İran Ermənistana iqtisadi dəstəyini artırır - Statistika
Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır.
Tv 713. az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov İranın Azərbaycanın hava məkanını pozmaq cəhdi haqda qeyd edib.
O bildirib ki, ötən il İran ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 40 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib:
“Bu 2020-ci il ilə müqayisədə təxminən 2 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1.0 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3.0 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.
2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır”.
Ekspert bildirib ki, Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq.
Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.