkiyəsi Birinci Dünya müharibəsində məğlub olandan sonra faktiki olaraq Türkiyənin dünya siyasi xəritəsindən silinməsinə xidmət edən alçaldıcı bir müqavilə - Sevr müqaviləsi hazırlanmışdı.

- Ermənistana 150 min kv km-lik ərazi vəd olunmuşdu...

- Həm ermənilərə, həm yunanlara böyük bir ərazi verilirdi, Türkiyənin qalan hissəsində də ya Böyük Britaniya, Fransanın direktoriyaları yaradılırdı. Yəni demək olar ki, Türkiyə bir müstəqil dövlət kimi siyasi səhnədən silinirdi. Onda Türkiyənin böyük oğlu Atatürk azadlıq hərəkatına başladı və Sevr müqaviləsi də heç qüvvəyə minmədi, ləğv olundu, onun əvəzinə də Lozanna müqaviləsi imzalandı. İndi təsəvvür edin, Paşinyan müharibədən ay yarım əvvəl bəyanatlar verməyə başlamışdı ki, Sevr müqaviləsini bərpa etməliyik, onu imzalayan dövlətlərin koalisiyasını yığmalıyıq. Bu, faktiki olaraq Türkiyəyə müharibə elan etməyə bərabər bir addım idi. Ermənistanın xarici siyasətinin prioriteti Türkiyəni parçalamaq, Türkiyənin torpaqlarını zəbt eləməkdən ibarətdir. Erməni tərəfi prezident, baş nazir səviyyəsində belə bir ağlasığmaz, bir avantürist bəyanatlarla çıxış etməyə başladılar. Bəllidir ki, Türkiyə-Ermənistan münasibətlərini nizamlamaq üçün vaxtilə Sürix protokolları imzalanmışdı. Yəni ki, dövlətlər arasında müəyyən bir razılığa gəlinsin, sərhədlər açılsın. Həmin o protokollar imzalananda ATƏT-in Minsk Qrupu da orda iştirak edirdi. Çünki başa düşürdülər ki, Türkiyə-Ermənistan münasibətləri ilə Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ münaqişəsinin arasında çox ciddi bağlılıq var. O dövrdə Azərbaycan bu protokollara etiraz etdi və Türkiyə Azərbaycanın mövqeyini nəzərə alıb, onu ratifikasiya etmədi. Bunları xatırlamaqda məqsədim budur ki, əslinə qalsa, bölgədə sülhün bərqərar olması üçün Türkiyənin rolu qaçılmazdır və vacibdir. Mən hesab ki, buna bir paket kimi baxmaq lazımdır. Biz eyni zamanda Azərbaycan Prezidentinin təklif etdiyi 2+2 formulu - mən vaxtilə bunu dördbucaq adlandırmışdım, eyni yanaşmadır - çərçivəsində kompleks şəklində bütün Cənubi Qafqazın geopolitik problemlərinin bir neçəsini həll edə bilərik. Yəni həm Azərbaycanın ərazi bütövlüyü bərpa oluna, qaçqınlarımız doğma yurd-yuvalarına qayıda bilər, suverenliyimiz bərpa olunar, eyni zamanda Türkiyə ilə Ermənistan arasında sərhədlər açılar. Ermənistan artıq gələcəkdə nə Türkiyə, nə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz.


- Ermənistan yarandığı dövrdən bəri namərdlik edib, ermənilər iç üzlərini həmişə göstəriblər. Əminsinizmi ki, Qarabağ işğaldan azad olunandan sonra bu terrorçu ölkə yenidən toparlanıb Azərbaycan ərazilərinə təcavüz etməyəcək? Bunun olmaması üçün nə təklif edirsiniz, bəlkə Ermənistanın orduya sahib olmamasına, yaxud silahlanmasının beynəlxalq nəzarətdə olmasına təkid edilsin?

- Məhz sizin dediyiniz halları istisna etmək üçün Türkiyə bu danışıqlarda iştirak etməlidir. Həm bütün sazişlərin qarantı kimi, Rusiya ilə bərabər. Belə olan halda dediyiniz təhlükələr artıq mümkün olmayacaq. Mən Türkiyəni məhz Cənubi Qafqazın geopolitikasında həlledici rol oynayan dövlət kimi görürəm və bunun da tarixi əsasları var.

- Yəni Türkiyə yalnız Naxçıvan Muxtar Respublikasının deyil, ümumiyyətlə, Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısı statusunda çıxış etməlidir?

- Vaxtilə Cənubi Qafqaz respublikalarının sərhədləri Qars müqaviləsi əsasında müəyyənləşmişdi. Əvvəlcə Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi var idi. Ondan sonra Qars müqaviləsi imzalandı, orda Türkiyə, Rusiya bir tərəfdən, Azərbaycan, Ermənistan, Gürcüstan digər tərəfdən... Türkiyənin imzası ilə bu gün həm Azərbaycan, həm Gürcüstan, həm Ermənistanın sərhədləri çəkilib. Türkiyənin imzası və möhürü ilə! Bunu ruslar yaddan çıxartmalı və inkar etməli deyillər. Onlar deyəndə ki, Türkiyə bizim maraq dairəmizə daxil olur, müdaxilə etmək istəyir... Necə yəni sizin maraq dairəniz? Bu bölgənin bütün sərhədləri Türkiyənin imzası, möhürü ilə çəkilib vaxtilə. Türkiyə qarant durub o zaman, ona görə Cənubi Qafqazın sərhədləri bu şəkildə çəkilib. Ona görə də Türkiyənin rolunu burada kim dana bilər? Hesab edirəm ki, yeni böyük razılaşma olmalıdır və Türkiyə Cənubi Qafqazın geopolitikasının aparıcı dövləti kimi iştirak etməlidir. Buna Türkiyənin daha çox əsasları var, nəinki Rusiyanın. Ona görə ki, Türkiyə Cənubi Qafqaz respublikalarının ikisi ilə yaxın müttəfiqdir, həm Azərbaycan, həm də Gürcüstanla. Rusiyanınsa bir müttəfiqi var - Ermənistan. O da artıq Qərbə doğru baxır və Rusiyanın təsiri altından çıxmağa imkan axtarır. Ona görə də bu bölgədə söz sahibliyinə əsaslı iddiaları olan yeganə ölkə Türkiyədir. Moskvada kiminsə xoşuna gəldi-gəlmədi, bunu hamı qəbul etməlidir. Bəlkə Qərbdə də çoxlarının xoşuna gəlmir, amma özləri bilər, reallıq var, güclərin balansı var. Bu reallığı da hər kəs qəbul etməyə məcbur olacaq (“Yeni Müsavat”).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr