Mingəçevirdə qəzalı vəziyyətdəki yataqxana sakinləri yeni mənzillərə köçürüləcəkmi? - AÇIQLAMA
Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən, 33 ailənin yaşadığı qəzalı vəziyyətdə olan yataqxana barədə məlumat vermişdik.
Yataqxana sakinləri antisanitariyanın hökm sürdüyü bu məkandan nə zaman köçürüləcəkləri ilə bağlı suallarına cavab axtarırlar.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Oxu.Az-ın mövzu ilə əlaqədar suallarını Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev cavablandırıb.
O bildirib ki, yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir.
Yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür. Mingəçevir şəhərində qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı var.
Komitənin yerli nümayəndəliyi daim onlarla maraqlanır. Dövlət Proqramına uyğun olaraq, Mingəçevir şəhərində yeni qəsəbə istifadəyə veriləndə onların yeni mənzillərə köçürülməsi məsələsinə baxıla bilər”.