Audiovizual Şuranın (za)URu və hədəf götürülən BÜTÖVLÜYÜMÜZ
İGİD TEYMURLU
SÖZ KONUSU HANSISA ZAURLAR YOX, ZAURLARI BƏSLƏYƏN QURUMLAR OLMALIDIR!
Bərəkallah, "Audiovizual Şura"...
"Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".
"Audiovizual Şura" adlı qurum Afşin Azərinin efirdən qovulması faktına münasibətində belə bildirib...
Cənab Prezidentin 44 günlük müharibədə " mən ən doğru informasiyaları sosial şəbəkə üzərindən alıram" açıqlamasına söykənsək, görərik ki, doğrudan da bu gün ən səmimi yanaşmalar məhz həmin şəbəkələrdə yayımlanmaqdadır. Bu mənada sosial şəbəkədə məlum məsələyə münasibət də göz önündə. Məhz bu kontekstdən məsələyə yanaşsaq, onda apaydın şəkildə sosial şəbəkələrdə də bəyan edilir ki, zamanında yanlışlara kəskin reaksiya verməməklə cəmiyyətə eybəcər kodeksləri elə Audiovizual Şura, nə bilim, MTRŞ kimi qurumların özləri sırıyırlar. Zaurlar da məhz belələrinin arxından qidalanırlar...
Qonaq qarşılayıb, qonaq yola salmaq da bizim mental dəyərlərdəndir və güneyli soydaşımız da bu verilişdə bir qonaq idi, ay zaurları bəsləyənlər, ay URları cəmiyyətə yoluxduranlar!!!
Və ən dəhşətlisi bunun mənəvi tərəfi idi. O studiyadan qovulan əslində bir güneyli soydaşımız yox, QUZEY AZƏRBAYCANA ÜMİD YERİ KİMİ BAXAN 40 MİLYONLUQ AZƏRBAYCAN TÜRKÜ İDİ, siz bunun fərqindəsinizmi!? Siz bununla nəinki hansısa fərdi, bütövlükdə milli ıradəni və özümüzə, sabahımıza olan ümidlərimizi topa tutursunuz. Zaurların timsalında atılan addım bir anın isterikası deyil, o, "mən səni efirdən qovacam" deyən qrupun əvvəlcədən cızdığı planın
tərkib hissəsi kimi görünməkdədir. Zaur haranın urudur ki, özbaşına davrana!?
Sizlər bu qənaətinizlə birbaşa Bütöv Azərbaycan İdealımızı farsın, rusun, erməninin istəyincə hədəf seçir, daşlayırsınız. Bununla bağlı ideoloji konsepsiyanın tam oturaq halda olmamasını da nəzərə alsaq Toplumun əsas hissəsinin formal görüntüləri əldə tutalğac etməsi də heç kimə sirr deyil. Bu mənada sizlərin mətbu infuzorlarınız vasitəsilə ATDIĞINIZ addımlar heç də fərdi səciyyə deyil, birbaşa parçalanmış Azərbaycanımızın timsalında Quzeyin Güneyə olan münasibəti kimi başa düşülür. Zaurlara qazandırdığınız haqla siz bizim milli mücadiləmizin qarşısını kəsənlərin yanında olduğunuzu bəyan edirsiniz!!!
Əgər doğrudan da, bu qurum baş verənləri analiz edəndən sonra belə qənaətlə çıxış edirsə, demək ki, məntiqlə həmin qurum bizim milli məfkurəmizin, milli ideolojinin çökdürülməsi istiqamətində fəaliyyətdədir...
Bərəkallah, "Audiovizual Şura"...
Öyləsə, hansısa zaurlar yox, söz konusu birbaşa bu qurumların özləri olmalıdır...