NOVRUZ türklərin ən qədim bayramıdır
AYDIN MƏDƏT OĞLU QASIMLI
filologiya üzrə fəlsəfə doktoru
Elm adamlarına görə, ilk insanlar üçün ən qəribə və təbii olmayan şey Təbiət olmuşdur. Təbiətin insanı şaşırtan hadisələri insanların düşüncəsini dərindən maraqlandırmış və getdikcə onun bəlli anlamları aydınlaşmağa başlamışdır. Qışın ağır və soyuq günlərinin bitməsi və ardınca da həyatın canlanması, coşqu, sevinc və həyəcan verən Bahar mövsümünün başlanması insanlarda yüksək əhval-ruhiyyə yaratmışdır və bu gün də yaradır. Baharın gəlişi ilə insanlarda Bayram sevincinin yaranmasının fəlsəfəsi məhz budur.
Bahar Bayramı əslində bütün bəşəriyyətin Bayramıdır. Yer üzündə elə bir xalq, elə bir insan ola bilməz ki, təbiətin bu "Nazlı Sultanı"nın gəlişinə sevinməsin, onu coşqu ilə qarşılamasın.
Bizcə, Təbiətdə və Cəmiyyətdə elə bir bəşəri şey yoxdur ki, o bütün insanlığın malı olmasın. Baharın gəlişi də Təbii bir proses olduğundan o bütün bəşəriyyətə aiddir. Fəqət onu Bayram şəklinə salmaq, onu Bayram kimi qeyd etmək mütləq şəkildə hər haqnsı bir xalqın adı ilə bağlıdır.
Bahar Bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5000 il bundan öncə yaşamış Kəngərlərə - Şumerlərə aiddir. Kəngərlər insanlıq tarixində ilk dəfə olaraq çivi yazısını icad etmiş, insan uyqarlığının təməl daşını atmışlar. Bahar Bayramının törənləri və fəlsəfəsi haqqında ilk məlumat da onlara aiddir.
Şumerlərin Orta Asiyadan gəldiyi və dillərinin də türk dili ilə eyni dil qrupuna aid olduğu artıq Şumerşünas alimlərin demək olar ki, hamısı tərəfindən qəbul olunmuşdur.
Bəllidir ki, bayramlar da ilk olaraq dinlə bağlı meydana çıxmışdır. Şumerlərin dini inancları kimi onların bayramları da türk mifologiyasındakı bayramlar arasında bənzərliklər vardır. Həm Şumerlərin və həm də Türklərin mifologiyasındakı bayramların ən önəmlisi Bahar bayramıdır.
Əslində Bahar bayramının fəlsəfəsinin özü "Yenidən doğuşdur". Şumerlər Bahar bayramına "Akitil" demişlər ki, sözdəki "Til" sözcüyü "Yaşamaq, Yenidən doğmaq" anlamına gəlir. Akkadlar buna "Akitu" adı vermişlər.
Məşhur alim Beqmırad Gəray özünün məşhur "Türkmənlər-Şu- merlər" adlı əsərində göstərir ki, "Akitil" sözündəki "Til" sözü türk dilindəki "Diri", "Ki" sözü isə "Kır" sözcüyü ilə eyni kökdəndir.
Şumerlərdə yalnız ruhanilər tərəfindən keçirilən bayramlardan fərqli olaraq bütün xalq tərəfindən keçirilən ən təntənəli bayram- lardan biri Bahar bayramı "Akitil" idi. Bu bayramda şənliklər bütün gün boyu davam edər, sonda kutsal Tanrı ilə Tanrıcanın toy-düyünü ilə başa çatardı. Bayram günlərində müğənnilər, ozanlar həyəcan, coşquverici atəşli mahnılar söylər, çalardılar.
"Novruz" sözü çox sonralar yaranmış bir pars kəlməsi olsa da, onun varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənə- nəyə çevrilməsi parslardan çox-çox əvvəllərə aiddir.
Bütün tarixi mənbələri dərindən təhlil edən, dünya şöhrətli böyük alim, əvəzsiz müəllim, Azərbaycan türklərinin fəxri, professor, doktor Məhəmməd Tağı Zehtabi Şəbüstərli iki cildlik "İran türklərinin əski tarixi" adlı monumental əsərində göstərir ki, "Bu Bayramın ilk rüşeymləri miladdan 2500-3000 il əvvəl bugünkü Azərbaycan və Həmədan torpaqlarında yaşayıb mədəniyyət qurmuş Qutti-Lullubi xalqları və digər orta Asiyadan gələn ellər və kütlələr vasitəsilə yaranmışdır. Bu xalqların özləri ilə Orta Asiya- dan gətirdikləri ibtidai Şamanisti dini təsəvvürlər yerli şəraitlə za- man-zaman əl-ələ verərək Muğ dininin ilk rüşeymlərini yarat -dıqları kimi gözəl milli Bayramların da ilk mütfə və rüşeymləri- ni yaratmışlar... Novruz bayramı ... ondan qabaq və sonrakı gün- lərdəki adət və ənənələrin hamısı Muğ dininin tam formalaşma -sından çox əvvəllər tədriclə yaranmağa başlamışdır... Novruz Bayramı Muğ dini ilə də bağlı olmuş və bu bağlılıq "Avesta" kitabında da əks olunmuşdur... Novruz Bayramı Təbiətin və insanın Yaranma Bayramı, Azər Peyğəmbərin Doğum Bayramı, İşığın-Ahuraməzdanın qaranlığa - Əhrimənə Qələbə Bayramı və nəticədə günlərin uzanması Bayramıdır... Novruz Bayramı barədə bu dediklərimizdən nəticə çıxardaraq deyə bilərik ki... Novruz Bayramı qədim Azərbaycan və Həmədan diyarında qədim azərbaycanlılar və Mərkəzi Mad əhalisi tərəfindən yaranmış və sonra İran deyilən məmləkətin başqa yerlərinə yayılmışdır". (səh. 771-772). Novruz gününün tarixi ilə bağlı da alim göstərir ki, Qutti-Lullubi və Mannalılar çağdaş Azərbaycan millətinin ulu babaları olmuşlar. Onlar Şumer və Elam axınlarından qalan və tarix boyu onlarla ilişik- li olmuşlar. Hətta Quttilər 91 il (Miladdan qabaq 2200-2109) Babil- də hakimiyyət etmişlər. Tarix elmi qəti sübut etmişdir ki, saatın alt- mış dəqiqə, dəqiqənin altmış saniyəyə bölünməsi və şayəd həftə, ay və il Şumerlərin kəşfi və yadigarıdır. Şübhəsiz, Şumerlər və onlarla eyni mədəni kökə, etnik xüsusiyyətlərə və təqribən vahid mədəni atmosfer, mühit və şəraitə malik olmuş Novruz Bayramını yaradan Qutti-Lullubi və Mannalar Novruz Bayramının gününü Şumerlərin elmi kəşflərindən istifadə edərək təqribən sabit... müəyyən etmişlər.
Bəllidir ki, Şumerlərdə Nücum elmi çox inkişaf etmişdir. Onlar əvvəl Su saatını, ondan sonra Günəş saatını kəşf etmişlər. Çağdaş saat kəşf olunub yayılana qədər bəşəriyyət Günəş saatından istifadə etmişlər. Şumerlər bu kəşflərdən sonra Günəşin tutulması barədə araşdırmalar apararaq Ulduzlar və Göy cisimləri sahəsində böyük kəşflərə nail olmuşlar. Bu kəşflərdən biri də 12 bürcü müəyyənləş- dirməkdən ibarətdir. Şumerlər bu bürclərin hər birinə ayrı-ayrı ad qoymuşdular ki, bu gün müxtəlif dillərdə səslənənlər o adların tərcüməsidir. Bu adlar Babil Kitabxanasının kərpic lövhələrindən tapılmışdır. 12 bürcün müəyyənləşdirilməsi ilə Şumerlər günlərin uzanıb-qısalmasını və dörd fəsli dəqiq mü- əyyən etmişlər ki, bunun da nəticəsində bürclər və fəsillərin baş-lanıb sona çatdığı günləri azacıq fərqlər olsa da, təqribi müəyyən- ləşdirmişlər. Bu da Həməl bürcünün başlanması, İlk günün-Baha- rın gəlməsi və Təbiətin canlanmasının müəyyənləşdirilməsi de -mək idi. Sonradan - 91 il Babildə hökmranlıq etdikdən sonra və- tənlərinə dönən Quttilər özləri ilə bərabər bir çox şeyləri, o cüm-lədən də Novruz Gününü gətirmiş və sonradan bu gün Bayram şəklində "Avesta"ya daxil olmuşdur. Heç şübhəsiz ki, Şumer və Elamlarla dil, etnik və qonşuluq münasibətində olan Manna-Mad xalqları hələ Qutti-Lullubi dövründən onların elmi nailiyyətlərindən istifadə etmişlər. Bu istifadə sahələrindən biri də Novruz Bayramı gününü müəyyənləşdirmək olmuşdur.
"Dünya mədəniyyətinin köçmələri və ya yerdəyişmələri nəzəriyyəsinə dayansaq, bütün sonrakı mədəniyyətlər özündən əvvəl-kilərin varisləridir". Şumer mədəniyyəti də Türküstan, (Orta Asiya) və Kür-Araz mədəniyyətinin davamıdır. Azərbaycan mədəniyyətlərin bir-biri ilə çulğalaşdığı yerdir. Tarixdən Şumer və ya Sumer kimi tanınan xalq özünə "Kəngər" demiş və yaratdığı dövləti də "Kəngər dövləti" adlandırmışdır. Deməli, tarixə bəlli ilk yazılı mənbə olan Şumer yazılarındakı "Yenidən Doğuş", "Yeni Gün", " Novruz" Bay- ramı, xüsusilə onun dəqiq tarixi günü də Türklərin adı ilə bağlıdır. Belə ki, ilk dəfə olaraq, Türk hökmdarı Səlcuqlu Məlik Şah "Cəlali təqvimi"ni tərtib etdi- rərək dörd ildən bir ilin 366 gün olduğunu və Novruz Bayramı- nın sabit gündə Həməl bürcünün əvvəlində olmasını elmi, qanuni və dəyişməz şəklə salmışdır.
Deməli, bu Bayramın köklərini qədim Qutti-Lullubi, Manna-Mad, Zərdüştilik və qədim türk elləri, qəbilə və soy birləşmələ-rində, qədim türklərin həyatı və adət-ənənələrində axtarmaq la-zımdır.
Baharın iş, həyat, fəaliyyət, şənlik, nemət və səadət gətirməsi üçün Onun başlandığı gün Zərdüştlüyün diqqət mərkəzində olmuş və onun Ahuraməzdaya aid ünsürlərindən sayılmışdır.
Bu ənənə Oğuzlarda, Hunlarda, Altaylarda, Göytürklərdə və bütün Türk xalqlarının mifologiyasında da öz əksini tapmışdır. Belə ki, məşhur "Oğuz xan" dastanı, Rəşidəddinin "Cami-üt-təvarix", ünlü Türk alimi Əbülqazi Bahadır Xanın "Şəcəreyi-Türk" və s. əsərlərində bu Bayram "Oğuz Xan Günü", "Böyük Düyün", "Böyük Şənlik", "Yeni Gün", "Ayzit Bayramı", "Ərgənəkon Bay- ramı", "Yaradılış Günü", "Yenidən Doğuş" kimi qeyd edilmiş, sonradan parslar bunu öz dillərinə tərcümə edərək " Novruz" ad- landırmışlar. Tədqiqatçıların Şumerlərdə, Elamlarda, Qutti və Lullubilərdə, Manna və Madlarda, Zərdüştlükdə, Oğuzlarda, Hunlarda, Altaylarda, Göytürklərdə, Uyğurlarda və onların bu -ğunkü varisləri olan Kərkük, Azərbaycan, Türkiyə, Orta Asiya, Doğu Türküstan, Sibir, Altay, Batı Trakya və Balkan Türklərinin min illərdən bəri yaşadıb bu gün də kutladıqları Bahar Bayramı- nın bayram kimi keçirilməsini məhz Türklərlə bağlamaları onun həqiqətən bir Türk milli Bayramı olduğunu təsdiqləməkdədir.
