Özbəkistan portalında Aşıq Ələsgər haqqında məqalə yerləşdirilib
Özbəkistanın nargis.uz portalında öz səhifəsində rus dilində “Aşıq Ələsgər: aşıq poeziyasının patriarxı” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yazıda Aşıq Ələsgərin İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəldiyi bildirilir, Azərbaycan aşıq sənətinin və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olduğu vurğulanır. Bildirilir ki, Aşıq Ələsgər Ağ Aşıq Allahverdi və Aşıq Alıdan sonra Göyçə aşıq məktəbini daha da zənginləşdirən sənətkar olub.
Yazıda Aşıq Ələsgərin yetişdirdiyi aşıqlar haqqında da danışılır. Deyilir ki, sonradan məşhur aşıq kimi yetişən Aşıq Nəcəf, Əsəd, Yusif, Mikayıl, Qiyas, Nağı, Qurban, Qasım, Ağayar, İsa, Mustafa, Talıb və başqaları Aşıq Ələsgərin şagirdləri olublar.
Materialda Aşıq Ələsgərin gənclik illəri və saz çalmağa başlaması, ailə qurması və övladları haqqında söhbət açılır. Vurğulanır ki, Aşıq Ələsgərin oğlanları Bəşir, Əbdüləzim və Talıbın da saz çalmağı və şairliyi olub, ancaq Talıb atasının yolu ilə gedib, professional aşıq kimi yetişib.
Qeyd edilir ki, Aşıq Ələsgər böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Şərqin digər şairlərinin əsərləri ilə yaxından tanış olub. O, həm də bəstəkar aşıq kimi tanınıb. Onun “Göyçəgülü”, “Zarıncı”, “Orta Şərili”, “Şərili Dübeyti” havaları məşhurdur.
Vurğulanır ki, Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində abidəsi olub, ancaq azərbaycanlılar öz ata-baba yurdlarından qovulduqdan sonra abidə vəhşicəsinə dağıdılıb.