AYNA sərnişin taleyini kimə və necə əmanət edib?
160 saylı marşrut faktiki olaraq monopoliyaya çevrilib və bunun bütün ağırlığını gündəlik sərnişinlər çəkir. Şəhər istiqamətinə alternativ marşrut açılmır, rəqabət yoxdur, nəticədə isə xidmət keyfiyyəti də, sərnişinə münasibət də eyni səviyyədə qalır. İnsanlar saatlarla dayanacaqlarda gözləməyə məcbur olur, sıxlıq və narahatlıq isə adi hala çevrilib.
Ən düşündürücü sual isə budur: niyə bu istiqamətdə başqa marşrut xətti açılmır? Axı şəhər nəqliyyatında əsas prinsip rəqabət və əlçatanlıq olmalıdır. Əgər bir xətt uzun müddət təkbaşına fəaliyyət göstərirsə və alternativ yaradılmırsa, bu artıq təkcə nəqliyyat problemi deyil, idarəetmə məsələsidir.
Bu vəziyyətdə istər-istəməz sual yaranır: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu vəziyyəti görmürmü, yoxsa görmək istəmir? Sərnişinlərin rahatlığı və şəhər nəqliyyatının səmərəli təşkili üçün məsul qurumun bu məsələyə aydınlıq gətirməsi artıq zərurətə çevrilib. Bunca illər ərzində şəhər istiqamətinə Binə qəsəbəsindən yalnız bir marşrutun işləməsini yerli sakinlər "160 saylı marşrutun sahibinin alternativ marşrutun açımasına imkan verməməsi"lə əlaqələndirirlər: "Marşrutda xidmət çox aşağı, ara məsafələr də həddindın artıq çoxdur. Bu marşrutda səhər tezdəndən ta saat 12-nin yarısınadək basabasdır, biabırçılıqdır. 160 nömrəli marşrutda gediş haqqının 70 faiz müəyyənləşdirilməsisə lap insafsızlıqdır. Nəqliyyat xətti kiminsə “özəl ərazisi” deyil – bu, minlərlə insanın gündəlik həyatının bir hissəsidir. Alternativ marşrutların açılması isə artıq seçim yox, zərurətdir".
İgid TEYMURLU
Tv713.az


















