Mənə ümid yeri ver - SƏTTAR TEMUÇİN yaradıcılığından

Mədəniyyət 16-noy, 17:429 tv713 198 0
      Mənə ümid yeri ver - SƏTTAR TEMUÇİN yaradıcılığından


Tv 713. az gənc şair SƏTTAR TEMUÇİNin yeni şeirlərini təqdim edir.


Eybi yoxdur

Mənə ümid yeri ver
Qalmağa yerim yoxdur
Mənə denən, gələcəm
Gəlməsən eybi yoxdur

Denən ki, gecələri xəyal dediyin mənəm
Denən, uzaq dediyin yerlər sənin yanındır
Denən, unutmamışam, denən çox darıxmışam
Denən, buz bildiyin qəlb hər gün, hər an yanırdı


Mənə ümid yeri ver
Qalmağa yerim yoxdur
Mənə denən, gələcəm
Gəlməsən eybi yoxdur

Gecə ay işığının otağımda kölgəsi
Sənə aşiq olduğum o küçənin döngəsi
Məni hərgün oyadan bala pişiyin səsi
Harda olsan, necə olsan sonda mənə gələsi ol
Mənim sözüm,
Zəif gözüm
Səbr, dözüm
Şeir yazmaq həvəsi ol

Mənə ümid yeri ver
Qalmağa yerim yoxdur
Mənə denən, gələcəm
Gəlməsən eybi yoxdur

Qoy mənə toxunacaq əllərin də olmasın,
Mənə baxa biləcək gözlərin də olmasın
Ürəyimi kül edən sözlərin də olmasın
Mənə sənin varlığın, o gül qoxun bəs edir
Səni yada salanda, lal ürəyim səs edir

Mənə ümid yeri ver
Qalmağa yerim yoxdur
Mənə denən, gələcəm
Gəlməsən eybi yoxdur

Mən hər ulduz axanda səni arzulamışam
Xəyalın yastıq olub baş ucuma hər axşam
Sənə hər addımımda özümü unutmuşam
Sənsiz ölən deyiləm, yaşayıram, ölənədək
Birdən durub gələrsən, sağ ol, görüşənədək

Mənə ümid yeri ver
Qalmağa yerim yoxdur
Mənə denən, gələcəm
Gəlməsən eybi yoxdur


Evim


Çörəyim boyatdı, saatım xarab
Qapımın cəftəsi tərtəzə durur
Heç kimi olmayan insan qapısı
Açılıb-bağlanmaq nədir, unudur

Qaranlıq bir evdən şəm iyi gələr
Mənim evimdənsə qəm iyi gəlir
Bir ocaq başında ana qoynunda
Bir körpə yetimin kədəri enir

Ayın işığına aşiq olmuşam
Hər gecə yadıma günəşi salır
Günəşi sevsəm də inciyib məndən
Gündüzlər şairlik yaxşı alınmır

İlahi, çoxdandır səni demirəm
Evim dağınıqdır, ruhum dağınıq
Sən insan deyilsən səni aldadam
Necə deyim sənə, "şükür yaxşıyıq."

Oxuyub-oxuyub bezirsən yəqin
Deyirsən "kədərin insan halısan"
Mənim otağımın divarı olsan
Deyərsən "mən adam, sənsə divarsan"


