Sabir Rüstəmxanlı Dirçəliş Günü ilə bağlı xalqı təbrik etdi
17 Noyabr - Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.
Tv 713. az həmin təbrikin mətnini təqdim edir.
Təbrikdə deyilir:
"Əziz soydaşlar!
34 il öncə - 1988-ci ilin 17 noyabrında milyonlarla insan Meydana toplandı və biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq, azadlığa haqqı çatan xalq olduğumuzu bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin nəticəsində xalqımız öz istiqlalına qovuşdu.
17 noyabr - 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
17 noyabrda - millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.
17 noyabr bu mənada həm də Zəfər səhifəmizin başlanğıcı idi. Biz bir də 44 günlük Vətən müharibəsində bu Milli birliklə düşməni yendik.
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətimizin güclənməsi, vətənimizin bütövlüyü uğrunda şərəfli yolda sizlərə uğurlar arzulayıram. İstiqlalımız əbədi, Bütövlüyümüz gerçək olsun!”
Müşfiq
Tv 713. az