20 Yanvar faciəsindən 30 il ötür
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunacaq.
Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir.
Sərəncama uyğun olaraq, Prezident Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlayaraq, onun həyata keçirilməsini təmin edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.