Bahar Bayramının elə özəllikləri vardır ki, onlar yalnız Türklərə məxsusdur. Bahar Bayramının "Atıl-Batıl","Kosa-kosa", "Yeddilə- vin","Səməni","Cıdır","Od qalama və od üstündən atılma", "Axar su başına getmə və su üstündən atılma", "Evə təzə il suyu gətirmə", "Qulaq falına çıxma" və s. kimi adətləri bu gün də bir çox Türk xalqları, xüsusilə Azərbaycan Türkləri arasında yaşamaqdadır.
Bu Bayramın bugünkü Türk xalqlarında da eyni gündə 20-21 Martda keçirilməsi onun Türk milli Bayramı olduğunu bir daha təsdiq edir. Bu Bayram bütün Türk xalqlarında, həmçinin Türk- lərin qurduğu bütün dövlətlərdə Bayram kimi qeyd edilmişdir.
Bütün bunlardan əlavə, bu Bayramın Türklərlə əlaqədar oldu- ğunu aşağıdakı faktlar da sübut edir:
- Hələ farslar bu bölgəyə gəlməmişdən çox-çox qabaq bu Bayram yazın başlanğıcı kimi Azərbaycan Türklərində qeyd edilmişdir. Birinci Sasani Şahı Ərdəşir Babəkan zamanından başlayaraq, fars şovinistləri Türklərin hər bir müsbət və yararlı şeylərini, o cümlə- dən də Novruzu özününküləşdirməyə çalışmış, lakin buna tam nail ola bilməmişdir. Çünki Türklərin folklorunda klassik və mü-asir yazarların bədii əsərlərində, əfsanə və miflərində, məişətində bu Bayram elə bir dərin iz buraxmışdır ki, nə qədər saxta tarixlər yazılsa da, nə qədər qadağalar qoyulsa da onu Türk ruhundan çıxarmaq mümkün olmamışdır. Çünki bu bayram Türklərin Yeni Gün, Bahar Bayramı olmaqla yanaşı, həm də Yenidən Doğuş - Ergenekon Bayramıdır.
Çox təəssüflər olsun ki, adı çəkilən bu müasir Türk xalqlarının Türkiyə istisna olmaqla hamısının təqribən 200 il müstəmləkə əsarəti altında olmaları ilə əlaqədar olaraq, bu Bayram Sovetlərin Stalin dönəmində rəsmən yasaqlanmış və Türkiyənin də bu Milli Bayramdan uzun müddət səbəbi bəlli olmayan səbbədən imtina etməsi bu Bayrama başqalarının - fars və hətta kürdlərin sahib çıxmasına nədən olmuşdur.
Buna baxmayaraq, xalq bu Bayramı keçirmiş və Sovet höku- məti əlacsız qalaraq 1966-cı ildə onun rəsmi dövlət səviyyəsində olmasa da xalq tərəfindən keçirilməsinə icazə verməyə məcbur olmuşdur.
Türk xalqları Sovet İmperiyasından qurtulub müstəqilliklərini əldə etdikdən sonra bu Bayram artıq Dövlət səviyyəsində keçiri- lir. Son vaxtlar Türkiyə Cümhuriyyəti də tarixi xətasını anlayıb bu Bayramı təntənəli şəkildə qeyd edir. Arzu edərdik ki, digər Türk Cümhuriyyətləri kimi Türkiyə Cumhuriyyəti də Novruz - Ərgənəkon Bayramını rəsmi dövlət bayramları sırasına daxil etsin. Çünki əslində bu bayram "Yeni Gün", yeni ilin başlanğıcı olmaqla bərabər, həm də Türklərin "Yenidən Doğuş - Ergenekon" bayramıdır.
Bu Bayram Türklərin Altaylardan Türküstana, Türküstandan Azərbaycana, Azərbaycandan Anadoluya, Anadoludan Balkanla- ra qədər uzanıb gələn coğrafiyasını əhatə edən, bütün Türk Dün-yasını əhatə edən bu biricik Milli Bayram – Yeni Gün – Bahar Bayramı - Türklərin milli birliyini gücləndirən köklü bir Milli Bayramdır.