DASTANLAŞMIŞ TÜRK XAQANI - OĞUZ XAQAN

Manset 08-sen, 17:479 tv713 37 0
DASTANLAŞMIŞ TÜRK XAQANI - OĞUZ XAQAN


AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU




Ay "Türk" adını elan üçün bir səmavi aynadır,
Türkün tarixi həm yerdə, həm Göylərdədir.
(Hüseyn Cavid)

Dünya və o cümlədən də Türk tarixində əfsanələşmiş, mifləşmiş, xüsusilə dastanlaşmış tarixi hökmdarlara çox nadir hallarda rast gəlmək olar. Müəzzəm Türk tarixində dastanlaşmış ilk tarixi hökmdar Oğuz Xaqandır.
Türklərin ilk fateh atası, bütün milli nizam-intizamın, idarəçiliyin qurucusu sayılan Oğuz Xaqan əfsanəyə görə, səmavi bir mənşədən nəşət etmiş və xarüqüladə vəsflərə sahib olmuşdur. Əfsanəyə görə, Oğuz Xaqan hələ uşaq ikən bir sıra qəhrəmanlıqlar göstərmiş və özü kimi Göydən enən bir qızla evlənmiş və ondan altı oğul dünyaya gəlmişdir.
Tarix sübut edir ki, millətlərin düşüncə, inanc və yaşayışlarının ən dolğun tarixi qaynaqlarından biri də milli dastan, əfsanə və miflərdir. Bu dastan, əfsanə və miflər yalnız tarixin əksikliklərini doldurmaqla qalmayıb millətin ictimai ruhunu, düşüncələrini, inanclarını və yaşayış tərzlərini də əks etdirmək baxımından çox dəyərli mənbələrdir. Onlar hər bir millətin ən qədim keçmişinə işıq tutan əbədi örnəklərdir.
Qədim türklərin tarixi fəthlərini dastan şəklində əks etdirən ilk əsər də məhz "Oğuz Xaqan dastanı"dır. Bu dastana elmi ədəbiyyatda "Oğuznamə" də deyilir. "Oğuznamə"yə görə, ulu Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Oğuz Xaqan onun və qarşılıqlı olaraq mənsub olduğu Türk xalqının "İlahi hakimiyyətini" qəbul etməyən xalqların və qövmlərin üzərinə yürüşlər edərək dünyanı fəth etmişdir. Bu yolda Oğuz Xaqana Türk dastan və əfsanələrində mühüm rol oynayan Boz Qurd yol göstərmişdir. Əfsanəyə görə, Göydən enən Bozqurd Oğuz Xaqana: "Ey Oğuz! Sən Urum (Roma) üzərinə getmək istəyirsən. Mən (Bozqurd - A.M.) sənin önündə yürüyəcəm" - demiş, Oğuz Xaqan da Bozqurdu təqib edərək hərbi səfərə çıxmış, Rum hökmdarını yenmiş, Çin, Hindistan, İran, Azərbaycan, İraq, Suriya, Misir, Anadolu, Rus və hətta Firəng ölkələrini belə fəth etmişdir.
"Oğuz Xaqan dastanı" Türk millətini Oğuz Xaqanın oğullarından olan Göy Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ Xan və Dəniz Xandan törəyən Oğuz boyları ilə Oğuz Xaqanın komandanları sayılan Qarluq, Qıpçaq, Kanqlı, Xələc, Uyğur və sairənin nəsli olaraq bölümlərə ayırmış, Oğuzların hakimiyyəti altında milli birliyi, onlar arasındakı münasibətləri və hüquqi məsələləri də bir nizama bağlamışdır. Həqiqətən də Oğuz Xaqanın hər bir oğlundan dünyaya gələn çocuqlar sonda Oğuz Türklərini meydana gətirmişdir. Oğuz Xaqanın üç oğlu - Gün, Ay və Ulduzdan törəyənlər Oğuzların sağ qolunu, Göy, Dağ və Dənizdən törəyənlər də sol qolunu təşkil etmişlər. Oğuz Xaqan hakimiyyəti təmsil edən "Yay"ı sağ qola, onlara tabe olan sol qola da "Ox"u vermiş, sağdakılar "Boz Oxlar", soldakılar isə "Üç Oxlar" adlanmışlar. Oğuz Xaqanın yaratdığı bu hüquqi sistemə sonrakı əksər Türk İmperatorluqları da, xüsusilə Hunlar, Səlcuqlular, Çingizoğulları, Osmanlılar və Teymuroğulları da əməl etmişlər.
Oğuz Xaqan əsrlərcə Türk soyuna yol göstərən kimi vəsfləndirilmiş, haqqında müxtəlif rəvayət, əfsanə və dastanlar yaranmışdır. Qədim və orta əsr Türk tarixindən, Türk dilindən, Türk ədəbiyyatından bəhs edən elə bir əsər yoxdur ki, orada bu və ya digər dərəcədə Oğuz Xaqandan bəhs edilməsin.
Bir çox orta əsr mənbələri Oğuz Xaqanı Əfrasiyabla, Əfrasiyabı da Alp Ər Tonqa ilə eyniləşdirmişlər. Belə ki, Mahmud Kaşğarlı Türklərin Əfrasiyaba "Alp Ər Tonqa" dediklərini və onun dünya hökmdarı - Ajun Bəyi - olduğunu bildirmiş və Türklərin Alp Ər Tonqanın ölümünə matəm saxlayaraq mərsiyələr söylədiyini yazmış və bir şeiri nümunə göstərmişdir. Şeirin məzmunu belədir: "Alp Ər Tonqa öldümü? Dünya boş qaldımı? Fələk öçün aldımı? İndi ürək yırtılır" (Bax: Mahmul Kaşğarlı, Divan).
Yusuf Xas Hacib də göstərir ki: "Türk bəyləri içərisində adı məşhur və iqbalı bəlli olan Tonqa Alp Ər idi. O, yüksək biliyə və bir çox fəzilətlərə sahib idi. Necə də seçkin, necə də yüksək, necə də igid adam idi. Məhz fərasətli insan bu dünyaya hakim olar. Taciklər ona "Əfrasiyab" deyirlər. Bu Əfrasiyab ölkələr fəth etmişdir". (Bax: Yusuf Xas Hacib Balasağunlu. Qutadqu Bilik).
Alp Ər Tonqanın fars mənbələrində Əfrasiyab kimi göstərilməsini bir çox müəlliflər, o cümlədən də məşhur Azərbaycan alimi Məhəmmədtağı Zehtabi də təsdiq edir. (Bax: Məhəmmədtağı Zehtabi. İran Türklərinin əski tarixi. II cild, səh. 153).
Əfrasiyabın adı "Avesta"da da çəkilir. Bunu nəzərə alan Məhəmmədtağı Zehtabi yazır ki: "Əfrasiyab surəti" "Avesta"da da olmuş və şübhəsiz ki, Madların (Midiyalılar nəzərdə tutulur - A.M.) ilk illərində - "Avesta" yaranan zamanlar Əfrasiyab Türklərin rəhbəri imiş və sonralar Əşkanilər dövrü bu tarixi qəhrəmanın adı ilə əlaqədar olaraq qəhrəmanlıq dastanı yaranmışdır. Nəzərə alsaq ki, "Avesta"da yazıldığı kimi Əfrasiyab Fəri hakimini Cicəst (İndiki Urmiya gölü - A.M.) dəryasında təqib edib tutmaq istəmişdir, onda qəti şəkildə demək olar ki, Kiçik Midiya dövlətinin paytaxtı Fəradəsp və ya Pərspə (İndiki Təxti-Süleyman - A.M.) şəhərini Əlp Ər Tonqa (Oğuz Xaqan - A.M.) tikdirmişdi". (Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri, II cild, səh. 153).
Əfrasiyab adının həm "Avesta", həm Sasani dövründən qalan bəzi fars mənbələrində, həm Firdovsinin "Şahnamə" əsərində, Alp Ər Tonqa, xüsusilə Oğuz Xaqanın da o dövrlərdəki Türklərin qəhrəmanlıq dastanlarında olması aydın şəkildə göstərir ki, Əşkanilər dövründə Türklər tərəfindən formalaşan bu dastan digər xalqlar arasında da yayılmışdı. Firdovsiyə görə, Türklərin ilk fatehi olan Əfrasiyab (Bütün fars mənbələrində Oğuz Xaqan və ya Alp Ər Tonqa "Əfrasiyab" adlandırılmışdır - A.M.) bir çox ölkələrlə yanaşı, Hindistanı da fəth etmiş, buralarda bir çox şəhərlər salmış və özü ilə bağlı bir sıra xatirələr buraxmışdı. (Seçmələr bizimdir. Bax: Firdovsi, Şahnamə).
Türklərin əfsanəvi hökmdarı olan Əfrasiyab (Oğuz Xaqan, Alp Ər Tonqa) fars mənbələrinə görə, Türkün nəvəsi olub Türküstandan sonra İran, Hindistan, Rum və Rus ölkələrini fəth etmişdir. İran-Turan müharibələrinin qəhrəmanı olan Əfrasiyabın paytaxtı Mərv və ya Bəlx şəhəri göstərilmişdir. Tarixi dastanlara görə, Əfrasiyab Türküstan, İran, Hindistan, Rum və Rusiya ölkələrində bir çox şəhərlər salmışdır. Mahmud Kaşğarlı da Əfrasiyabın (Alp Ər Tonqanın) bir çox şəhərlər saldığını təsdiq edir. O yazır: "Qaz Əfrasiyabın qızının adı idi. Qaz hər yay atasının ölkəsində sərin, xoş ab-havalı yerə gedərmiş". Bu yer tədqiqatçılara görə, "Qazvin" adlanmışdır". (Bax: Məhəmmədtağı Zehtabi, göstərilən əsəri, II cild, səh. 106). Şiz şəhərinin adı mənbələrdə "Gənzək, Gəncək" kimi də göstərilmişdir. Sasani dövründən qalan bir əsərdə göstərilir ki, Şizin ilk binasını Əfrasiyab (Alp Ər Tonqa) qoymuşdur. İslamdan əvvəlki... fars mənbələrinə görə də Gəncəni Türk Əfrasiyab tikdirmişdir. (Seçmələr bizimdir. Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri. II cild, səh. 106).
Bəzi müəlliflər hətta tarixdə məşhur Azərbaycan Türklərinin qadın hökmdarı Tomrisi Əlp Ər Tonqanın qızı hesab edir və yazırlar ki: "Kuruşu öldürən Sak ellərinə (Şimali Azərbaycan nəzərdə tutulur - A.M.) rəhbərlik edən Alp Ər Tonqanın (Oğuz Xaqanın, Əfrasiyabın) qızı Tomrus xanım olmuşdur". (Bax: Bax: Məhəmmədtağı Zehtabi. göstərilən əsəri. II cild, səh. 644).
Həyat şərtləri və inancları ilə əlaqədar olaraq Türklər tarixən ədalət naminə savaşı belə savab saymışlar. Milli dastan olan "Oğuz Xaqan dastanı"na görə də Oğuz Xaqan altı oğlu ilə birlikdə dünyanı fəth edib Cahangir olduqdan sonra Anayurdu olan Türküstana dönmüş, bir böyük Qurultay çağıraraq İmperatorluğu oğulları arasında bölüşdürərkən demişdir ki: "Ey oğullarım! Mən artıq çox yaşlaşdım, çox savaşdım. Düşmənləri ağlatdım, dostları sevindirdim. Göy Tanrıya borcumu ödədim". Bundan sonra ölkəni oğulları arasında bölmüş, törəyə və birliyə bağlı qalmalarını vəsiyyət etmiş, hər birinə aid hüquqi mövqe müəyyənləşdirmiş, damğa və onqonlarını bəlirtmişdi. (Bax: Oğuz Xaqan dastanı, səh. 32-33; Oğuznamə, səh. 343-344).
X əsr ərəb tarixçisi Məsudi Türklərdən və Türk xalqlarından bəhs etdikdən sonra yazmışdı ki: "Əfrasiyab" (Oğuz Xaqan) bu Türklərin ən qədim hökmdarı və Xaqanlar Xaqanı olub bütün Türk ölkələrinə hakim idi. Digər xanlar ona tabe idilər. İrana da hökm edən bu Əfrasiyab idi". (Bax: Məsudi. Muruc uz-zəhəb, Paris, 1861).
Uyğur Türkləri də öz xanları Buqu Xanın Oğuz Xaqan (Əfrasiyab) soyundan olduğunu öz dastanlarında qeyd etmişlər.
Oğuz Xaqanın müqəddəs mənşəyinə hörmət əlaməti olaraq Türk Xaqan, sultan, şahzadə və bəylərinin qanı axıdılmaz, dövlətə xəyanət edənlər belə yayın kirişi ilə boğdurularaq öldürülmüşlər.
Oğuz Xaqandan qalma bir çox törələrə, o cümlədən də xalqa ümumi ziyafət - şölən - vermə törəsinə uzun müddət Türk hökmdarları əməl etmiş, minlərcə heyvan kəsərək dəbdəbəli toy mərasimləri yapmış, evlərini xalqa yağmalatmışlar. (Bax: Osman Turan. Türk Cihan hakimiyeti mefkuresi tarihi. I cilt, səh. 102-108).
Türk millətinin qəlbində böyük Cahangir olaraq yaşayan Oğuz Xaqana sayğı əlaməti olaraq sonrakı bütün Türk dövlət başçıları, hətta Çingiz Xan belə özünü Oğuz Xaqanın nəslindən hesab etmiş, öz şəcərələrini ona bağlamışlar. Belə ki, "Çingiznamə" əsəri (Əsər Moğol istilasından sonra Türk dastanları əsasında formalaşmışdır - A.M.) Çingiz Xanın şəcərəsindən bəhs edərkən Çingiz Xanı Oğuz Xaqanın (Əsərdə Ovuz Xan - A.M.) oğlu Göy Xan nəslindən hesab etmişdir. (Bax: Türk dünyası, III cild, Ankara, 1992, səh. 7).
Ən qədim Türk dastanı olan "Oğuz Xaqan dastanı"na daha sonralar İslam motivləri də daxil edilmiş və yeni İslami bir "Oğuznamə" yaranmışdır.

Bir millətin tarixidir kökü, yurdu, yuvası
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
(Hüseyn Cavid)

"Oğuz dastanı"nın İslami rəvayətlərinə görə, Oğuz Xaqan Nuh peyğəmbərin oğlu Yafəsin nəslindəndir. İslami "Oğuznamə"yə görə, Oğuz Xan Qara Xanın oğludur. Oğuz anadan olarkən atası Qara Xan onun gözəlliyinə heyran qalmış, "qövmümüz və uruğumuz içində bu qədər gözəl bir çocuq dünyaya gəlməmişdir" demişdir.
Altay Türklərinin yaradılış əfsanəsinə görə isə Qara Xan Tanrının adıdır. Tanrı Qara Xan yerləri və göyləri "Kişi"dən (İnsandan - A.M.) sonra yaratmışdır. İnsan da bu əsnada yaratmaq qüdrətinə erişmək istəyincə Tanrı Qara Xan onu "İşıq aləmi"ndən yeraltı qaranlıq diyarına atmışdır. "Erlik" adlanan bu ilk İnsan və onun idarə etdiyi pis ruhlar da düşmən olduqları insanları pisliklərə sövq etdirmişdir. Tanrı Qara Xan sonra yeni bir "İnsan" yaratmışdır.
Altay Türkləri hətta "son zamanlara qədər Qara Xanı tanrıların ən böyüyü sayırdılar". (Bax: Osman Turan. göstərilən əsəri, səh. 50).
"Oğuz dastanı"nın Uyğurca rəvayətinə görə də "Oğuzun üzü göy, ağzı od kimi parlaq, gözləri mavi, saçları və qaşları qara idi". (Bax: Oğuz Kağan Destanı. İstanbul, 1936, səh. 11-15).
Dastanın İslami rəvayətlərinə görə isə Oğuz Xaqan hələ təzəcə anadan olarkən anası müsəlman olmadığından onun südünü əmməmiş, böyüyüncə də bu din ayrılığı üzündən onunla atası Qara Xan arasında ziddiyyət baş vermiş, nəticədə Oğuz Xaqan atasına qalib gələrək taxta çıxmış, öz xaqanlığını elan etmiş və dörd tərəfdə bulunan xalqlara elçilər göndərərək "Mən artıq bütün dünyanın Xaqanıyam" - deyərək onların hamısını özünə itaətə çağırmışdı. Oğuz Xaqanın ağıllı və kəramət sahibi olan müşaviri İrkıl Xoca və ya Ulu Türk Tanrının Cahan hakimiyyətini ona verdiyini müjdələyərək söyləmişdi ki: "Ey Xaqanım! Göy Tanrı bütün dünyanı sənə bağışlamışdır". (Bax: İslami "Oğuznamə").
İslami "Oğuznamə"dən bir çox şeylər, xüsusilə də Bozqurdla bağlı məsələlər çıxarılmışsa da, Yaxın Şərqə və Anadoluya gələn Səlcuqlu Türkləri qədim dastanla birlikdə Bozqurd hekayə və əfsanələrini də gətirmiş, onu kitabdan-kitaba salaraq yaşatmışlar. Belə ki, XII əsr Siryani tarixçisi Mixayıl özünün məşhur "Xronika"sında göstərmişdi ki: "Yer üzü Türkləri daşımağa kafi gəlmirdi. Qərbə doğru irəliləyərkən Türklərin önlərində köpəyə bənzər bir heyvan (Təbii ki, Bozqurd nəzərdə tutulur - A.M.) vardı və Türklər ona (Bozqurda - A.M.) yetişə bilmirdilər. Bozqurd hərəkət etmək istədiyi zaman "Köç" - deyə bağırır, Türklər də onu təqib edir və oralarda çadırlarını qururdular. Uzun zaman yol göstərən Qurd nəhayət qeyb olunca Türklər də artıq gəldikləri yerlərdə oturub qaldılar". (Bax: Michel le Syrien. Chronique. III cild, Fransızcaya çevirən Chabat. Paris, 1905, səh. 153).
Oğuz Xaqanın adını daşıyan Oğuz Türkləri 889-cu ildə Xəzər Türkləri ilə birləşərək digər bir Türk boyu olan Peçeneqlərə hücum etmiş, onların bir qismini qərbə doğru hərəkət etməyə məcbur etmiş, bir qismini də özlərinə qataraq Oğuzlaşdırmışlar. Ona görə də Mahmud Kaşğarlı Oğuz oymaqları içərisində Peçeneqləri də qeyd etmişdir.
Oğuzlar orta əsrlərdə İtil (Volqa), Sırdərya və İrtış çaylarının orta məcrasında yerləşmişdilər. Xəzər dənizinin güneyindən keçən Türk qövmləri, xüsusilə Oğuzlar Ceyhun vadisini keçərək İran, Azərbaycan və Orta Doğuya enmiş, oradan da Anadolu yaylalarına keçərək bu ərazilərdə öncədən yaşayan digər Türk boyları ilə qaynayıb-qarışaraq bu əraziləri əbədi olaraq Türk nəsilləri üçün mübarək Türküstan kimi bir yurd, bir Vətən halına gətirmişlər.
"Oğuz" sözü Ərəblərdə "Quz" şəklində işlənmiş, müsəlman Oğuzlara "Türkmən" də deyilmişdir. Tədqiqatçıların fikrincə, Ural-Altay ailəsindən yeganə Turanlı qövm Oğuzlardır. Oğuzlar "Quz" adı ilə Yəmənə qədər yayılmış, Yəməndə Məkkədən Hadramauta qədər hökm sürən Rəsulilər sülaləsinin (1248-1454) cədləri də Oğuzlardır. Uyğurlar (Uyğurlara tarixi qaynaqlarda "Doqquz Oğuzlar" da deyilir - A.M.), Farsdakı Salqurilər, Səlcuqlular, Bəydililər, Türkmənlər, Şahsevənlər, Əfşarlar və s. də Oğuzlardır.
Mahmud Kaşğarlı 22, Rəşidəddin 24 Oğuz boyunun adını çəkmişdir ki, bunlardan Kınık, Qayı və Əfşarlar dövlət və İmperatorluqlar qurmuşlar. Ümumiyyətlə, Oğuz Türkləri tarixən bir çox dövlət, İmperatorluq və Cümhuriyyətlər qurmuşlar ki, bunlardan ən məşhuru Oğuz Xaqanın (Əfrasiyabın) qurmuş olduğu Turan Xaqanlığı, Doqquz Oğuz Xaqanlığı, Oğuz Yabqu Dövləti, Böyük Səlcuqlu İmperatorluğu, Anadolu Səlcuqlu Dövləti, Azərbaycan, Mosul və Şam Atabəylikləri, Anadolu Bəylikləri, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Osmanlı İmperatorluğu, Türkiyə, Azərbaycan, Türkmənistan Cümhuriyyətləridir.
Tanrının Oğuz Xaqana və onun nəslindən olan digər Türk hökmdarlarına Cahan hakimiyyətini bağışladığını İrkıl Xoca, Dədə Qorqud və "Tab Tanqrı ləqəbi daşıyan Gökcə" (Bax: Rəşidəddin. Cami-ət-təvarix. I cild, Ankara, 1960, səh. 307) və bir sıra İslam övliyaları da müjdələmişlər.
Sonrakı Türk Xaqan və Sultanları Oğuz Xaqanın varisi və xələfləri sayılmış, hakimiyyətlərini də İlahi mənşədən almaqla müqəddəslik qazanmış, soylarını daha qədimlərə bağlamağa çalışmışlar. Xüsusilə Qaraxanlı, Səlcuqlu, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu və hətta Çingizoğulları belə özlərini Oğuz Xaqana bağlamaqdan qürur duymuş, iftixar etmiş, özlərini Ali-Səlcuq, Ali-Osman deyə vəsfləndirmişlər. Səlcuqlu İmperatorluğunun baş vəziri, məşhur Nizamülmülk yazmışdır ki: "Dünyanın hakimi Məlik Şah Əfrasiyab (Oğuz Xaqan, Alp Ər Tonqa) nəslindən olub dindarlara və alimlərə sayğı, zahidlərə ehsan, yoxsullara şəfqət və xalqa ədalət göstərməklə dünyada heç bir kimsəyə nəsib olmayan yüksək vəsflərə sahibdir və Cahan hakimidir". (İqtibas Osman Turanın göstərilən əsərindən götürülmüşdür. Bax: səh. 175).
Ərəb tarixçisi İbn Hassul da Səlcuqlu sultanı Toğrul Bəyin Əfrasiyab (Oğuz Xaqan) soyundan gəldiyini və buna görə də onun fəzilət sahibi olduğunu xüsusi qeyd etmişdir. (Bax: İbn Hassul. Təfzil-ül-Ətrak. Belleten XV. Ankara, 1940, səh. 42).
XII əsr müəllifi Fəxrəddin Mübarəkşah da Hindistandakı Türk hakimiyyətinə haqq qazandıraraq öz əsərində Turan hökmdarı Əfrasiyaba (Oğuz Xaqana) aid bir rəvayəti nəql edərək göstərmişdir ki: "Əfrasiyb demişdir: Türk dənizdəki sədəfə bənzər. Dənizdə olarkən qədri bilinməz. Lakin dənizdən çıxarıldıqdan sonra hökmdarların tacı və gəlinlərin ziynəti olur".
Osmanlı dövlətinin qurucusu Osman Qazi də öz hakimiyyətinin qanuni olduğunu bildirmək üçün özünü Oğuz Xaqan nəslinə aid etmiş, Səlcuqlu sultanına tabeliyi qəbul etməmiş və göstərmişdi ki: "Əgər Səlcuqlu sultanı: Mən Ali-Səlcuqam deyirsə, mən də Göy Alp (Oğuz Xaqanın oğlu Göy Xan - A.M.) oğluyam". Ümumiyyətlə, Osmanlı sultanları dastanlaşmış əfsanəvi Cahan fatehi Oğuz Xaqan nəslindən və Oğuz boyları içərisində ən yüksək mövqeyi olan Qayı boyuna mənsub olmaları ilə fəxr etmiş, hakimiyyət haqqının özlərinə aid olduğuna inanmışlar. Bütün Osmanlı tarixçiləri "Dədə Qorqud" dastanından gələn bir faktı öz əsərlərində qeyd etmiş, hətta Anadoluda yaşayan bütün Türkmənlərin bir-biri ilə qohum olduqlarını, müştərək Oğuz Xan Ataya sahib olduqlarını göstərmişlər. Belə ki, məşhur Osmanlı tarixçisi Münəccimbaşı "Sahaifül-Əxbar" adlı əsərində Qorqud Ata adından göstərir ki: "Səltənət aqibət Oğuz Xanın vəsiyyəti üzərinə oğlu Qayı Xan övladına nəql edib ilaxır zaman bərdavam olur". (Bax: Münəccimbaşı. Sahaifül-Əxbar. III cild, səh. 267).
Ədirnəli Rumi də özünün məşhur "Tarixi-Ali-Osman" adlı əsərində Oğuz Xaqanla bağlı belə bir rəvayəti qeyd etmişdir: "Xanlıq Oğuz Xanın vəsiyyətinə görə sonda Qayı Xan övladına düşsə gərəkir, ta "Qiyamət"ə qədər o nəsildən olması gərəkir". (Bax: Ədirnəli Ruhi. Tarihi-Ali-Osman. II cild, səh. 132).
Məşhur "Dədə Qorqud" dastanında da göstərilir ki: "Axır zamanda xanlıq geri Qayıya dəyə, kimsə əllərindən almaya. Bu dediyin Osman nəslidir, iştə sürüb gediyor". (Kitabi-Dədə Qorqud). Osmanlı tarixçisi Yazıçıoğlu Əli "Dədə Qorqud" dastanından gətirdiyi bir faktda göstərir ki: "Peyğəmbər Əleyhisalam zamanına yaxın zamanda Bayat boyundan Qorqud Ata qopdu. Oğuz Atadan sonra onun kimi ağıl və fərasət sahibi bir Ata dəxi gəlməmişdir". (Bax: Yazıçıoğlu Ali. Tarihi-Ali-Səlcuk).
Osmanlıların ilk dövrləri ilə bağlı bir şeirdə də deyilir ki:

"Osman, Ərtoğrul oğlusan,
Oğuz Qaraxan nəslisən,
Haqqın bir kəmtər qulusan,
İstanbulu al, gülzar yap".

(Bax: Nəcib Asim, Mehmet Arif, Osmanlı tarihi, İstanbul, hicri 1335, səh. 9).
Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi də öz hakimiyyətinin qanuniliyini təsdiq etdirmək üçün demişdir ki: "Qardaşım Sultan Muradın (Osmanlı Sultanı Murad nəzərdə tutulur - A.M.) nəsəbi Oğuz Xanın oğlu Göy Alpa (Göy Xan nəzərdə tutulur - A.M.) aiddirsə, Qara Yusifin (Qaraqoyunlu dövlətinin yaradıcısı, Cahanşah Həqiqinin atası - A.M.) nəsəbi də Dəniz Alpa (Oğuz Xaqanın oğlu Dəniz Xan nəzərdə tutulur - A.M.) aiddir". (Bax: Bərcət üt-təvarix, Tərcümə edəni Nihal Atsız, İstanbul, 1939, səh. 27).
Bəzi tədqiqatçılar Oğuz Xaqanla (Alp Ər Tonqa, Əfrasiyabla) Hun hökmdarı Mətəni (Bax; Yılmaz Öztuna, Böyük Türkiye tarihi, I cilt, İstanbul 1983, səh.48, 52; Prof.Dr. Osman Turan, Türk cihan hakimiyeti mefkuresi tarihi, Ankara 1969, səh.78: Rəfik Özdək, Türkün qızıl kitabı, Bakı 1992, səh, 6, 60), bəziləri Urartunun qonşuluğundakı Sakların hökmdarı Partatuanı (Bax; Yeni Türk Ansiklopedisi, XII cild, Ankara 1985, səh.4363; Tantəkin M.H. Midiya hökmdarları Fraort və Kiaskar “Avesta” da, “Mövqe” qəzeti №3; Bəxtiyar Tuncay, Sakaların tarixi, dili və ədəbiyyatı, Bakı 2009, səh. 161,177), bəziləri hətta Partatuanın oğlu Madiyi (Bax; Əlibəyzadə Elməddin, Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi, Bakı 1998, səh.241; Camal Anadol, Tarihe hökm eden millet; Türkler, “Aydınlık” qəzeti, 10 avqust 1991) eyniləşdirmişlər. Halbuki istər Saka hökümdarı Partatua ilə İkinci Böyük Turan İmperatorluğunun yaradıcısi Oğuz Xaqanı (Alp Ər Tonqanı, Əfrasiyabı) ən azı yeddi yüz il, istərsə də Hun hökmdarı Mətəni ən azı min yüz illik bir zaman kəsiyi ayırır. Həmçinin nə Saka hökmdarı Partatua və nə də Partatuanın oğlu Madiy Turan hökmdarı olmamışlar. Partatua “ Ön Asiyaya axışıb gəlmiş bir dəstə skitlərin başçısı olmuş, Urartunun cənubunda Hubuşkiya ölkəsinə yaxın ərazidə hökmdarlıq etmiş, Assur hökmdarı Asarhaddonun (eradan əvvəl 681-668-ci illər) qızı ilə nigah bağlamış və Assur hökmdarının müttəfiqinə çevrilmişdi. Öldükdən sonra yerinə keçən oğlu Madiy də bu ittifaqa sadiq qalmış, Kiçik Asiyada hərbi əməliyyatlara başlamış və Assuriyanın müttəfiqi kimi Midiyanın Assuriyaya müdaxiləsinə maneçilik törətmişdir. Beləliklə, iki skit mərkəzi-biri İşpakayın başçılığıilə Manna ərazisində, digəri isə Partatuanın başçılığı ilə Urartuanun cənubunda Hubuşkiyanın qonşuluğunda yaranmışdı. Sonradan bu iki mərkəz birləşib vahid Kimmer-Skit-Sak Padşahlığını yaratmışdır ki, eradan əvvəl VII əsrin ortalarında bu vahid padşahlığın hökmdarı Tuqdamme olmuşdur. Tuqdamme də yalnız sak və kuti ölkəsini hökmdarı rütbəsini daşımışdı. (Seçmələr bizimdir – A.M. Bax; Azərbaycan tarixi, I cild, Z.M. Bünyadovun və Y.B.Yusifovun redaktəsilə, Bakı 1994, səh.104,105) Nəhayət, bu hökmdarların heç bir Alp Ər Tanqa (Oğuz Xaqan, Əfrasiyab) kimi nə Türküstandakı Barsqan, Sayram və Koyaş şəhərlərini, nə Xarəzm və Xorasanda çox sayda şəhər, nə də Azərbaycanda Gəncə Şəhərini salmış (Bəzi tədqiqatçılar Sasanilər dövründə pəhləvi dilində qələmə alınan, müəllifi bəlli olmayan bir kitabda Aturpatakandakı (Azərbaycandakı) Gəncə şəhərinin əsasını Əfrasiyab, yəni Alp Ər Tanqa tərəfindən qoyulduğunu qeyd edirlər.
Bax; S.Y.Kasumova, Azerbayjan v III-VII vv, Baku 1985, səh.19), nə də 12 illik Türk dövri heyvan təqvimini icad etmişlər.
Son olaraq göstərməyi lazım bilirik ki, Böyük Hun İmperatoru tarixi Mətə ilə atası Tuman arasındakı savaşla Cahangir Oğuz Xaqan ilə atası Qara Xan arasında baş verən mücadilə eyni bir dastanı inikasdan başqa bir şey deyildir. Çin mənbələrində ilk Türk fatehi olaraq göstərilən Mətə haqqındakı qeydlər bir daha sübut edir ki, hələ qədim Hunlar dövründə belə Oğuz Xaqanın şəxsiyyəti dastani bir mahiyyət qazanmışdır. Doğrudan da Turan, Əşkani, Hun və Göy Türklərdən Səlcuq və Osmanlı Türklərinə qədər davam edən idarəçilik, siyasi və hərbi sistem Türk millətinin qəlbində Oğuz Xaqanı dastanlaşdırmış, Türk cəmiyyətində faktiki olaraq əsrlərcə yaşatmış və yaşatmaqdadır.
Ruhu şad olsun.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr