Mənim kədərimin rəngi
TAMİLLA QULAMİ
Bütün marketləri ələk-vələk etdikdən sonra az qala belim bükülmüş, dizlərim taqətdən düşmüş vəziyyətdə iki yolun ayrıcında donub qalmışdım. Maşınların siqnalını belə qulaqlarım eşitmirdi. Bir nəfərin əlini çiynimə vurub əsəblə “xanım, az qala qəza törətmişdiniz” deməsini ruhsuz, sakitcə qarşılayıb axtarmağa davam etdim. Uzaqdan məhəllələrarası xırda bir market gözümə dəydi, yanında gilənar yeşiyi... Qara qırmızı...
...Xəstəxanada palatadan çıxanda anam dedi ki, Tamilla, tez gəl, birdən yenə ürəyim dayanar, sən gələnədək kimsə olmaz yanımda. Telefonunu yanına qoydum ki, azacıq da olsa, narahatlıq hiss etsən, həmən zəng et, tez qaçıb gələcəm.
Ən son yazdığı mesaj "Borjom da al", mənim də ən son yazdığım "Yaxşı" idi. Adətən "yaxşı" yazmıram, "tamam" yazıram. Elə bilirdim sanki hər şeydə o zamanlar bütün yazılan, deyilən "yaxşı"ların yaxşı da enerjisi olacaq...
Gilənarı alıb gəldim, sirkəyə qoydum. Bu həyatda heç nədə gözü olmayan anam elə səbrsizliklə gözləyirdi ki məni...
Boşqab dolusu gilənarı iştahla, bəhbəhlə yedi, pozitiv enerjiylə danışdıq, güldük... Elə bildim hər şey getdi, qanında dolaşan lənətəgəlmiş xərçəng ağappaq libas geyinib gilənar rəngdə qanını yeməyəcəkdi daha...
Üzbəüz oturduq, qəfildən əlini boğazının üstünə qoyub dedi ki, elə bil canım burdadı e, indicə çıxacaq... ...dedi və getdi... Ürək döyüntüsü düşdü 25-26-ya...
8 iyundan bir gün əvvəl xalam yanındaykən də (o sərt karantinin ilk şənbə-bazarı) ürəyi dayanmışdı, oyananda həkimə "sanki quyuya düşdüm, bacımın səsi oyatdı məni" demişdi.
O an elə bildim yenə də o gedişdəndir. Dayanmadan çağırdım, çağırdım... Ağrımı susdurub, parça-parça olmuş ürəyimə daş basıb, elə çağırırdım ki, qorxmasın, elə çağırırdım ki, düşünməsin ki, yenə quyuya düşüb, elə çağırırdım ki, ölümünü bilməsin... Qorxmasın orda tək...
Aparata qoşdular... Hamı gəldi yanıma, hamı minnətçi düşdü az qala...
-Eqoistlik edirsən, incidirsən, burax, rahat tapşırsın canını...
-Sən özünü düşünürsən ancaq...
-Niyə imkan vermirsən, heç olmasa, son nəfəsini rahat versin?..
Susdum, susurdum... Komadaydı, amma oyanacağına inanırdım.
-Anamın ürəyi aparatın altında dayana bilər?
-Bəli.
-Nədən o zaman aparatdan çıxarırsınız ki?
-İncitməyək dey........
-Lütfən... Oyanacaq anam...
Səhərədək başının üstündən ayrılmadıq. Ayrılmadım. Ağzına taxdıqları maskanı əllərimdən buraxmadım. Elə bilirdim bir az sağa, sola olsa, oksigen getməyəcək, ürəyi də dayanacaq...
Gözümdən qəlbimə yaş yerinə qan süzülürdü o gün. Kaş ki, ürəyimin qanını verə bilsəydim ağappaq qanı qıpqırmızı qanını yeyən, bəxti qapqara anama... :(
Səhər saat 6 idi... Dedim, reaksiya verir, eşidir, hiss edirəm ki, komada deyil artıq. Həkimlər dedi ki, anlayırıq, biz də istəyərdik, amma... Malesef...
Onlar ona inanırdı, mən isə ayılacağına. Qardaşımın 40-ı çıxdıqdan sonra dilinə nə doğru-düzgün çörək dəymişdi, nə də su. Heç nə yeyib içə bilmirdi dərddən... Ən çox da məni ağrıdan bu dünyadan nakamlığı bir yana, mədəsi də ac gedəcəyi düşüncəsi idi. Nə bilim. Son günlərini yaşadığını da bilirdim amma... Kim qəbul edər ki? :(
Anam 9 iyun 06:00 radələrində gözünü açdı... Eşidirsiniz? Açdı! Atamın ŞƏHİDLİK ZİRVƏSİnə ucaldığı günün 28-ci ildönümündə...
Amma...
Kim bilirdi ki... Vidalaşmağa dönmüşdü ANAM?.. :(
O gün ayıldı, 1 boşqab gilənar, təndir çörəyi ilə pendir yedi, şirinçay içdi, tərtəmiz geyindi, tərtəmiz, ağappaq saçlarını oxşadıq, yerinə uzandırdıq, rahatladıq...
Məni yanına çağırdı, qollarını boynuma doladı. :( (Anam heç bir zaman kiminsə yanında nə saçlarımı oxşayıb, nə üzümdən öpüb, nə də sevgisini göstərmişdi... Gecələri ayıq yatanam. Hər gecə gəlib üzümüzdən öpər, üstümüzü örtüb gedərdi yatmağa. Onun bu etdiklərini gördüyümü, duyduğumu isə heç vaxt deməzdim, əsas odu ki, özüm bilirdim)
...Bu dünyadan nakam köçmüş qardaşımın oğulları gəldi onları gördü, ağladı, sardı, kokladı... Neçə vaxt idi görmürdü xəstəliyindən dolayı, pandemiyanın ağır günləri idi, yanına kənardan çox adam qoymurdular ki, həssas idi xəstəlik, infeksiya, mikrob düşməsin deyə qoruyurduq...
Hər kəs gəldi, bəlkə də tanıdığı hər kəslə görüşdü...
Sevinirdim, inanırdım ki, təhlükə sovuşdu... Atamın bu dünyaya gözünü yumduğu gündə heç yerə getməyəcək, uca Tanrı onu bizə bağışlayacaq. İnanırdım... İnanırdım... Elə çox inanırdım ki...
Gecəyə doğru dedi, çıxarın aparatı, istəmirəm... Nə qədər yalvardıq, istəmədi... Üzünü çevirdi sol tərəfə, sonra gözünü açdı, iki dəfə atamın adını çəkdi "Famil, Famil" dedi və... 9-dan 10-una keçən gecə bu dünyaya əbədi olaraq gözlərini yumdu... 00:37-də... Mənim 37 yaşımda... O gün mənim əsl 37-dim oldu...
Bu gün 9 iyundu yenə... 8 iyundan 9 iyuna, 9 iyundan da 10 oyuna keçəcəyik... Hər ikisi eyni gündə torpağa tapşırıldılar...
İndi atam da, anam da qardaşım da birlikdədilər, bilirəm...
Bu həyatda bildiyim bir şey də var... Heç nə, heç bir şey doğmaların yoxluğu, acısı qədər ağır deyil. Mütləq deyil ki cismən itirdikdən sonra anlaya insan... Vallah mütləq deyil...
Bu həyat pisliklər, xəyanətlər, riyakarlıqları daşıyacaq, onu həzm edəcək, bağışlamağa zaman tanıyacaq qədər uzun deyil...
Bu həyat çox qısadır... Başqa nə deyim?
Mənim kədərimin rəngi qırmızıdır... Qan qırmızısı...
Bu qısa ömürdə yaşamaq da, onu necə yaşamaq da öz əlimizdədir. Yetər ki, pisliyə, xəyanətə vərdiş etməyək. Bu həyatda nə olursa olsun içinizdəki işığı itirməyəsəniz, nəfsin quluna çevrilməyəsiniz.
Hər birinizə sapsarı günəş şüaları kimi nurlu, fərah, xəyanətsiz, riyasız həyat diləyirəm...
Başqa nə deyim?
Ovuclarında
uşaqlığının ağrılarının cığır açdığı əlləri ilə sildi
göz yaşlarını...
Acının kandarından bir qız çocuğu hayqırdı -
"Ana, lütfən ölmə" deyə...
Yalnız başına...
Sadəcə 3 kəlimə...
Eşitdiniz?
Bir şəhidin hekayəsinə,
Bir romana səhifələr boyu ağladınız,
İçiniz dözmədi atasız qalan uşaqlara,
balasız qalan analara,
ərsiz qalan qadınlara...
onlara da şeirlər qaraladınız..
Ya indi?
İndi nə oldu?
Üç kəlimə yetə bildimi hər kəsin içinə?
"Ana, Ata, qardaş, oğul, sevgilim, lütfən ölmə!"
Hər kəs mərhəmətini itirmişkən
Bu kəlimələr yetə bildimi düşünməyə?
Susdunuz...
Susdular...
Susduq...
Şəhid xəbərləri,
Qadın cinayətləri,
Küçələrdə dilənən insanlar,
Ata təcavüzləri ilə
məmləkətimizin işıqları sönərsə,
ən çox kimin həyatı aydınlanacaq?!
Xəbərçilərin,
efirlərin,
qəzetlərin...
Sadəcə...
Sadəcə 1 dəqiqəliyinə xəbər dəyəri daşıyacaq bütün bu dəhşətlər...
Deyəcəkləriniz, edəcəkləriniz varsa, susmayın lütfən...
Mənim "ana, lütfən ölmə" deyərkən
gözləntim qədər gözləntisi var bu məmləkət insanının-
Məndən,
Səndən,
Bizdən...
Bəlkə də bütün ağrılar "Biz" olmağı unudandan başladı içimizdə...
"BİZ"ə dönmək diləklərimlə...