"QARA YAQUAR" ŞUŞA DAĞLARINDA
Dağların pələngi, şiri - RAMİD MUSAYEV
Alına bilməsi mümkün olmayan Şuşa qalasını əlbəyaxa döyüşlərdə mənfur düşməndən azad edənlərdən biri, ağlasığmaz şücaətlər göstərən qəhrəmanımız – “Qara Yaquar” ləqəbli Ramid Ağaxan oğlu Musayevi siz də tanıyın.
Yardımlı rayonunun Daşkənd məhəlləsindən olan bu cəngavər döyüşçü Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir.
Bilənlər bilir ki, Xüsusi Təyinatlı Qüvvələr hərbçilər arasında elit döyüş dəstələri hesab edilirlər. Orada xidmət etmək üçün təşkil olunan 6 aylıq kurslarda şəxsi dözümlülük və cəsarət sınaqdan çıxarılır. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq heç də asan başa gəlmir. Bu quruma qəbul edilənlərin çox az bir hissəsi sonradan “Qırmızı beret” sertifikatını ala bilir. Burada kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərdə məşqlər edir, günlərlə ac və susuz qalır, hər cür ağrıya, acıya dözməyi öyrənirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər.
Belə sərt sınaqlardan alnıaçıq çıxan Ramid bütün bunlarla bağlı özü təvazökarlıq edib əlavə məlumat bildirməsə də, ancaq komandirinin söylədiyinə görə, Ramid 44 günlük Vətən müharibəsi başlayandan işğalda olan ərazilərin azad edilməsində, Şuşa uğrunda əlbəyaxa, döş-döşə döyüşlərdə əsil igidlik göstərib.
Uşaqlığı, ilk gənclik illəri Yardımlı rayonunun daş-kəsəkli gədiklərində, dimdik zirvə yoxuşlarında keçdiyi üçün Ramid Qarabağda da qartal dəyanəti ilə seçilib. Qayaları caynağında saxlayıb. Döyüş dostları ilə bərabər Şuşa qalasına qarış-qarış dişiylə, dırnağıyla dırmaşıb və ölüm dirim savaşında yurda sahib çıxmağı bacarıb, tapşırığı layiqincə yerinə yetirib. Dağların pələngi, şiri, olduğunu əməliylə sübuta yetirib.
Bu müqəddəs yolda yaralanan silahdaşlarını döyüş meydanında qoymayıb, yaralı dostlarını çiynində daşıyaraq düşmənin tam zərərsizləşdirilməsinə nail olub. Mənfur, kəmfürsət qəsbkarlara qarşı Ramid də döyüş yoldaşları kimi tapança ilə, süngü ilə vuruşub. Şuşanı fəth edən zaman Ramid yaralansa da, yolundan dönməyib, bir addım belə geri durmayıb və zəfər yürüşünün sonuna çataraq Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut edən ərənlərimizdən olub.
"Qara Yaquar" ləqəbli Ramid Musayev hazırda yaralı ola-ola xidməti borcunu yenə də davam etdirir. Tanrı belə igidlərimizi, belə cəngavərlərimizi qorusun! Yurdumuz belə Qəhrəmanlarımız sayəsində var olub və var olacaq da.....
RAMİD KİMİ VƏTƏNLƏŞMİŞ OĞULLARIMIZ, YURD FƏDAİLƏRİMİZlə nəinki ucqar dağ rayonu olan Yardımlı, bütövlükdə 350 milyonluq Türk Dünyası fəxr edir!
TANRI müzəffər Azərbaycan ordusunun qorusun!
TANRI millətimizi, dövlətimizi qorusun!
Qarabağ Azərbaycandır!
Əli Nəcəfxanlı
"Yardımlının səsi" qəzeti