Günahkaram


Mənə "dinsiz" deyən Allahın bəndəsi,
Mənə Allahsızlıq etdi
O anda vicdanım əsasını əlinə aldı
Dedi:"Mənəm bəşəri-dövranın peyğəmbəri"
"Mənəm dövrü-cahan sahibinin ən ali qulu"
"Mənəm haqqın yolu"
"Mənəm onun oğlu"
Məni daşla, öldür ümmətinlə birlikdə
Bilirsən axı biz sonda dirilirik də
Sonda payız günü tapdaladığım xəzan da,
Anamın mənə bişirməyə heç nə tapmadığı,
başında səssizcə ağladığı qazan da,
Məni "demokratik" dar ağacından qoruyan,
başımdan yekə yazılarımı silən pozan da diriləcək
Başını tumarladığım pişiklər də gələcək,
mənə sığal çəkəcək
İsanın çarmıxa çəkildiyi ağacın toxumu
Onu bəsləyən yağış, günəş kimi günahkaram
Günahkar günahsız, günahsız günahkaram
Ağac belə vicdansızkən, günəş belə alçaqkən
Yağış belə yağarkən, mən kiməm ki, görəsən
Nuhun gəmisində xilas olan heyvanın
Tanrı insan əliylə kökünü kəsib isə
Demək ki, nə gəmilər, nə də sellər xilasdır
Son insanın əvvəli, sonsuzluqsa mirasdır
İndi dəniz və əsa, dalğalanır uzağa
Bir hörümçək və dua, evim yurdum mağara
Dərin quyu və yuxu, yəqin burdan çıxaram
Tanrı ola bilmərəm, çünki bağışlamaram.




Tanrı ilə söhbət


Şeirlərimi əlimə alıb gəlmişəm səninlə dərdləşəm
Məni dinləmədiyini gördükcə, Allah,
mən ki başına dərdmişəm
Mən nə deyim axı kiməm, nəçiyəm bilirsən,
"var ol" dedin, oldum
Bu gün kiməm bilmirəm, mən hər gün başqası olmaqdan yoruldum
Allah, əlini kişi kimi qaldırıb, qadın şilləsi vur mənə, inanclarım kafirvaridi
Düşündükcə eyni yerə gəlirəm,
deyəsən insan da dünya kimi dairəvidi
Mən hər gün sənə görə yazıram,
bəlkə qələmimdən tutmağa gələrsən
Gəl, ey həyatımı kitab edən,
bəs sən şeir yaza bilirsən?
Bilirəm, yəqin varlığım yaradılışa, bəşəriyyətə ləkədi
Elə atam da mən dil açandan deyir ki:
"kiri, danışdıqların başından yekədi"
Hər gün gözümün qarşısında anamın saçlarına qar yağırdı
Gündən-günə əyilirəm,
zaman ağacının verdiyi bar ağırdı
Kədərlərim də göyərçintək sadiqdir,
buraxdıqca qayıdır sahibinə,
Günahlarım da oğrudur, savablar öyrəşib təqibinə
Bu gün mənə bir şeirlik vaxt ayır,
sözümü deyib, rədd olub, yox olacam
Məni eşidəsən deyə bir cümə günü kilsədə namaz qılacam
Nə olar, gəl, qoy deməsinlər ki, illərlə yazdın, yazdın heç kim gəlmədi
İstədiyin vaxt gəl, bir məscid olmasa da
dağınıq otağım da sənin evindi.




Ocaq


Nə eliyim bu təkliyin əlindən,
nə eliyim, hara qaçım bilmirəm
Çox olur ki özümlə rastlaşıram,
o danışır, mən susuram, dinmirəm

Danışır ki, cəhənnəm ol başımdan
"Cəhənnəm ol" sözə bax e, ay Allah
Dediyini etsəm əgər cənnətə,
cəhənnəmi alarsanmı, ay Allah?

Yavaş-yavaş tüstülənir ocağım,
Özümü qucaqlamasam boş qalacaq qucağım
Bir də bu mənasız qafiyələr var, yapışıblar yaxama
Hələ dedim gəlsələr deyərsiz ki, yoxam a

Deyərsiz ki, üşüyür bir ocağın dibində
Deyərsiz imkan olsa gizlənərdi cibində
Deyərsiz öz-özünə uzaqdı bu aralar
Elə bilir yazdıqca sağalacaq yaralar

Dərdimə yansın deyə bu gün ağac kəsmişəm
Necə nankorlaşmışam, necə şirindi dərdim
Mən ki şeir yazmaqçun bir ağac incitmişəm
İnan şeir olsaydım küsüb çıxıb gedərdim

Hər dərdim bir ağacdı, bir quşun yuvasıdı
Mənim dərdim o quşun Allaha duasıdı
Ocağımı söndürüb için-için yanacam
Bir quşun duasında Allahla rastlaşacam
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr