Qobu Park-1-də bina 30 sm önə əyildi
Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış Qobu Park-1 yaşayış kompleksində yaşayan vətəndaşlar narazıdır.
Tv 713. .az Oxu.az-a istinadla xəbər verir ki, onlar kompleksdə yerləşən səkkiz nömrəli binanın hətta uçmaq təhlükəsi olduğunu iddia ediblər.
Habelə, iddia olunub ki, bina təxminən 20-30 santimetr önə doğru əyilib.
Bildirilib ki, zirzəmidə yeni qapıların açılması bünövrəyə mənfi təsir göstərib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ barədə araşdırma aparılır:
“Dövlət komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib. Binanın texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılır.
Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır.
Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun əlavə məlumat veriləcək”.