Mətbuat Şurası Semyon Peqovla bağlı müraciət ünvanlayıb

Manset 24-noy, 01:199 tv713 179 0
Mətbuat Şurası  Semyon Peqovla bağlı müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət ünvanlayıb.

Tv 713. az həmin müraciətin mətnini təqdim edir:

"Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.

Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Dağlıq Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir. İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Dağlıq Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.

Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.

Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistlika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Dağlıq Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanırıq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinspiallıq həmçinin Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr