DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN TÜRK ALİMİ PROFESSOR DOKTOR MƏHƏMMƏDTAĞI ZEHTABİ ŞƏBÜSTƏRLİ ( KİRİŞÇİ )
AYDIN MƏDƏT OĞLU QASIMLI
filologiya üzrə fəlsəfə doktoru
I Yazı
Məhəmmədtağı Zehtabi Şəbüstərli 1923-cü ilin oktyabr ayında Təbriz yaxınlığındakı Şəbüstər qəsəbəsinin “ Çay “ adlı küçəsində anadan olmuş, ilk və orta məktəbi Təbrizdə bitirmiş, Güney Azərbaycan Milli Hökuməti tərəfindən açılan Təbriz Universitetinin ilk məzunlarından olmuşdur.
Gənc yaşlarından öz xalqının Milli Varlığı və Azadlığı uğrunda mübarizəyə qoşulan Zehtabi Güney Azərbaycan Milli Hökuməti “ qan dənizində “ boğulduqdan sonra ölkədəki şovinist şah rejiminin siyasi təqiblərindən qurtulmaq üçün bir qrup mübarizə silahdaşları ilə bərabər Quzey Azərbaycana mühacirət etmiş, lakin Sovet hökuməti onu Bakıya deyil, heç bir təqsiri olmadan 3 il müddətinə Sibirə sürgünə göndərmişdi.Sürgün dövrü bitdikdən sonra onu azad etməmiş, yenidən Düşənbə şəhərinə sürgünə göndərmişlər. Burada o, Təbrizdə aldığı bütün sənədləri yox olduğu üçün təkrar imtahan verərək diplom almış və nəhayət Bakıya gələrək Azərbaycan Dövlət Universitetində azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək “ Filologiya elmləri namizədi alimlik dərəcəsi “ almış və bu Universitetin Şərqşünaslıq fakültəsində Ərəb ədəbiyyatından dərs demişdir.
Onun Şərqşünaslıq fakültəsində oxuyan tələbələri Əbülfəz Elçibəy ( Tarix elmləri namizədi, dosent, Azərbaycan Respublikasının Prezidenti -7 iyun 1992- 15 iyun 1993 ), Zakir Məmmədov ( Fəlsəfə elmləri doktoru, professor ), Malik Mahmudov ( Filologiya elmləri doktoru, professor ), Rafiq İsmayılov ( Tarix elmləri doktoru, professor ), Vasim Məmmədəliyev ( Filologiya elmləri doktoru, professor ), Zöhrab Bayramov ( Filologiya elmləri namizədi ) və s. Respublikanın tanınmış alimlərindən olmaqla yanaşı, sonradan Quzey Azərbayca Xalq Hərəkatının aparıcılarından və Azərbaycanın müstəqilliyə nail olmasında xüsusi rolu olan şəxsiyyətlərindən olmuşlar.
Zehtabi hələ şovinist Pəhləvi rejiminin tüğyan etdiyi, türkcə təhsilə və hətta türkcə danışmağa belə yasaq qoyulduğu bir vaxtda “ Sən osan, Mən də buyam !” adlı şeirində öz etirazını açıq şəkildə bəyan etmişdi :
“ Su deyibdir mənə əvvəldə anam, ab ki yoх. Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
Ilk dəfə ki, çörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əхtər deməyibdir mənə, ulduz deyib o. Su donanda deməyibdir yəхdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o. Mənə heç vaхt biya söyləməyib gəl deyib o.
Yaхşı хatırlayıram, yaz günü aхşam çağılar,
Bağçanın günçıхanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala. Gəlməsən gər bacıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to. Gən nəayi be zənəm şane səri хahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məхsus olan başqa elim vardı mənim.
Elimə məхsus olan başqa dilim vardı mənim.
Istəsən qardaş olaq, bir yaşayaq, birlik edək, Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək aхmayasan, Saniyən, varlığıma, хalqıma хor baхmayasan.
Yoхsa gər zor deyəsən, millətimi хar edəsən.
Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən" (Təbriz, 22 Azər 1325/1946.)
Zehtabi iştirakçısı olduğu “ 21 Azər “ hərəkatı haqqında yazdığı məqalədə Azərbaycan Demokrat Firqəsinin Azərbaycan və ümumən Yaxın Şərq xalqlarının Milli Azadlıq Hərəkatlarındakı mühüm rolunu qeyd edərək yazır :
«…Bu hərəkat II Dünya müharibəsindən sonra ümumən Iran və Azərbaycan azadlıq hərəkatının, хüsusən milli azadlıq hərəkatının zirvəsidir. Bu hərəkat əleyhinə olanlar, istər daхildə və istərsə də хaricdə separatizm adlandırsalar və onun biganələrin əliylə yarandığnı iddia etsələr də o, əslində, … heç bir хarici əl vasitəsilə yoх, dövrün ictimai hadisələrinin istəyi və iradəsi ilə yaranmışdı… «21 Azər» hərəkatında ən əsas məsələlərdən biri də milli hüquq məsələsiydi, lakin o bu hüququ təkcə Azərbaycanlılar üçün yoх, həm də bütün Iranda yaşayan хalqlar üçün istəyirdi. Azərbaycan Demokrat Firqəsi Iranda azadlıq və demokratiyanın bərqərar olmasını bir tərəfdən azadхah qüvvələrin köməyi, ikinci tərəfdən isə, məhrum millətlərin Azərbaycan kimi öz milli hüquqlarına çatması yolu ilə başa düşür. Çünki Firqə və onun rəhbərləri milli zülmün acısını dadmış və çoх millətli Iranda milli qüvvənin necə böyük qüdrət olduğunu yaхşı bilirdilər. Onlar yaхşı başa düşürdülər ki, əgər məhrum Iran millətləri Azərbaycan kimi öz hüquqlarını almaq üçün birlikdə ayağa qalхsalar, Iran irticası mütləq yıхılacaqdır… II Dünya müharibəsindən sonra «21 Azər» hərəkatı dünyada qələbə çalan birinci milli azadlıq hərəkatı idi. Buna görə də, bütün dünya хalqlarının diqqətini cəlb etmişdi. Əgər 1946-1947-ci illərdə «Azərbaycan» qəzetinin səhifələrinə baхsanız, Fransa və s. Avropa ölkələrinin ictimai-siyasi təşkilatlarını və siyasi şəхsiyyətlərinin «21 Azər»in qələbəsi münasibətilə göndərdikləri təbrik teleqramları diqqəti cəlb edəcəkdir. «21 Azər» zamanı bütün Şərq və Afrika хalqları, o cümlədən Yaхın və Orta Şərq regionu хalqları istibdad və imperializmin pəncəsi altında ən ağır və fəlakətli günlər keçirirdilər. Bu хalqların azadхahları, o cümlədən Iraq, Əlcəzair, Tunis və s. ölkə və хalqların mütərəqqi şəхsləri kimi və ya şifahi şəkildə «21 Azər» hərəkatını səmimi qəlbdən təbrik etmiş və ondan böyük ümid gözlədiklərini bildirmişlər. «21 Azər» hərəkatı bu хalqların mübarizə ruhunun güclənməsinə ciddi təsir etmişdir». ( Bax : Məhəmmədtağı Zehtabi. “ Ərməğan-e Azərbaycan “ dərgisi ( türk və fars dillərində ), “ 21 Azər ” nehzətinin yaranması, 3-cü il, № 40, Doşənbe. 15 Azər ayı 1383, səh. 74- 77 ).
Zehtabi xaricdə olduğu dövrdə ilk dəfə olaraq ana dilində “ İran Türklərinin sərfi (morfologiyası-A.M. Q.) adlı əsərini yazıb çap etdirmişdi.
Alim Azərbaycanın XX əsr tarixində ilk dəfə olaraq 1981-ci ildə “ Mütərəqqi İran Türklərinin Roşənfikirlilər Cəmiyyəti “ni yaratmış və “ Birlik “adlı aylıq türkcə və farsca dərgi nəşr etdirmişdi.
Şovinist şah rejimi devrildikdən sonra Vətəni Təbrizə qayıdan Professor- Doktor Zehtabi Təbriz Universitetində “ Türk dili və ədəbiyyatı fənnindədən dərs demiş və burada çoxlu milli ruhlu tələbələr yetişdirmişdir. Alim Təbrizdə öz elmi tədqiqatlarını davam etdirmiş, özünün iki cildlik “ İran Türklərinin əski tarixi “ adlı monumental əsərini yazıb, Təbrizdə çap çap etdirmiş, bununla da Azərbaycan tarixşünaslığında yeni metodologiya ilə yeni bir cığır açmışdır.
Müəllifin 880 səhifəlik “ İran Türklərinin əski tarixi “ nin birinci cildi ən qədim dövrdən İskəndərə qədərki dövrü əhatə edir və əsasən Sumerlərin mənşəyi, dini təsəvvürü, yazısı,qanunları, həyat tərzi, mədəniyyəti, bəşəriyyətə bəxş etdikləri mədəniyyət nümunələrindən və onların süqutundan, Sumer-Türk dillərinin əlaqəsi və söslərinin müqayisəsindən, Akkadlar və Samilərdən, Akkadların şahlıq sülalərindən, Babillərdən, Elamlardan, onların şahlıq sülalələrindən, Elamın süqutundan, Hititlərdən, onların ictimai-siyasi quruluşu və mədəniyyətindən, Kassilərdən, onların dili və mədəniyyətindən, Hurrilərdən, onların dili və mədəniyyətindən, Urartulardan, onların hökmdarlarından, dilindən, dini anlayışlarından, mədəniyyətlərindən, yazılarından, Azərbaycanla əlaqəsindən, Assur İmperatorluğunun dövrlərindən, Assurların davamlı hücumlarından, Assurlara qarşı üsyanlardan, Assurlara qarşı İşquz-Manna-Mad ittihadından, Assur İmperatorluğuna qarşı Madların döyüşündən, Babilin vəziyyətindən və Mad- Babil ittifaqı nəticəsində Niniva və qarşılıqlı olaraq Assur İmperatorluğunun süqutundan, Azərbaycanda ilk insan izlərindən, Azərbaycanın ən qədim və yeni daş dövründən, Azərbaycanın ilk ictimai quruluşundan, misin kəşvindən, Azərbaycanın dəmir və tunc dövründən, Qobustan qayaüstü rəsm yazılarından, Həmədan ətrafında arxeoloji qazıntılar nəticəsində tapılan qadim əsərlərdən, Azərbaycan ərazisindəki qədim mədəniyyət qalıqları olan mərkəzlərdən, Kür- Araz mədəniyyətindən, birinci və ikinci Kültəpədən arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi mədəniyyət nümunələrindən, HindAvropalıların məntəqəmizə gəlişindən əvvəl Qərbi Azərbaycanda ilk dövlət və mədəniyyətindən, təbii sərvətlərindən, Azərbaycan ərazisindəki ilk insan və xalqlardan, Azərbaycan ərazisindəki ilk dövlətlər olan Quti, Lullubi və onların hakimiyyəti dövründən, dili, dini və mədəniyyətindən, İşquz dövlətinin yaranması və süqutundan, Manna-Mad dövlətinin yaranması və bu məntəqənin əsas qövmündən, Mad İmperatorluğunun ictimai və milli tərkibindən, Mad dövlətinin siyasi quruluşu, dili, dini, əlifbası, yazısı, ədəbiyyatı, mədəniyyəti və milli siyasətindən, elmindən, su saatından, tibb və baytarlığından, incəsənət, memarlıq, heykəltəraşlıq və musiqisindən, ikinci Sarqonun lövhəsində Mannaya aid hissədən, Aşurbanapalın Manna ilə əlaqədar yazısından, birinci Argiştinin illiyindən, Mad hökmdarı Astiyaqdan, saray çevrilişi edib Astiyaqı taxtdan salan saray əyanı Harpaqdan, fürsətdən istifadə edərək Astiyaqın qız nəvəsi Kuruşun Mad taxtına oturmasından və onların son aqibətindən, Mərkəzi Mad və Mannanın Həxamanişlər dövründən, o dövrdə baş vermiş qiyamlardan və onların məğlub olma səbəblərindən, “ Türk “ sözünün kökü, mənası və tarixindən, Buntürklər və Türkütlərdən, Zərdüşt ( oxu : Azər Peyğəmbər-A.M.Q.), Zərdüştün doğulduğu yer və Zərdüştün vətənindən, “ Avesta “dan, onun qatları və ilkin qatların dilindən, Muğlardan , Novruz Bayramı və onunla bağlı mərasimlərdən, Boz Qurda münasibətdən və s. ətraflı elmi məlumatlar vermişdir. ( Bax : Prof, Dr.Məhəmmədtağı Zehtabi ( Kirişçi ), İran Türklərinin əski tarixi, Birinci cild : Ən qədim dövrdən İskəndərə qədər, Təbriz – 1378 )
Zehtabi bütün elmi araşdırmalarında olduğu kimi bu əsərində də əsasən tarixşünaslıqda yol verilmişməsələlərə ilk dəfə aydınlıq gətirmiş, özünəqədərki bütün səhf tədqiqatlara qarşı çıxmış, özünün fakta dayanan elmi araşdırmaları ilə cavab vermişdir. Belə ki, müəllif Kaslarla ( Kassitlərlə-A.M.Q.) bağlı tarixşünaslıqdakı heç bir elmi əsasa dayanmayan, tarixdən tarixə köçürülən fikir və mülahizələri saf-çürük etmiş və tarixi qaynaqlara əsaslanaraq göstərmişdi ki, Kaslar Türkdürlər.O.əsərində Kasların dilinin Şumer, Elam, Kuti və Lullu dillərinə yaxın və iltisaqi dil olduğunu göstərmiş, bunu onların köklərinin, etnik xüsusiyyətlərinin və şəxs adlarının eyniliyi ilə əlaqələndirmiş və göstərmişdr ki, Kassi dili bir tərəfdən cənub qonşuları Elamların, digər tərəfdən isə şimal qonşuları Kutti-Lulluların dili ilə yaxın idi. Bu isə onların kök və etnik xüsusiyyətləri ilə əlaqədar idi. Yəni Kassilər və Kutti-Lullubirlər Şumer və ya Elam ellərinin Orta Asiyadan Azərbaycan və Zaqros dağlarının hər iki tərəfi ilə İraq və Xuzistana köçdükləri zamanlar onlardan ayrılıb bu yerlərdə qalan el və obalardan meydana gəlmişdi. Buna görə də dilləri bir-birinə yaxın idi. (Seçmələr bizimdir – A.M. Bax: Prof. Dr. Məmmədtağı Zehtabi. İran Türklərinin əski tarixi, I cild, Təbriz, hicri 1378, səh91).
Kas Türklərinin bu maddi mədəniyyət nümunələri eradan əvvəl II minilliyin ortalarına aid idi. Kassilərin maddi mədəniyyət nümunələrindən günümüzdə bir sıra at yəhəri, at noxtası, əsləhə, zinət əşyaları, araba və onun hissələri, dağ keçisi, pələng, aslan, öküz, at, qartal başı, balıq pərləri şəkilləri ilə bəzədilmiş sehr, cadu allahlarla əlaqədar dini mərasimlərə aid müxtəlif əşyalar əldə edilsə də. Kas Türklərinə aid xeyli miqdarda maddi mədəniyyət nümunələri 1920-1930-cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində vəhşicəsinə məhv edlmiş, bir qismi isə Avropaya aparılmışdır. Kassilər də Elamlar kimi bu gün də Loristanın şimal və şimal şərqində, Həmədan və Əsədəbadın qəqb tərəfində yerləşən Sunqur şəhəri və onun geniş ətraflı kəndəlri və hələlik bizə məlum olmayan bəzi məntəqələrin əhalisi Kassilərin nəsli olaraq öz dillərini qoruyub saxlamışlar. Bir sıra şovinist İran tarixçiləri Elam və Kassilərin bütün varlığına qırmızı qələm çəkərək Xuzistanda yaşayan Elamlıların nəslini və Loristanda həyat sürən Kassilərin nəsli olan böyük Türk əhalisini görməməzliyə vurub hamısını fars qələmə verirlər. Halbuki onlar Elam və Kassilər dövründən və ondan sonra da tarix boyu həmişə Türkcə danışmış və bu gün də Azərbaycan türkcəsinin bir ləhcəsində danışırlar. Sunqur, oranın ətrafı və ümumiyyətlə Kassilərin nəsli olan bu Türklər bu gün də şimal-qərb tərəfindən kürdlər, cənubi-şərq tərəfindən lorlar və farslar tərəfindən təərrüzə məruz qalmaqdadırlar. (Seçmələr bizimdir – A.M. Bax: Prof.Dr. Məhəmmədtağı Zehtabi, göstərilən əsəri, I cild, səh. 93).
Müəllif əsərinin Madlarla bağlı hissəsində Mad hökmdarı Astiyaq, Madların saray əyanı Harpaq və Astiyaqın qız nəvəsi Kuruşla bağlı yazır : “Uzun müddət bir mühütdə – Astiyaqın sarayında olduqları üçün Harpaq ilk gənclik dövrlərindən başlayaraq Kuruşa təsir etmiş, öz fikrini ona aşılamış və bildirmişdi ki, Muğ Spitama səltənət üzvlərindən olmadığı halda canişin və vəliəhd təyin olunmuşdur. Halbuki Astiyaqın nəvəsi Kuruş var və o, hər cəhətdən şahlığa layiq və yararlıdır. (Bax: Məmmədtağı Zehtabi, İran türklərinin əski tarixi, I cild, Təbriz, hicri 1378, səh. 618, 619).
Heredot, Harpaqla Kuruşun Astiyaqa qarşı birgə mübarizə apardıqlarını qeyd edərək göstərir ki, Harpaq Kuruşa bir məktub yazmış və bildirmişdi ki: «əgər mənə etimad etsən, Astiyaqın hökmran olduğu bütün məmləkətlərə şah olacaqsan. Parsları qiyama qaldırıb Madlarla döyüşə gətir. Əgər Astiyaq məni ordu başçsısı təyin etsə, iş sənin istədiyin kimi olacaqdır və əgər başqa bir Madı bu işə təyin etsə də fərq etməz. Ona görə ki, Mad nəcibləri hamıdan tez Astiyaqdan üz döndərəcək və səninlə birlikdə onu taxtdan salacaqlar. Burada bütün hazırlıq işləri görüldüyü üçün tez gəl!». (İqtibas Məhəmmədtağı Zehtabinin göstərilən əsərindən götürülmüşdür. Bax: səh.623).
Müəllifin 696 səhifəlik ikinci cildi isə İskəndər dövründən İslama qədərki dövrü əhatə edir və əsasən İskəndərin hücumu nəticəsində Həxaməniş İmperatorluğunun tarix sənəsindən silinməsindən, Mad- Atropaten dövlətinin yaranmasından, Atropaten əhalisinin etnik tərkibindən, Atropatenin Sələvki dövründən, Alban dövləti və Albaniyanın etnik tərkibindən, Albaniyanın Həxamənişlər dövründən, Partlar, onların etnik mənsubiyyəti, Partların tarixinin təhrif edilməsindən, Atropatenin Partlar dövründən, Part hökmdarlarından, Part İmperatorluğunu əraziləri, Part cəmiyyətinin törkibi, Part ordusunun quruluşu, onların paytaxtı, dini dünyagörüşü, elmi, dilləri, yazısı, ədəbiyyatı, adət-ənənləri, maliyyə vəsaiti, parası, memarlığı, nədəniyyəti və incəsənətindən, Əşkanilər və onların dini siyasətlərindən, Əşkanilərlə Sasani hakimiyyətlərinin əsas fərqlərindən, Saklarla İskəndərin əlaqəsindən, Alanlar və onların kimliyindən, Ərsaklılar, onların hökmdarları və məğlub olma səbəblərindən, Sasanilər, onların şovinizmi, Azərbaycanda yürütdükləri siyasətin hədəfləri, Sasani şahlarının tarixi təhrif etmələri, Mani Peyğəmbərin həyat və fəaliyyəti, yaratdığı “ yetirməsindən, Qafqaz xalqlarının və Albanların Sasanilərə qarşı üsyanlarından, Məzdək Təbrizlinin həyat və fəaliyyəti, “ Məzdəkilik Hərəkatı “ , onun və silahdaşlarının Sasani hökmdarı tərəfindən hiylə ilə qəddarlıqla öldürməsindən, Sasanilər dövrü Azərbaycan mədəniyyətindən və nəhayət Ərəb Xilafəti tərəfindən tarix səhnəsindən silməsindən, Hunlardan, Alban dövləti, Alban hökmdarları, Alban əlifbası, Alban Ərşakiləri və Mehranilər dövrü Alban mədəniyyətindən, Mehranilərdən, Xəzərlərdən, onların Albaniyaya hücumlarından, Xəzərlərdə Yəhudi dinindən, Göy Türklər, onları əlifbası, tarixi yazılı abidələri və mədəniyyətlərindən, Azərbaycanın Naxçıvan, Bərdə, Dərbənd, Qəbələ, Şəki, Şamaxı, Şirvan, Bakı, Şabran, Muğan, Biləsuvar, Təbriz və Gəncə şəhərlərindən, Azərbaycan xalqının təşəkkülü və ədəbi Azərbaycan Türkcəsinin formalaşmasından, Türklərdə yazı və əlifbadan elmi şəkildə bəhs etmişdir ( Bax : Prof. Dr. Məhəmmədtağı Zehtabi, İran Türklərinin əski tarixi, İkinci cild : İskəndər dövründən İslama qədər,Təbriz 1379 ).