İlham Əliyev həbs edilən icra başçılarının dəhşətli əməli haqda
Bu gün prezident İlham Əliyev bir qrup yerli jurnalistə müsahibə verib. Prezident müsahibədə bir sıra mövzular, o cümlədən ölkədə aparılan kadr islahatları barədə ətraflı danışıb.
tv713.az bildirir ki, prezident bu günlərdə həbs edilən icra hakimiyyəti başçıları ilə bağlı da danışıb. Bildirib ki, bu, genişmiqyaslı islahatların tərkib hissəsidir.
İlham Əliyev bu mövzuya toxunmazdan əvvəl son zamanlar yeni təyin olunan məmurlarla görüşlərinin ictimailəşdirilməsinin məqsədindən danışıb. Deyib ki, buna ehtiyac var. “Onu da deməliyəm ki, mənim iş qrafikim çox gərgindir, demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günləri də, işə çıxmayanda daim əlaqədəyəm və demək olar ki, mən Azərbaycanda istirahət günü olmayan yeganə adamam”,-dövlət başçısı deyib.
Prezident bildirib ki, belə görüşlərin ictmaləşdirilməsi bir növ hesabat xarakterlidir, digər tərəfdən bu görüşlərdə kadrlar qarşısında qoyulan vəzifələrin ictimaiyyətə çatdırılmasıdır. İlham Əliyevin sözlərinə görə, həmin görüşlərdə hansısa icra başçısına dediyi sözlər, verdiyi tövsiyələr eyni zamanda yerli ictimaiyyət tərəfindən də qəbul edilir. “Və onlar artıq həmin adamdan bu meyarlara əməl etməsini tələb edirlər, tələb etməlidirlər. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu sadəcə söz xatirinə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur.Ya yoxdur, ya da ibtidai formadadır. Əgər ictimai nəzarət olmasa biz haradan məlumat əldə edəcəyik? Mən bildirmişəm, yenə də xatırladıram. Bəzi hallarda mən məsələləri mətbuatdan eşidirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir, ona görə ki, həmin adamlara məsələləri məruzə etmək sərf eləmir”,-prezident deyib.
İlham Əliyev əlavə edib ki, hər bir ölkədə dövlət məmurları ancaq yaxşı raport verməyə öyrəşiblər.
“Onlardan soruşsan deyəcəklər ki, hər şey əladır, mükəmməldir, heç bir problem yoxdur.Mən bir rayonlara gedəndə icra başçıları ilə söhbət edəndə deyirəm, hansı problemlər var? “Heç bir problem yoxdur”. Ola bilməz axı belə şey. Ya özü bilmir, ya bunları ört basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədləri var”,-dövlət başçısı bildirib.
İlham Əliyev məmurların yerlərdə özlərini necə aparmalı olduğu haqda danışıb, bildirib ki, onlar xalqa yuxarıdan aşağı baxmalı, qanunsuzluqlara yer verməli deyil.
“Bəzi hallarda sahibkar hansısa iş görmək istəyir, məmur ona kömək etmək əvəzinə rüşvət tələb edir. Mən belələrinə xəbərdarlıq etmişdim, təkcə inzibati cəzalarla kifayətlənməyəcəyimizi demişdim”,-prezident bildirib.
İlham Əliyev həbs edilən icra başçılarının dövlət hesabına ictimai işlərə cəlb edilən işsizlərin maaş kartlarını ələ keçirib pulları mənimsəməsini xüsusilə dəhşətli hadisə adlandırıb.
“Buna nə ad vermək olar? Bu vicdansızlıqdır. Yaxşı, xalqdan qorxmursansa Allahdan qorx. Belə şey etmək olarmı? Bu, məmurun mənəvi deqradasiyasıdır, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar ölkəmizə ləkədir, xalqımıza, iqtidara ləkədir. Ona görə də belə hallara qarşı daha ciddi mübarizə aparılacaq, hamı bunu bilsin. Hamı bundan ibrət götürsün”,-İlham Əliyev deyib.