ASTARA: Mədəniyyət Mərkəzi, yoxsa mədəniyyətsiz mərkəz? - VİDEO
“Təhsil Araşdırmalar Mərkəzi” KONKRET.az-ın redaksiyasına məktub göndərib. Məktubun mətnini oxuculara təqdim edirik:
Hörmətli redaksiya!
“Təhsil Araşdırmalar Mərkəzi” olaraq mediyaya təqdim etdiyimiz növbəti məqalə Astaranın gənc alimlərinin, Astara rayonunda qarşılaşdığı konkret problem və məmur özbaşınalığı barədədir. Məmur harınlığının yüksək səviyyədə olduğu bu ucqar rayon və onun problemlərinə, düşünürük ki, hörmətli mediyamız, daha çox yer və diqqət ayırmalıdır.
Bu məqalə, bir qrup astaralı gənc alimin yaratdığı “Gənc Alimlər” təşkilatının elm və mədəniyyətlə bağlı layihələrinin, Astara Mədəniyyət Mərkəzi tərəfindən laqeydliklə, hətta təhqirəmiz münasibətlə qarşılaşması barədədir.
Xahiş olunur ki, alim həmkarlarımızın qarşılaşdığı bu ciddi problem barədə olan məqaləmizə yer verəsiniz. Öncədən təşəkkürlər.
Arayış: “Gənc Alimlər” təşkilatı, bir qrup astaralı gənc ziyalı və alim tərəfindən 2017-ci ilin sentyabrın 1-də yaranıbdır. (Sentyabrın 1-i tarixi, təsadüfi seçilməyibdir). Qısa müddət ərzində təşkilati işləri həll edən və proqram və strategiyalar müəyyənləşdirən qurum, təbii olaraq, ən çox məhz Astara təhsili və elminin inkişafı, həmçinin gənclərin və istedadların dəstəklənməsi üçün layihələr hədəfləyibdir. Bu çərçivədə görülməsi planlanan ilk işlərdən biri, Astara Mədəniyyət idarəsi ilə əməkdaşlıq olubdur. Bu məqsədlə, təşkilatımız, gənc alimlərdən birini, 2017-ci ilin noyabrında Astara Mədəniyyət idarəsinə ezam edibdir. Alim həmkarımız, təşkilatımız adından əməkdaşlıq təklifini Mədəniyyət İdarəsinin məsulu cənab Rəşad Həsənova çatdırıbdır və konkret bir layihə barədə məlumat veribdir.
Lakin… Nə baş versə yaxşıdır? Gözlənilmədən…Rəşad Həsənov…çox aqressiv reaksiya verib və gənc alimi, xanım əməkdaşların qarşısında, vulqar ifadələrlə təhqir edib…
Dediyi sözləri və təhqirləri, əlbəttə, biz burada yaza bilməyəcəyik, lakin bu zati-möhtərəmin ağzından çıxan ən yüngül söz, “çıx, get buradan!” olub…
Bəli, olduqca gülməli və əcaib bir vəziyyətdir, amma bu hadisə, həqiqətən, baş veribdir, ən azından şahidlər də var.
Rəşad Həsənovun kobud və əxlaqsız hərəkəti, hətta onun öz işçisinin narahatlığına səbəb olubdur və həmin xanım işçi, sonradan hətta əməkdaşımıza feysbukda yazaraq, Rəşad bəyin kobudluğundan narazılıq edibdir (deyəsən Rəşad Həsənovun digər adı “Hacı”dır, çünki işçisi, onun adını bu cür deyib)…
Əməkdaşımız, çox soyuqqanlı və səbrli olduğu üçün, əlbəttə, təhqirlərə dözüb və susub…
Mövlanənin gözəl bir sözü var: “Sözə baxaram-sözmü deyə; adama baxaram-adammı deyə…”
Mədəniyyət Mərkəzinin MƏDƏNİYYƏTSİZ işçisi….
Əslində, bu “yekəpər”in, bu hərəkətinə, uzun şərh də vermək olardı. Lakin, sadəcə onu deyək ki, insanda əgər həya, etika yoxdursa və kimisə asanlıqla təhqir edib söyə bilirsə, deməli, o adamda nə şəxsiyyət var, nə ləyaqət…
Nəysə… Kişiliyi, bığ saxlamaqdan ibarət bilən belələrinə, vaxt ayırmağa dəyməz.
Sadəcə olaraq, bu faktı, ona görə 2 ildən sonra açıqladıq ki, rayon məmurlarının, gənc alimlərə və elmə münasibəti, hər kəsə aydın olsun…. Çünki, bu zat- mədəniyyətsiz, harın və şəxsiyyətsiz Astara məmurlarının tipik obrazıdır… Rayonumuzun məmurlarının 90 faizi, elə bunun kimidirlər. Sadəcə, bəlkə, bəzilərində artistlik var, üzə gülür deyə biz də aldanırıq… Yenə yaxşı ki, bu, artistlik etmir, iç üzünü gizlətmir. Nəyi varsa, onu da göstərir.
Bu qədər… Elmə dəstək verməli olan iki qurumdan biri, bax, bu vəziyyətdədir. Mədəniyyət Mərkəzi, adını dəyişib, “Mədəniyyətsiz Mərkəz” qoysa, fikrimizcə, daha səmimi olar və camaat da işini bilər. Belə…
Halbuki biz “Gənc Alimlər” təşkilatı olaraq, necə böyük zəhmət və şövqlə, proyektlər hazırlamışdıq. Və Astara Mədəniyyət Mərkəzinin bizə dəstək olacağını gözləyirdik…
Demək ki, zəhmətə yox, hazır yeməyə öyrəşiblər… Biz əziyyət çəkməyə, onlar isə şillaq atmağa…
Şair Qabil bu yerdə, gözəl deyibdir:
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb…
Heyf… korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Halbuki, bu layihələr həyata keçsəydi nələr baş verəcəkdi; elmə, mədəniyyətə və istedadlara ciddi dəstək verilmiş olunacaqdı…
Astaranın Gənc Alimləri olaraq, bildirmək istəyirik: Astara məmurları unutmasınlar ki, bundan sonra onları, artıq, səsyazıları və videolarla yad edəcəyik… Artıq, onların günahlarını, bütün rayon camaatı, hətta bütün Azərbaycan izləyəcək…
Sakinlərə, vətəndaşlara isə müraciət edib bildirir ki, lütfən, sizə qarşı haqsızlıq, özbaşınalıq edən məmurların əməllərini, səslərini yazın, videoya çəkin və bizə göndərin. (Birbaşdan bildirək ki, anonimliyinizə təminat veririk). Əmin olun ki, məmurları ifşa etmək, bügünki internet və informasiya dövründə, çox effektlidir və bu təsiri, biz, getdikcə daha çox görməkdəyik.