Hər yer mənim üçün QUBADLIdır, doğulduğun ARMUDLU kəndidir
ETİBAR HƏSƏNQULİYEV
Bir BAŞLANĞICın SONu və bir SONun BAŞLANĞICı
Mənim qəhrəman qardaşım, Səninlə münasibətimizin Başlanğıcı va Sonu!!!
“Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu” xəbərini eşitmək bir Başlanğıcın Sonu və bir Sonun Başlanğıcı oldu!
Cismən bizimlə olmasan da, ancaq Ruhən Sən hər zaman bizimlə olacaqsan!...
Yoldaşlığı səmimiyyətinlə, qardaşlığı təmannasızlığınla, dostluğu etibarınla, hərbçi olmağını peşəkarlığınla, zabitliyini xidmətinlə, Qəhrəmanlığını torpaqlarımızın azadlığı uğrunda fəda etdiyin Canınla, Qanınla, Sərkərdəliyini isə Döyüşünlə, Məharətinlə, Dəyanətinlə sübut etdin!!!
...Yaxşı xatirimdədir, Lələtəpə istiqamətində olan döyüşün təfərrüatlarını Sən mətbu sferaya qısa xronika şəklində belə təqdim edirdin:
“..Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Biz burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşqınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələ təpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu səddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər.1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”...
O zaman 2016-cı il “Aprel döyüşlərində” Lələtəpə yüksəkliyinin azad edilməsində göstərdiyin şücaətə görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanımız 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Sənə - Şükür Nəriman oğlu Həmidova “Azərbaycanın Milli Qəhrəmanı” adını verdi. Bundan az müddət keçməmiş 10 may 2016-cı il tarixdə də müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Səninlə görüşmüş və Sənə xüsusi əmrlə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim etmişdi. "Aprel yüksəkliyi” filminin kadrlarında da Sənin ömür yoluna qısaca nəzər salınmış, döyüşlərdə göstərdiyin qəhrəmanlıqlardan bəhs edilmişdi...
Şəhid Qardaşım mətbuata verdiyi müsahibələrdən birində vurğulayır ki, “məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu”...
Bəli, bu gün O GÜNdür – Sənin və Sənin Əsgərlərinin arzuladığı Gün: düşməndən qisasımızın alınacağı, torpaqlarımızı yağı tapdağından qurtaracağımız gündür bu gün. Və Sən, Sənin kimi Oğullar da həm bugünümüzün, həm də sabahımızın Qəhrəmanlarısınız.
Bütün dostlarım, Vətən yolunda Şəhid olmuş bütün qardaşlarım kimi Sənin də məzarının başında ölümünə inandım, yoxluğunasa inanmadım və inanmıram!
Çünki Sən və Sənin kimi yurd Fədailəri hər zaman diridirlər!
Bundan sonra Səninlə xidmət etdiyim, Səninlə gəzdiyim, Səninlə çörək kəsdiyim və bu gün əbədi olaraq yatdığın məzar da mənim üçün QUBADLIDI, doğulduğun ARMUDLU kəndidir!!!