Erməni işğalı Azərbaycanın sığorta bazarına nə qədər zərər vurub? - RƏSMİ
Erməni işğalının Azərbaycan sığorta bazarına vurduğu zərərlər açıqlanıb.
Tv 713. az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata əsasən, analitik araşdırma qrupu təcavüzkar Ermənistanın bu günə qədər işğalı altında olan Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.
30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin 20 faizinin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb.
Bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 1 ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbilə itirdiyi maddi vəsaitdir.
Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nəzərə alsaq, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə bir milyard manata yaxındır.