Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibət bildirib.
APA-nın xəbərinə görə, L. Abdullayeva bildirib ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olunub.
“Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir. O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.