Bir QƏZANIN qorxunc HEYBƏTİ
MÜŞFİQ RƏHİMOV
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması və bununla bağlı verilən açıqlamalar bir çox sualları üzə çıxarır.
İlk növbədə onu vurğulamaq lazımdır ki, belə kritik situasiyada həm Müdafiə Nazirliyinin, həm də Dövlət Sərhəd Xidmətinin informasiyanın çatdırılması baxımından yarıtmaz fəaliyyəti göz önündədir. Qəzanın üstündən bir neçə saat keçməsinə baxmayaraq aidiyyatı instansiyalardan heç biri ictimaiyyətə açıqlama vermədi. Və şübhəsiz ki, belə olan halda ehtimallar dolğun informasiyanı əvəzləməklə cəmiyyətdə bir şaşqınlıq yaradır. Cavabdehsə MN və DSX-dir.
İstər keçirilən təlim, istər ekipaj, istər qəzayla bağlı fərqli fikirlər ortalıqda oldu. Sonradan qara qutunun tapıldığı və şahid kimi 2 nəfərin sağ qaldığı bəyan edildi.
SUAL OLUNUR:
1. Təkcə 2 nəfərmi!?
2. Qəza anında heyətin sərnişin kabinəsində oturanlara hansı xəbərdarlığı olub, yaxud olmayıb?
3. Helikopter eniş zamanı qəzaya uğrayıb. Demək bu, eniş zamanı qəzaya uğrayıbsa, heç şübhəsiz ki, Qaraheybət adlanan poliqondakı heyət də bunun canlı şahididir. Niyə o kəslər haqqında məlumat verilmir?
4. Hansısa nasazlıqla bağlı dispetçer məntəqəsinə xəbər verilibmi?
5. MN, yaxud DSX o gün keçiriləcək təlimlər bağlı informasiya vermişdimi?
6. "Təlim" Qaraheybətdə sonuclanırdı, yoxsa təlim Qaraheybətdə olacaqdı?
7. Yayılan şəkildəki 2-ci helikopter vı helikopterdəki heyət barədə niyə məlumat verilmir?
8. Təlimə neçə helikopter cəlb olunubmuş?...
9. Qara qutu harada "dilləndiriləcək"?
Sağ qalan yaralı polkovnikin "Real Tv"-yə verdiyi açıqlamadan bəzi nüanslara baxaq...
Yaralı polkovnik Mir Şahinin suallarına lakonik cavablar verir...
"..Çəki ilə bağlı məhdudiyyət aşmayıb"...
"Külək ilə bağlı məhdudiyyət aşmayıb"...
"Uçuşdan öncə helikopter texniki baxışdan keçirilib, hər şey yoxlanılmışdı, hər şey normal idi"...
"Qəza anı mənim üçün saniyələr çəkdi"...
"Mən sərnişin kabinəsində oturmuşdum"...
Danışan polkovnikdir! Dedikləri də apaydın, açıq mətnlə izhar olunur. Sadəcə olaraq, "sərnişin kabinəsində oturan" bir kəsin helikopterin idarəetmə kabinəsindən xəbərsizliyi də şəksizdir. Əgər helikopterdə qəza baş verirsə, bunun "saniyələr" çəkməsi də sual doğuran məqamlardandır...
İstənilən halda həm MN, həm də DSX bu kateqoriyadan olan suallara aydınlıq gətirməlidir. Bütün bunlar bir qəzanın qorxunc heybətidir...